Miroqtay Mirbabayevin kitabının təqdimetmə mərasimi keçirilib - FOTO
Noyabr ayının 25-də Azərbaycan Milli Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin üzvü Miroqtay Mirbabayevin yeni nəşr edilən “Алиевская сталь: пришел, освободил, победил!” (Əliyev poladı: gəldi, azad etdi, qələbə çaldı!) adlı kitabının Milli Kitabxananın fonduna təqdimetmə mərasimi keçirilib. "AzerTaym.az" bildirir ki, Milli Kitabxananın direktoru professor Kərim Tahirov kitab haqqında qısa arayış verərək, əsərdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və möhtəşəm tarixi Qələbəyə gedən yolun işıqlandırıldığını, rus dilində olan əsərdəmüharibə haqqında məlumatların xronoloji ardıcıllıqla təqdim edildiyini qeyd edib. Müəllif çıxış edərək İrəvanda daim ermənilərin türklərlə konfliktlər törətdiyini, problem yaratmağa çalışdıqlarını söyləyib, şəxsi müşahidələri əsasında real hadisələri qeydə aldığını bildirib, burada üç tarixi dövrün - Qələbə, Zəfərin I ildönümü və Prezident İlham Əliyevin 60 illik yubileyinin əhatə olunduğunu vurğulayıb. Prof. Kərim Tahirov oxucuların istifadəsinə verilən bu kitabın dünya milli kitabxanalarına göndəriləcəyini, dünya oxucusuna tarixi qələbənin qazanılması haqqında məlumatların verilməsi və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayacağını qeyd edib. Sonda müəllif kitabxananın rəhbərliyinə təşəkkürünü bildirib, nəşrlərini Milli Kitabxanaya hədiyyə edib.