Azərbaycan dövləti bu qədərmi ACİZDİR Kİ... - hansısa qumarbazın puluna MÖHTAC QALMIŞIQ?

Son illər “Azərlotereya” ASC ölkədə qumarın təşviqi, hər küçədə, az qala hər tində yayılması ilə məşğuldur. İndi də əhalinin bu oyunlara vərdiş etməsi, aludəçisi olması böyük bəlalara, fəsadlara yol açmaqdadır. İnsanlar axırıncı qəpiyini də “Poz, qazan”, “Misli” kimi mərc oyunlarına qoymaqla müflis olmaqdadırlar. Hətta Şirvan şəhərində bu günlərdə 800 manat uduzan gənc intihara cəhd edib. Amma bu cür neqativ nəticələr “Azərlotereya”nı durdurmur, əksinə, qumar Naxçıvana belə ayaq açmaqdadır.

 Açıq-aydın reklam edilən bu mərc oyunlarının hələ ki, qazananı yoxdur. Külli miqdarda pul udanlar belə zamanla bu oyunların aludəçisinə çevrilərək qumarbaz olurlar. Bu oyunların indi az qala dağıtmadığı ailə, zəhərləmədiyi gənc və məktəbli qalmayıb sanki…Narkomaniya kimi bu zərərli vərdişdən insanları, xüsusilə gəncliyi xilas etməyin bir yolu olmalıdır. Hər nə qədər leqal bir mərc oyunu olsa belə, təbliği və təşviqi getməkdədir. Yəni reklam edirlər, sürətlə yayırlar, şəhərin hər addımında köşklərini qururlar, mediada piarı təşkil olunur, bu azmış kimi, şəhid ailələrindən, tanınmışlardan, universitetlərdən belə istifadə olunur.


 Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən millət vəkili Razi Nurullayev bildirib ki, əslində bu oyunlar qanunidir və tamamilə qadağan etmək olmaz. “Ancaq məhdudlaşdırmalar aparılmalı və yaş məhdudiyyəti tətbiq edilməlidir: “Çox təəssüf ki, bu oyunlar qanunidir və məhz bu səbəbdən onların satışına qanunla qadağan qoymaq mümkün deyil. Məsələ burasındadır ki, bu oyunlar bu cür açıq şəkildə aparılmamalı, bu cür təbliğ edilməməlidir. Bu oyunların əksəriyyəti onlayn formada keçirilir. Bilmirəm ki, onlayn formada olan oyunlarda yaş məhdudiyyəti tətbiq edilə bilərmi ya yox. Ancaq yaxşı olar ki, azyaşlılara, məktəblilərə, 18 yaşına çatmayan uşaqlara belə lotereyalar satılmasın. Onlayn formada oyunlara yaş məhdudiyyəti tətbiq edilsin”.
Deputat hesab edir ki, uşaqların bu oyunlara cəlb edilməsi, aldadılması faktları ilə bağlı inzibati, cinayət tərkibli işlər aparıla bilər. “Bu oyunlar nə qədər qanuni olsa da, uşaqların, məktəblilərin belə oyunlara cəlb edilməsi qanunsuzdur. Müəyyən cəza tədbirləri olmalıdır ki, bu oyunlar insanların həyatını məhvə aparmasın”, – deyə R.Nurullayev qeyd edib.






Fikirlər