-
24-11-202423-11-202422-11-2024
Cəmi 4 ay çəkən sevinc... - Şəhid Vəfadarın təsirli həyat hekayəsi - FOTO
Fikirlər
-
Reklam
-
Əsas xəbərlər
Tarixən belə olub, azadlıq, müstəqillik mübarizəsi heç zaman qansız-qadasız ötüşməyib. Bu baxımdan ötən əsrin 90-cı illərinin Azərbaycanı da səngərə dönmüşdü.
Bu səngərdə müstəqilliyini yenidən əldə etmək istəyən əliyalın xalq, qarşısında isə təpədən dırnağa qədər silahlanan böyük bir ordu dayanmışdı. Bakıya 66 min nəfərlik qoşun yeridilmişdi. Amma silahlı əsgərlərin, tankların qarşısına əliyalın çıxan xalq təslim olmadı. Böyük bir ordu silahsız xalqın iradəsini, mübarizə əzmini qıra bilmədi. O gün böyük Hüseyn Nihal Atsızın dediyi kimi, yüzlərlə qəhrəman yurdu yaşatmaq üçün can verdilər. Onların qəhrəmanlığı, canlarını fəda etməsi sayəsində Azərbaycan keçmiş SSRİ-də müstəqilliyini qazanan ilk respublikalardan biri oldu.
Bakupost.az Zahir Məliklinin 1990-ci ilin yanvarında Azərbaycanın müstəqilliyi uğrunda mübarizdə şəhid olan Vəfadar Eminovla bağlı yazısını təqdim edir:
Eminov Vəfadar Osman oğlu 1966-cı il mayın 1-də Gürcüstanın Marneuli rayonunun Kirəc Muğanlı kəndində anadan olub. 1983-cü ildə orta məktəbi bitirən Vəfadar həmin il sənədlərini Azərbaycan Tibb Universitetinə versə də, qəbul ola bilməyib. Əslində, uşaqlıqdan Vəfadarın arzusu hüquqşünas olmaq idi. Lakin həmin illərdə hərbi xidmət çəkməyənlərin sənədlərini hüquq fakültəsinə götürmürdülər. Bu səbəbdən Vəfadar ailəsinin təkidi ilə sənədlərini ATU-ya verməli olur. Qəbul olunmaması, əslində, onun ürəyincə idi.
1984-cü ildə Vəfadar əsgərliyə gedir. 1986-cı ildə keçmiş SSRİ-nin Leninqrad (indiki Sankt-Peterburq) şəhərində hərbi xidmətini uğurla başa vurur. Vətənə döndükdən sonra iki il ardıcıl sənədlərini hüquq fakültəsinə versə də, müsabiqədən keçə bilmir. Nəhayət, 1989-cu ildə Vəfadar arzusuna qovuşur, BDU-nun hüquq fakültəsinə qəbul olunur. Onun və ailəsinin sevincinin həddi-hüdudu yox idi. Amma bu sevincin ömrü uzun çəkmir. Vəfadar illərlə arzuladığı universitetdə cəmi 4 ay oxuya bilir. 1990-cı il 20 Yanvar faciəsi bütün Azərbaycana dağ çəkdiyi kimi Vəfadarın da ailəsinin gözünü yaşlı qoyur.
Azadlıq meydanından barrikadalara gedən gənclərin arasında Vəfadar da var idi. Günlər idi ki, tələbə və vətənpərvər yoldaşları ilə tonqalların ətrafında yatdığından his qoxuyan Vəfadar həmin o vəhşətli gecədən salamat çıxıb evə qayıdanda özü ilə camaatı gülləbaran edən mənfur rus əsgərlərinin avtomatlarından çıxan boş gilizləri də gətirmişdi. Bacısı ilə bərabər onun adına alınan evdə qalırdı. Bacısı Şəhanə onda Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) coğrafiya-biologiya fakültəsinin 2-ci kursunda oxuyurdu. Şəhanə müəllimə həmin anı belə xatırlayır:
"Vəfadar boş gilizləri pəncərənin qabağına düzüb qəzəblə süzməyə başladı. Dedi, bacı, camaatı qanına qəltan elədilər, bu qanı yerdə qoymaq olmaz. Mütləq nəsə etməliyəm. Evdən çıxanda çox yalvardım ki, getməsin, sözümə baxmadı".
Vəfadar şəhidlərin məzarının qazılması və dəfnlərində iştirak edir. Geri dönəndə yolda əmisi oğluna deyir ki, o məzarlarda yatanlar bəxtəvərdilər, dəfn olunanda da elə yerdə dəfn olunasan. Səhəri gün Vəfadar Xəzər Dəniz Gəmiçiliyinin xəstəxanasına gedib yaralılar üçün qan verir. Oradan çıxandan sonra üzüyuxarı qalxır və indi şəhidlərin xatirəsinə tikilmiş bulaq kompleksinin yerində qan gölməçəsini görəndə dözə bilmir, sıxılmış yumruqlarını xəstəxananın damında növbə çəkən rus əsgərinə göstərir. Elə o dəqiqə ona atəş açırlar. Vəfadar hasarı o üzə adlamağa imkan tapıb bir müddət gözləyir. Sonra yerindən qalxıb yola düzəlmək istəyəndə onu snayperlə vururlar. Güllə Vəfadarın qara ciyərindən girib böyrəyindən çıxır. Bunu görən bir qadın Vəfadarı təhlükəsiz bir yerə qədər aparır. Yarasını yaylığı ilə sarıyıb qanını saxlamağa çalışır. Vəfadarın vurulduğunu xəstəxananın pəncərəsindən kimsə görüb xəbər verir və onu xərəklə xəstəxanaya çatdırırlar. Amma Vəfadar çoxlu qan itirmişdi. Həkimlərin dediyinə görə, bədənindəki qanın ən azı 3 litri axıb getmişdi. Vəfadar onu xəstəxanaya aparanlara "Ölmək istəmirəm, yaşamaq istəyirəm" deyir. Onu əməliyyat otağına çatdıranda güclə cibini işarə edib əlaqə telefonunun orada olduğunu bildirir. Narkoz verilənə qədər Vəfadarın nəfəsi yetmir və o, şəhid olur. Vəfadarı həyata qaytarmağa çalışan həkim o günlərdə əsas informasiya mənbəyi olan "Azadlıq" radiosunun aparıcısı Mirzə Xəzərə "Mən ölmək istəmirəm, yaşamaq istəyirəm" deyən gəncə kömək edə bilmədim, sənətimə nifrət edirəm" demişdi.
Vəfadarın cibindən evlərinin telefon nömrəsi və ünvanları, bir qutu "Qarabağ" siqareti və qana bulaşmış "Musavat" qəzeti, cib dəsmalı və 16 manat pul çıxır. O, siqaret çəkmirdi. "Qarabağ" siqaretini nə məqsədlə cibində gəzdirirdi, heç kəs bilmir. Gülnarə müəllimə Vəfadarın cibindən çıxan əşyaları, yarımçıq yazılan qiymət kitabçasını, tələbə və hərbi biletini bu gün də qardaşından əziz xatirə kimi qoruyub saxlayır.
O günlər hamının yumruq kimi birləşdiyi, həmrəy olduğu günlər idi. Hamı çətinliyə düşənlərin, yaralananların köməyinə yetirdi. Vəfadar xəstəxanaya çatdırılandan sonra iki nəfər özünü onun cibindən çıxan ünvana çatdırır. Qapını açan Şəhanəyə Vəfadarın ayağından yaralandığını deyirlər. Şəhanə ayağına ayaqqabı belə geyməyə vaxt itirmir, xəstəxanaya çatıb qardaşının soyuq bədəninin qoyulduğu palataya daxil olmaq istəyəndə tibb bacısı onu buraxmır. İnad edəndə tibb bacısının "girməyin, ölüb" deməsi ilə sanki bütün xəstəxana onun başına uçur. "Kaspar"ın həyətində ayaqyalın o tərəf bu tərəfə qaçıb özünə yer tapa bilməyən bacının naləsi göylərə ucalır. Şəhanə müəllimə deyir ki, öz qışqırığım qulaqlarımdan heç zaman getmir. Yanvarın 23-ü idi. Vəfadar günorta çağı, haradasa saat 2-ə 5-10 dəqiqə qalmış vurulmuşdu.
Vəfadarın yaralanması xəbəri uzaq Gürcüstanın Kirəc Muğanlı kəndinə, Osman kişinin ailəsinə də çatdırılır. Elə həmin axşam Osman kişi, Vəfadarın dayısı və qardaşı Etibar qatarla Bakıya yola düşürlər. Bakıda onları ağır xəbər qarşılayır. Vəfadar artıq həyatda yox idi. Onun cənazəsinin Gürcüstana aparılması müzakirə olunur. Çünki 20 yanvarda şəhid olan iki nəfər artıq Gürcüstana aparılmışdı. Amma Vəfadarın xalası oğlu, tanınmış memar Ömər Ömərov məsələyə nöqtə qoyur. Vəfadarın Bakıda, Şəhidlər Xiyabanında dəfn olunmasına qərar verilir. Bu vaxt Marneulidə, Kirəc Muğanlı kəndində bütün camaat ayaqda idi. Ata ocağında çadırlar qurulur. Əhali şəhidini qarşılamağa hazırlaşır. Amma Bakıda qərar qəbul edildikdən sonra növbəti axşam, yəni yanvarın 24-də şəhidin anası Tamara xanım, bacısı, mənim tələbə yoldaşım Gülnarə müəllimə və digər qohumlar qatarla Bakıya üz tuturlar.
Burada iki məqamı diqqətə çatdırmaq istəyirəm. O vaxt Gürcüstanda, Marneuli şəhərində yaşayan Gülnara müəllimə Bakı qırğını olan gecə yuxuda görür ki, kəndlərinin kənarı ilə axan çay daşıb. Çaydan onların həyətinin qabağı ilə çəkilən kiçik kanala da gur sel gəlir. Qabağına çıxanları çənginə alan qapqara sular Vəfadarı da ağuşuna alıb aparır. Bu zaman kanalın o başında dayanıb dizlərinə döyən Gülnarənin 8 il əvvəl rəhmətə gedən nənəsi qışqırır ki, ay aman, qoymayın Vəfadarı sel aparsın. Gülnara müəllimə hövlanak yuxudan ayılır. Vəfadar vurulan an isə gəlini ilə sacda yuxa bişirən Tamara xanım birdən ayağa qalxır ki, mənə nəsə oldu, sanki birdən-birə belim qırıldı. Həqiqətən də həmin an nəinki Tamara xanımın, bütün ailənin sanki çırağı sönür.
Vəfadar yanvarın 25-də Şəhidlər Xiyabanında dəfn olundu.
Vəfadarın sevdiyi qız var idi. Xiyabanın xidmətçisi bir qızın hər gün səhər tezdən ora gələrək Vəfadarın məzarına sarıldığını ürək ağrısı ilə danışırdı.
Onlar ailədə dörd uşaq idilər. Ailənin ilki Etibar Eminov İqtisad Universitetini bitirib, hazırda Gürcüstanda ata evlərində yaşayır, ailəlidir, 3 övladı var. Gülnarə xanım ADPU-nun kimya-biologiya fakültəsini bitirib, hazırda Binəqədi rayonundakı 5 saylı məktəbdə işləyir, ölkənin ən yaxşı biologiya müəllimlərindən biridir. Gülnarə müəllimənin işlədiyi məktəb də 20 yanvar şəhidlərindən olan R.Əliyevin adını daşıyır. Ailənin sonbeşiyi Şəhanə xanım da ADPU-nu bitirib. Hazırda Bakı şəhəri, Nərimanov rayonundakı 39 saylı məktəbdə işləyir. Ailənin başçısı Osman kişi kəndlərindəki sovxozda briqadir işləyərək min-bir əziyyətlə, alın təri ilə övladlarını böyüdüb, onların hamısının təhsil alması üçün hər cür fədakarlığa qatlaşıb. Ailənin ağbirçəyi Tamara xanım evdar xanım olsa da, övladları üçün bütün əziyyətlərə dözüb. Amma hər çətinliyin arxada qaldığı zamanda Vəfadarın faciəli ölümü bütün ailəyə ağır zərbə olub. Xüsusilə ömürlərinin ahıl vaxtlarında ata və ananın qəddini əyib, qalan ömürlərini əzab içərisində yaşayıblar. Tamara xanım leykoz xəstəliyinə düçar olub. Bədəncə sağlam olan Osman kişi bunu biləndən sonra yorğan-döşəyə düşüb və iki ayın içində həyatdan köçüb. Əslində, yaxşılaşmaq ərəfəsində olan Tamara xanım həyat yoldaşını itirdikdə xəstəliyi yenidən şiddətlənib və aradan 3 ay keçmədən o da vəfat edib.
Ailənin sonrakı hiss və həyəcanlarını, bir bacının ürək çırpıntılarını Gülnarə müəllimənin öz şagirdinin dilindən aşağıdakı videoda eşidəcəyinizdən digər təfərrüatlara varmıram.
Amma onu qeyd etmək istəyirəm ki, ürəyi dağlı ananı nakam oğlunun vaxtlı-vaxtında ziyarət edilməməsi daim narahat etdiyindən o qızı Gülnarənin mütləq Bakıya köçməsində israr edir. Ananın sözünü yerə salmayan Gülnarənin həyat yoldaşı öz yaxşı işini də atıb ailəsini götürərək Bakıya köçüb. Hazırda Gülnarə müəllimə ölkənin ən yaxşı biologiya müəllimlərindən biridir. Beş il bir yerdə oxuduğum tələbə yoldaşım Gülanrə bacıya Allahdan səbir diləyirəm. Bilirəm ki, o bu günlər çox kədərli olur.
Allah bütün şəhidlərimizin ruhlarını şad eləsin!
Fotoda: Gülnarə Eminova-Musayeva