Bazarda qiymətlər niyə od tutub yanır? – “Bahalaşma üçün fürsətdir”

Bazarda qiymətlər niyə od tutub yanır? – “Bahalaşma üçün fürsətdir” 

Artıq Novruz bayramına sayılı günlər qalıb. Bayram süfrəsini bəzəmək istəyənlər indidən bazarlara üz tutublar. İnsanlar bayrama yaxın qiymətlərin artacağından narahat olduqlarından indidən alış-verişə başlayıblar.

Vitrinlər bir-birindən fərqli məhsullarla dolub. Lakin insanlar bayramqabağı ərzaq və qeyri-ərzaq qiymətlərinin kəskin bahalaşmasını gündəmə gətirərək öz narahatlıqlarını ifadə ediblər.

Bəs görəsən, hansı məhsulların qiymətində artım müşahidə olunur? Bakıda təşkil olunan bayram yarmarkalarındakı qiymətlər əhalinin cibinə uyğundurmu?

Mövzu ilə Yenisabah.az-a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, yarmarkalardakı qiymətlər və əlçatımlılıq hər kəsə uyğun deyil.

Onun sözlərinə görə, bu cür yarmarkaları bələdiyyələr təşkil etməlidir:

“Bayramqabağı yarmarkalarda məhsullar heç də ucuz deyil. Bu barədə mənə də istehlakçılar zəng vurub deyirlər. Həm də təşkil olunan yarmarkalara hamının əlçatanlığı eyni səviyyədə deyil. Yarmarkalara şəhərin müxtəlif yerlərindən gələn pulsuz avtobuslar yoxdur. Əhali avtobusa yaxud taksiyə pul verib yarmarkaya gəlir və nəticə olaraq digər yerlərdən alacağı qiymətə məhsul gəlib çıxır. 

Əslində yarmarkaları bələdiyyələr təşkil etməlidir, hər kəsin öz ərazisində bu tip yarmarkalar olmalıdır. Çox təəssüflər olsun ki, bələdiyyələr əl-qollarını bağlayıb ancaq baxırlar.

Mən bir çox ölkədə olmuşam, xaricdə şənbə və bazar günləri bir çox yarmarkalar təşkil olunur və bunu məhz bələdiyyələr təşkil edir. Onlar gəzirlər, kənd təsərrüfatı ilə işləyən şəxslərlə müxtəlif müqavilələr bağlayırlar və başçılıq etdiyi ərazidə yaşayan insanlara xidmət edirlər ki, gələcəkdə də onlara səs versinlər.

Hazırda bizdə yarmarkalar İcra hakimiyyətləri səviyyəsində təşkil olunur. Yarmarkalardan istifadənin səmərəsiz olduğunu göstərən bir misal çəkəcəm, iki il bundan əvvəl şəhərin mərkəzində - Nizami küçəsində “Kənddən şəhərə” adlı  böyük bir dükan açıldı, amma o dükan iflasa uğradı. Orada həmişə ən keyfiyyətsiz mallar olurdu, beləliklə camaat oradan alış-veriş etmədi və dükan bağlandı. Bələdiyyələr bu işlə məşğul olmalıdır, fermerlər İcra hakimiyyətlərinin təzyiqi ilə ora mal gətirməməlidirlər, onlar öz xoşları ilə və daha keyfiyyətli mal gətirməlidirlər”.

E.Hüseynovun sözlərinə görə, qiyməti qalxan əsas məhsullar arasında ət birinci gəlir:

“Azərbaycanda bir dəfə qalxan qiymət bir daha enmir. Qiymətlər bayram ərəfəsində qalxır və belə də davam edir. Sanki bayramlar qiyməti qaldırmaq üçün bir fürsətdir. Hazırda bayramlar bağlı qiyməti ən çox qalxan ətdir. Bununla bağlı bizə çox zəng vururlar. Əlbəttə, ətin qiymətinə dövlət müdaxilə edə bilməz, bu bazar iqtisadiyyatıdır, lakin ətin qiymətinin artmasına təsir edən çoxsaylı səbəblər var. Kənd təsərrüfatı işçilərinin kooperasiyalarda birləşməsi, torpaqlardan səmərəli istifadə edə bilməməsi, su resurslarından rasional istifadə edə bilməməsi, oliqarxların əlində olan böyük fermer təsərrüfatlarının su resurslarını, otlaqları əlində cəmləməsi, hər il heyvandarlıq yox, pambıq əkininə üstünlük verilməsi və əhalinin sıxışdırılaraq heyvandarlıqdan uzaqlaşdırılması qiymətlərə öz təsirini göstərir. 

Hazırda heyvan bazarına alverçilərin əlindən girmək mümkün deyil. Qiyməti onlar müəyyən edirlər, bu zaman da qiymət qalxması müşahidə edilir. Əlbəttə, belə bir vəziyyətdə hökumətin vəzifəsi odur ki, bazara oyunçular daxil etsin, heyvandarlığın inkişafına xüsusi diqqət yetirsin. İllər boyu Rusiyadan, Ukraynadan Azərbaycana heyvanlar gətirilirdi, hazırda bu kommunikasiyalar da olmadığından, diri heyvanlar da gətirilmir. Ona görə qiymətlər qalxır”.

O, bayramqabağı qoz və fındığın da qiymətində artım müşahidə edildiyini qeyd edib:

“Ötən il qoz, fındıq üçün o qədər də əlverişli şərait olmayıb, ona görə də təəssüflər olsun ki, bu malların da qiyməti yüksəkdir. Əhali istəyir ki, ucuz və keyfiyyətli mal  alsın, ancaq təəssüf ki, biz buna nail ola bilməmişik.

Əhali yarmarkalarda və digər yerlərdə  təhlükəli yaxud onların tələbatını ödəməyən mallara rast gələrsə, onlara Azərbaycan Respublikasının

Qida Təhlükəsizliyi Agentliyinin 1003 qaynar xəttinə bu barədə məlumat vermələrini tövsiyə edirəm”.






Fikirlər