Tələbə təqaüdləri niyə verilmir? - Deputatın rəyi
Ali təhsil müəssisələrində tələbələrin təqaüdlə bağlı narazılıqları var. Bir neçə gündür ki, sosial şəbəkələrin Azərbaycan seqmentində də bu, gündəm mövzudur. Problem budur ki, semestr imtahanlarını uğurla bitirdikləri halda, tələbələr təqaüd ala bilmirlər. Bir neçə universitetdən verilən məlumata, bunun səbəbi təqaüd yerlərinin azaldılmasıdır. Xatırladaq ki, hər universitetdə fakültələr üzrə tələbə təqaüdlərinin miqdarı fərqlidir. Bu, fakültədə təhsil alan tələbələrin sayından birbaşa asılıdır. Təqaüd həm ödənişli, həm də dövlət sifarişli tələbələrə şamil olunur. Mövzu ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, bu problemi təhsil müəssisələrinin özü aydınlaşdırmalıdır. “Dövlətin bununla bağlı heç bir qərarı yoxdur. Sosial şəbəkədə bu mövzu ilə bağlı şikayətlərlə qarşılaşmışam. Məncə, bu şikayətlərin heç bir əsası yoxdur, bu haqda ali təhsil müəssisələri dəqiq məlumat verməlidir”, – deyə Milli Məclisin deputatı fikirlərini tamamlayıb.