ZƏFƏR GÜNÜMÜZÜN GENERALI 100 YAŞA!
Böyük siyasətçi, əvəzedilməz dövlət xadimi Heydər Əliyevin bütün həyat yolu xalqa, dövlətə xidmət mücəssiməsi, hər bir şəxsə örnəkdir. Xüsusilə Ümummilli lider təhlükəsizlik xidməti əməkdaşları üçün hər gün öyrənilməsi vacib olan bir məktəbdir. Onun zamanında formalaşdırdığı dövlət idarəçilik aparatı və təhlükəsizlik sistemi bu gün də cənab Prezidentin rəhbərliyi altında uğurla fəaliyyət göstərir. "AzerTaym.az"
Müxtəlif siyasi-iqtisadi maraqların toqquşduğu gərgin bir regionda yerləşən ölkəmizin milli maraqlarının qorunmasında, təhlükəsizliyinin təmin olunmasında Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının misilsiz əməyi danılmazdır. Xüsusilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbəmizdən sonra ölkəmizə qarşı yönələn təxribatların qarşısının alınmasında DTX əməkdaşları şanlı tarix səlnaməsi yazırlar. Məhz onların peşəkarlığı, milli maraqlara sədaqəti dövlət təhlükəsizliyimizin təmin olunmasında böyük rol oynayır. Təbii ki, burada xüsusi bir nüansı qeyd etməmək mümkün deyildir.
Dövlət təhlükəsizliyinin təmin olunması təbiidir ki, hər bir ölkənin ən mühüm strateji hədəfidir. Bu sahəyə rəhbərlik etmək isə dövlət başçısının ən etibar etdiyi,inandığı şəxslərə həvalə olunur. Təhlükəsizlik xidməti dövlətin görən gözü, eşidən qulağıdır. Odur ki, əqidəcə kor, məsləkcə kar olanlar bu məqama yüksələ bilməzlər.
Cənab General Əli Nağıyev !
Keçdiyiniz xidmət yolunda dövlətə, xalqa sədaqəti ən ali məram olaraq qəbul etmisiniz. Heydər Əliyev siyasi məktəbinə sədaqət sizin ən yüksək mənəvi göstəricilərinizdən biridir. Sizi bu yoldan sapdırmaq üçün qurulan tələlər, atılan böhtanlar heç zaman baş tutmadı. Çünki tutduğunuz yolun müqəddəsliyinə, daşıdığınız məsuliyyətin aliliyinə inam sizi bir an belə tərk etmədi, general şərəfini heç nəyə satmadınız. Məhz bu xüsusiyyətiniz-dövlətə olan sədaqətiniz cənab Prezident tərəfindən hər zaman təqdir olunub. Sizə olan inam bir an belə azalmayıb, xidmətləriniz unudulmayıb. Bütün bunlar sizə yüksək etimadın göstərilməsinə-dövlətimizin təhlükəsizliyinin etibar edilməsinə səbəb olub.
Sizin rəhbərliyiniz altında DTX ölkəmizdə neçə-neçə düşmən əməlinin qarşısının alınmasına nail olub, fitnə-fəsadın kökünü kəsib. Görülən tədbirlər nəticəsində təhlükəsizlik orqanları öz əvvəlki şöhrətini bərpa edib. İnamla söyləmək olar ki, siz təhlükəsizlik xidmətində Heydər Əliyev məktəbinin ən layiqli davamçılarından birisiniz!
Cənab General !
"AzerTaym.az" saytı olaraq hər zaman dövlətçiliyə, xalqa xidmət etməyi özümüzə təkcə şərəf yox,həm də vəzifə borcu bilmişik. Çalışmışıq ki, baş verənlərə həqiqətin gözüylə baxaq, milli maraqlarımıza uzanan namərd güclərə qarşı dövlətimizlə bir yerdə olaq. Bu baxımdan sizin və rəhbərlik etdiyiniz Xidmətin təqdirəlayiq fəaliyyəti tərəfimizdən ardıcıl olaraq işıqlandırılıb. Saytımızda DTX-nın keçirdiyi əməliyyatlar, dövlət təhlükəsizliyimizin qorunması istiqamətində atdığı qəti addımlar barədə dəfələrlə geniş məlumatlar verilib. Media nümayəndəsi olaraq milli maraqlarımız baxımından sizin şərəfli fəaliyyətinizi işıqlandırmağı özümüzə borc bilmişik. Hətta siz cənab Prezident tərəfindən DTX-nə rəis təyin olunmazdan əvvəl belə sizə qarşı aparılan qara piar kompaniyalarında həqiqəti əks etdirən mövqe ortalığa qoymuşuq. Təbii ki, tutduğumuz mövqeyə görə təzyiqlərə məruz qaldıq. Lakin cənab Prezident İlham Əliyevin verdiyi fərman bizim həqiqəti və ədaləti tərənnüm etməyimizi sübut etdi.
Cənab General !
Rəhbərlik etdiyiniz DTX bu gün çox çətin və şərəfli missiyanı yerinə yetirir. Qeyd etdiyimiz kimi böyük qələbəmizdən sonra hər tərəfdən düşmən əllər ölkəmizə doğru uzanır. Sizin hansı çətinliklər hesabına dövlət təhlükəsizliyimizin təmin olunmasına nail olduğunuzu gözəl bilirik. İnanırıq ki, sizin qətiyyətiniz və yüksək peşəkarlığınız bundan sonra da milli maraqlarımızın qorunmasını təmin edəcəkdir.
Cənab general!
Sizi və sizin simanızda dövlətimizə ləyaqətlə xidmət göstərən DTX əməkdaşlarını böyük Zəfər Bayramı, eyni zamanda Ad gününüz münasibətilə səmimi olaraq kollektivimiz adından təbrik edirik. Sizə bu şərəfli işlərinizdə daima ZƏFƏR arzulayırıq!