Keçmiş deputat sayt açdı ...

Keçmiş deputat sayt açdı

Sabiq deputat, jurnalist Etibar Hüseynov Protest.az adlı sayt açıb.

Bakupost.az xəbər verir ki, bu barədə o, özü məlumat paylaşıb.

“Protest.az domenini aylar əvvəl almışdım. Amma hər dəfə qollarımı çirmələyib “Bismillah” deyib işə başlamaq istəyəndə, qarşıya çıxan gözlənilməz problemlər nəticəsində təxirə salmalı olurdum. Qismət Zəfər gününə imiş - mənim aləmimdə çağdaş Azərbaycan tarixinin ən möhtəşəm gününə. Bu günün kölgəsinə sığındığımıza görə başda Ali Baş Komandanımız olmaqla bütün Şəhid və Qazilərimizə minnətdarıq. Çalışacağıq ki, bu günün adına layiq olaq”.

E.Hüseynov vurğulayıb ki, indi hər sayt açan jurnalist “tam müstəqil”, “obyektiv” olacağını vəd edir, o isə belə vədlər verməyəcək:

“Mən o cür ütülü, çeynənmiş, yarımfabrikat sözlərdən uzaq duracam. Zatən bu sahədə onsuz da hamınız necə deyərlər, “dabbaqda gönümə bələdsiz”. Ona görə də hər şeyi təvazökarlıqdan kənar, səmimi söyləyəcəm: Bu sayt əsasən mənim saytımdır. Mənim sözümün, mənim yolumun, mənim əqidəmin aynasıdır. Burada heç bir "velosiped" kəşfinə rast gəlməyəcəksiniz. Digər tərəfdənsə, bu həm də hamının saytıdır. Burada sosial-siyasi statusundan, irqi və cinsi mənsubiyyətindən asılı olmayaraq hamı öz sözünü deyə bilər. Yetər ki, dediyinin arxasında dursun. Bu ən başlıca şərtdir”.

Eks-deputatın sözlərinə görə, Protest.az Azərbaycanın ictimai-siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbər və araşdırmaları da oxuculara çatdıracaq.

“Bununla yanaşı müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılacaq. Protest.az siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etməyəcək".

Qeyd edək ki, Etibar Hüseynov 1992-ci ildə jurnalist fəaliyyətinə "7 gün" qəzetində başlayıb. 1994-cü ildə AzTV-nin "Gənclik" redaksiyasının dəvəti ilə "Üç nöqtə" tok-şousuna aparıcı kimi dəvət olunub. 2002-ci ildə "Lider TV"-də işləyib. Burada müəllifi və aparıcısı olduğu "Sitatın sonu" verilişilə daha çox tanınıb. "Sitatın sonu" 2010–2015-ci illərdə ATV, 2019-cu ildən isə ARB kanalında yayımlanıb.

 

E.Hüseynov 2010-cu ildə Bakının Yasamal rayonundan deputat seçilib. 2015-ci ildə deputat səlahiyyətləri başa çatandan sonra yenidən jurnalisitlik fəaliyyətini davam etdirib.






Fikirlər