“Su innovasiyalarına məktəblilərin baxışı” layihəsinə start verilib.

Martın 10-da “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun(“Sukanal” ETLİ) təşkilatçılığı, Meliorasiya Elmi-Tədqiqat İnstitutu və  Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respubilka Komitəsinin(ASTİRK) tərəfdaşlığı ilə Hüseyn Axundov Saray qəsəbə 3 nömrəli tam orta məktəbdə Ümummili Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Su innovasiyalarına məktəblilərin baxışı” adlı layihənin açılış mərasimi keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açılıb. Sonra Ulu Öndər  Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Sukanal” ETLİ-nin Həmkarlat İttifaqı Komitəsinin sədri Elman İsgəndərli məktəb rəhbərliyini, müəllim və şagird kollektivini “Sukanal” ETLİ və ASTİRK rəhbərliyi adından salamlayaraq layihənin mahiyyəti və keçiriləcək tədbirlər barədə geniş məlumat verib. Sonra Doktorantura şöbəsinin metodisti Pərvanə Xıdırova İnstitutun fəaliyyət istiqamətləri haqqında danışıb.

   

Daha sonra  “Sukanal” ETLİ-nin “Su təchizatı, kanalizasiya sistemləri və hidrotexniki qurğuların tədqiqi” şöbəsinin böyük elmi işçisi Məmməd Hüseynzadə,  Meliorasiya Elmi-Tədqiqat İnstitutunun “Beynəlxalq əlaqələr, marketing və innovasiya” şöbəsinin baş mütəxəssisi Günay Dünyamalıyeva təqdimatlarla çıxış ediblər və maarifləndirici videoçarx nümayiş etdirilib.

Sonda Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti dövründə Abşeron rayonun su və torpaq ehtiyatları təminatının yaxşılaşdırılması istiqamətində görülmüş işləri əks etdirən məlumat lövhəsi xatirə olaraq  məktəbin direktoru Teyyibə Hüseynovaya təqdim edilib.

Məktəbdə tədbir başa çatdıqdan sonra 32 şagirdin  və təşkilat komandası ilə birgə Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə ekskursiya təşkil olunub. Ceyranbatan Su Kəmərləri İdarəsinin rəis müavini, əməkdar mühəndis Oruc Bayramov şagirdlərə geniş və maraqlı məlumatlar verib. Komplekslə tanışlıqdan sonra şagirdlər arasında interaktiv “Su oyunu” keçirilib. Qalib komanda üzvlərinə sertifikatlar, şagirdlərin hər birinə təşkilatların hədiyyə paketləri təqdim edilib.

   

Layihə çərçivəsində il boyu Respublikanının müxtəlif bölgələrindəki tam orta məktəblərində şagirdlərə su ehtiyatlarinin innovativ davamli idarə olunmasi, ekoloji dayanıqlı inkişaf və səmərəli istifadəsi, tullantı sutəmizləyici hidrotexniki qurğular kompleksləri haqqında təlimlər keçiriləcək və ekskursiyalar təşkil ediləcək.

Layihənin məqsədi məktəblilərə onların su haqqında biliklərinin artırılmasına töhvə vermək, sudan səmərəli istifadəni aşılamaq, eyni zamanda cəmiyyətin diqqətini bu sahəyə yönəltməkdən ibarətdir.

   






Fikirlər