Şəhid Ruslan Tağıyev anılıb - FOTOLAR
Azərbaycan xalqı iki il bundan öncə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində apardığı və tarixi Zəfərlə başa vurduğu Vətən müharibəsi nəticəsində öz torpaqlarını işğaldan azad etdi. Bu şanlı Qələbə ölkəmizə minlərlə Vətən övladının qanı, canı bahasına başa gəldi. Öz çıxışlarının birində möhtərəm Prezidentimizin vurğuladığı kimi, Azərbaycan heç zaman öz şəhidlərinin əziz xatirəsini unutmayacaq. Çünki biz bu gün məhz qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində azad edilmiş torpaqlarda qurub yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və şanlı Zəfərimizlə fəxr edirik. Məhz bu mənəvi dəyərlər əsasında ölkəmizin istisnasız olaraq bütün rayon və şəhərlərində, kənd və qəsəbələrində torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin anım günlərinin keçirilməsi artıq bir ənənə halını alıb. "AzerTaym.az" bildirir ki,bu gün İsmayıllı rayonundan olan şəhidimiz Ruslan Tağıyevin şəhidlik zirvəsinə ucalmasının ildönümü münasibətilə İkinci Fəxri Xiyabanda anım günü keçirildi. Anım günündə İsmayıllı rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov, Binəqədi rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyev, millət vəkilləri Novruzəli Aslanov, Azay Quliyev və Tahir Kərimli, şəhidimizin ailə üzvləri, yaxın və doğmaları, hərbi qulluqçular iştirak edirdilər. Tədbir iştirakçıları Ruslan Tağıyevin məzarı üstünə əklillər və gül dəstələri qoydular, yaxınları şəhidin keçdiyi həyat yoluna dair xatirələrini paylaşdılar. Sonda şəhidimizin ruhuna Qurani-Şərifdən surələr oxundu, dualar edildi. Allah bütün şəhidlərimizə rəhmət eləsin!!!