Səttar Möhbalıyev şəhid ailələri ilə görüşdü - FOTOLAR
Noyabrın 4-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev AHİK tərəfindən övladları himayəyə götürülmuş şəhidlərimizin ailə üzvlərinin bir qismi ilə görüşüb. "AzerTaym.az" bildirir ki, tədbir Vətən uğurunda canından keçən oğul və qızlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. S.Möhbalıyev çıxışında Azərbaycan xalqının parlaq qələbəsi ilə başa çatan Vətən müharibəsindən, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin mahir sərkərdəlik keyfiyyətlərindən və diplomatik bacarığından, düşmənin işğalçı ordusunu məhv edən əsgər və zabitlərimizin qəhrəmanlıqlarından, onların şanlı döyüş yolundan söz açıb. Bildirib ki, dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edirdi: “Məhz onun müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı”. S.Möhbalıyev qeyd edib ki, müharibə dövründə xalqımız öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirdi: “On minlərlə gəncin Orduya könüllü yazılması Azərbaycanda xalq-ordu birliyinin və Orduya olan inamın təzahürü idi”. AHİK sədri şəhid ailələrinə xitabən deyib ki, məhz Sizin böyüdüb vətənpərvərlik ruhunda tərbiyə etdiyiniz övladlar düşmən qarşısında mətin dayandılar, yüksək döyüş ruhu ilə işğalçı ordunu məhv etdilər: “Döyüş əməliyyatları zamanı bir dəfə də olsun geri addım atmadılar, yalnız irəli getdilər. Onların döyüş taktikası və qəhrəmanlığı bu gün dünyanın aparıcı hərb məktəblərində böyük maraqla öyrənilir. İllər keçsə də, Azərbaycan xalqı şəhidlərini heç vaxt unutmayacaq, əziz xatirəsini daim ehtiramla yad edəcək”. Konfederasiya sədri vurğulayıb ki, dövlətimiz hər zaman şəhid ailələrinin yanıda olub, onlara ölkəmizdə yüksək diqqət və qayğı göstərilir: “Bu sahədə dövlət orqanları ilə yanaşı, ictimai təşkilatlar da fəallığı ilə seçilir. Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlərin misili yoxdur. Hər zaman Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fond şəhid ailələrinə hərtərəfli dəstək olur”. S.Möhbalıyev əlavə edib ki, şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları həmkarlar ittifaqlarının da diqqətindədir: “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkilir, görüşlər təşkil olunur, qayğıları ilə maraqlanılır, hər cür maddi-mənəvi dəstək göstərilir. Həmkarlar ittifaqları şəhid və qazi ailələrinə 4 milyon manatdan artıq birdəfəlik yardımlar göstərib. Həmçinin 201 şəhidin 346 övladı himayəyə götürülüb, hər ay onların hesabına müəyyən məbləğdə pul köçürülür və bu, onların 18 yaşına çatana qədər davam etdiriləcək”. Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri ölkəmizdə onlara olan ali münasibətdən, göstərilən qayğıdan danışıblar. Və buna görə dövlətimizin başçısı cənab İlham Əliyev başda olmaqla əməyi olan hər kəsə təşəkkür ediblər. Qeyd edək ki, AHİK tərəfindən tədbirdə iştirak edən şəhid ailələrinə müəyyən edilmiş məbləğdə maddi dəstək göstərilib.