"Xankəndi-Laçın yolu açıqdır, gördüklərimiz ermənilərin iddialarını puça çıxarır” - “CNN Türk”ün müxbiri
“İkinci Qarabağ müharibəsindən sonra bölgədə gərginliyin azalmadığını gördüm. Müharibə bitib, amma gərginlik hələ də davam edir. Bu cür problemlər davam edərkən dünya ictimaiyyəti Şuşadan keçən Xankəndi-Laçın yolundakı son vəziyyətin necə olduğunu bilmirdi”. Bunu “Report”un Şuşaya ezam olunan əməkdaşına açıqlamasında “CNN Türk” telekanalının müxbiri Ahmet Melih Türkeş deyib. O, dinc aksiyanın keçirildiyi ərazidə gördüklərindən danışarkən bildirib ki, ərazidə Rusiya sülhməramlılarının müvəqqəti nəzarət məntəqələri var, onlarla paralel olaraq Azərbaycan hərbçiləri ərazidə xidmət aparırlar: “Bununla yanaşı, Ermənistanın blokada iddiaları vardı. Buraya gəldiyimiz zaman isə sadəcə, azərbaycanlı gənclərin, mülki vətəndaşların ərazidə olduqlarını gördük. On dərəcəyə çatan şaxtalı havada 34 gündür, etirazlar davam edir. Biz bir neçə dəqiqə ərzində çəkiliş aparan zaman üşüyürdük, amma etirazçılar günlərdir burada dayanıblar, tələblərini irəli sürürlər. Bu mənzərə bizə çox təsir etdi. Azərbaycanlı ekofəallar tələbləri tam yerinə yetirilənə qədər etirazlarını davam etdirəcəklərini bildirdilər. Onlar mövqelərində qətidirlər və aksiyanı bu prinsip ilə davam etdirirlər". Jurnalist söyləyib ki, bundan sonra nə olacağı çox önəmlidir: “Hansısa görüşlər, toplantılar olacaqmı - bunları, yəqin ki, qarşıdakı günlərdə görə biləcəyik. Ümid edirəm ki, tərəflər görüşlər keçirərlər və ara-sıra baş verən gərginlik sülh və danışıqlar yolu ilə həllini tapar. Çünki buradakı ekofəalların da istəyi, tələbi, sadəcə, təbiətin qorunması ilə bağlıdır. Açığını deyim ki, Şuşaya gəlməzdən əvvəl erməni mediasını da izləyirdim və onlar Laçın-Xankəndi yolunun bağlandığı, blokadada saxlanıldığını iddia edirdilər. Amma gəlib burada həm Rusiya sülhməramlılarının, həm də Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobillərinin heç bir maneə olmadan keçdiklərini müşahidə etdik. Bu isə özlüyündə ermənilərin iddialarını puça çıxarır və bir daha göstərir ki, onlar yalan məlumatlar yayırlar. Düşünürəm ki, erməni jurnalistlər də buraya gələ və ərazidə baş verənləri öz gözləri ilə görə bilərlər”.