Qarabağ erməniləri Azərbaycan vətəndaşlığını qəbul edir? - “30-35 min adam hazırdır”

Qarabağ erməniləri Azərbaycan vətəndaşlığını qəbul edir? - “30-35 min adam hazırdır”

 Ermənistanın Baş naziri Nikol Paşinyanın son dönəmlər Qarabağ erməniləriylə bağlı səsləndirdiyi fikirlər erməni ictimai rəyində böyük qəzəb və qıcığa səbəb olub. 

Belə ki, erməni nazir hökumətin iclasında Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu və Ermənistanın bunu 1991-ci il Almatı sənədləri əsasında tanıdığını dəfələrlə vurğulayıb. Bundan əlavə, Paşinyan administrasiyası Qarabağ ermənilərinin yekun taleyinin Rusiyanın əlində olduğunu da bir neçə dəfə etiraf edib. 

Ötən gün isə “Hraparak” qəzeti bu barədə erməni politoloq Avetis Babacanyanın məqaləsini dərc edib. Babacanyan yekun məqaləsində Paşinyan hökumətini ittiham edərək, onu Qarabağ ermənilərini başlı-başına qoymaqda günahlandırıb. Hətta Babacanyan əlavə edib ki, təxminən 30-35 min nəfər Qarabağ ermənisi bu gün Azərbaycan vətəndaşlığını almağa razıdır. 

Onun dediyinə görə, bu rəqəmi oxuduqda Ermənistan rəhbərliyi bütün platformalarda hazırda Qarabağda 120 minə yaxın erməninin yaşadığını iddia etməsi, reallıqda onların sayının 40 mini keçmədiyini xatırlamaq yerinə düşər. Siyasi analitik onu da iddia edib ki, Paşinyanın komandası erməni diasporundan gələn maliyyə yardımı xatirinə Qarabağdakı separatçı layihəni dəstəkləməkdə davam edir. Lakin daxili kanallar və Baş nazirin açıqlamaları vasitəsilə Qarabağ ermənilərinə mühacirətdən və ya Azərbaycan vətəndaşlığı almaqdan başqa yollarının olmadığını Ermənistan hakimiyyəti dəfələrlə bəyan edib.

Məsələ ilə bağlı Yenisabah.az-la fikirlərini bölüşən siyasi analitik Zərdüşt Əlizadə isə söyləyib ki, Qarabağ ermənilərinin Azərbaycan vətəndaşlığını qəbul edib-etməməsi Rusiyanın mövqeyindən asılıdır. 

Onun fikrincə, əgər ruslar öz nəzarətlərində olan Qarabağ separatçılarının gücü ilə bölgədə yaşayan siravi erməniləri itaətdə saxlasalar, onlar Qarabağ ermənilərinin Azərbaycan vətəndaşlığına keçməsinə imkan verməyəcək: 

“Yox, əgər Rusiya mane olmasa, əlbəttə ki, onlar da insandır və onlar da əmin-amanlıq, sakitlik istəyirlər. Üstəlik, Azərbaycan tərəfi sərfəli və təminatlı şərtlər təklif etsə, onlar niyə vətəndaşlığımızı qəbul etməsin? Mən bunu istisna etmirəm”. 

Ermənistan siyasi elitasının yuxarı eşelonunda “Qarabağ kartı”nın artıq əldən çıxdığını deyən Z.Əlizadə bunu Ermənistan hakimiyyətinin müharibədəki məğlubiyyəti ilə əlaəqləndirib:

“O ki qaldı Nikol Paşinyanın Qarabağ erməniləriylə bağlı açıqlamalarına, bunların hamısı gerçəklikdir. Adam məğlub olub, ordusu, hamisi, potensialı yoxdur deyə, açıq etiraf edir ki, Qarabağ erməniləri Rusiyanın əlindədir. O, gerçəklikləri etiraf edir”. 

 






Fikirlər