Keçmiş deputatdan ATV-yə ağır ittiham: "MƏNƏ QARŞI ƏCLAFLIQ EDİLDİ"

Keçmiş deputatdan ATV-yə ağır ittiham: "Mənə qarşı əclaflıq edildi"

Sabiq millət vəkili, “Sitatın sonu” verilişinin aparıcısı Etibar Hüseynov ATV telekanalını tənqid atəşinə tutması ilə bağlı suallara aydınlıq gətirib.

Modern.az saytı xəbər verir ki, sabiq deputat ATV-nin “Yoxlama” verilişini tənqid etməsinin “Sitatın sonu”nun bağlanması ilə əlaqəli olduğunu etiraf edib:

“Neçə gündür ki, elektron poçtuma yazan bir çox dostlar ATV-nin "Yoxlama" verilişiylə şamaxılı sahibkar arasında baş verən insidentlə bağlı yazdığım statusları nəzərdə tutaraq, sual edirlər ki, "ATV-yə qarşı yazdıqların "Sitatın sonu"nun bağlanmasıylamı əlaqədardı?”. Düzü birmənalı cavab vermək çətindir. Çünki hamıya məlumdur ki, mən ölkədə və dünyada baş verən bütün önəmli hadisələrə onsuz da Facbook səhifəmdə münasibət bildirirəm. Amma səmimi olacam.

Bəli, verilişimin bağlanmasının bu məsələdə tutduğum mövqeyə aidiyyəti var, özü də birbaşa. Çünki, ATV-də mənə qarşı sözün əsl mənasında əclaflıq edilib. Həyatımın bəlkə də ən böyük pisliyini onlardan görmüşəm. Bunun da nəticəsində 7 aydır ki, işsizəm. Son illərin ən sıxıntılı, əsəb və depressiya dolu günlərini yaşayıram. Və bunun da əvəzini çıxmağa çalışacam. Nəyin bahasına olursa, olsun”.

E.Hüseynov bu məsələni ictımailəşdirməyi sentyabr ayı üçün nəzərdə tutsa da, tezləşdirdiyni deyib:

“2013-cü ilin Prezident seçkilərindən bir qədər sonra (dekabr ayının sonlarında) rəhbərliyin icazəsiylə "Sitatın sonu"nu saxlayıb məzuniyyətə çıxdım. Yanvarın sonuna yaxın verilişi bərpa etmək istəyəndə rejissor proqramın rəhbərlik tərəfindən dayandırıldığını söylədi. Səbəbini soruşmaq üçün aşağıdan yuxarıya kimə telefon açdımsa, heç kəs dəstəyi qaldırmadı, hamı gizləndi. Bu proses təxminən bir həftə davam elədi. Sonunda məsələ ictimailəşdi. Və saytlarda bu barədə informasiya gedər-getməz həmən o "yağlı əppəyə çevrilib, göyə çəkilən" rəhbərlik nümayəndələri o dəqiqə zəng edib riyakarcasına üzrxahlıq etdilər, əməllərinə minbir don geyindirdilər və. s. Nə isə...

“Başina gələn- başmaqçı olar" deyiblər. Ona görə də 2015-ci ilin dekabrında (“Sitatın sonu”nun yubiley- 1000-ci sayını hazırlayıb) növbəti dəfə məzuniyyətə çıxanda ATV rəhbərliyindən dönə-dönə "yanvarda verilişin bərpasında yenə də problem yaşanmayacaq ki..." deyə soruşdum. Mənə "heç bir problem yoxdu" deyib and-aman etdilər. Amma... Amma yenə də “2013 ssenarisi” təkrarlandı. Və üstəgəl artıq millət vəkili də deyildim deyə, bu dəfə qorxacaqları, çəkinəcəkləri bir səbəb də yoxuydu.

Bu, artıq 7 aydır ki, davam edir. Yəqin ki, hamını "bəs səbəb nədir" sualı maraqlandırır. Səbəb bir və çox sadədir: "Sitatın sonu"na ayırdıqları həftəlik 5-6 dəqiqəlik “Prime time”da da reklam yerləşdirib para qazanmaq. Heç bir qazanc gətirməyən bir ictimai-siyasi proqram onların nəyinə lazımdır ki?

Və təbii ki, hər iki cəbhədə yaxşı olmaq, bir əldə iki qarpız tutmaq, bir gülləylə iki dovşan vurmaq, nə şiş yansın, nə kabab və s. tipli dərininə getmək istəmədiyim bir sıra məqamlar...

Dəfələrlə kəskin ictimai qınaq, o cümlədən MRTŞ-nin qərariyla bağlı ATV-nin bir çox verilişləri dayandırılıb. Amma heç bir ay keçməmiş həmin aparıcının təqdimatında başqa adla efirə qayıdıb. Səbəb bəlli...

Dünən sosial şəbəkələrdə ( təbii ki, rəhbərliyin tapşırığı ilə) bəzi ATV-çilər yazır ki, guya "Sitatın sonu" reytinq yığa bilmirdi, ona görə bağlanıb. Həmişə olduğu kimi faktlarla danışacam. "Sitatın sonu" efirdə olduğu 13 il (1000 buraxılış) ərzində TV məkanda ən baxımlı proqramlardan biri olub. Bircə dəfə də olsun nə məhkəməyə verilib, nə də MRTŞ-na şikayət olunub.

Son ildəki nəticələri diqqətinizə çatdırıram. Heç bir sponsoru, reklamı olmadan, həftəlik, 3-5 dəqiqəlik efirlə, artıq 2015-in aprel ayında proqram daha 4 pillə yüksələrək, ATV kimi reytinqli kanalda 6-cı yerdə qərar tutmuşdu. Arxada kimləri qoymadıq ki... Və bu irəliləyiş də aybaay təzələnirdi. Amma nə faydası?.. ATV-yə sponsor və para gətirən proqram lazım idi, reytinqli yox”.

Sabiq deputat bununla belə nikbin olduğunu bildirib:

“Amma nikbinəm. Sentyabrda məhkəmə yoluyla da olsa proqramın bərpasına nail olmağa çalışacam. Çünki "Sitatın sonu" mənim üçün doğmadır, əzizdir. Bu veriliş həyatımın bir parçasıdır. Onu canım və qanım bahasına ərsəyə gətirib, populyarlaşdırmışam. Və hansısa şoubazların nəfsinə qurban vermək fikrində deyiləm. Sonunda (variant olmasa ) özüm çəkib, özüm də yayımlayacam. (Youtube və sosial şəbəkələr vasitəsiylə olsa belə) sitatın sonu...”.






Fikirlər