PREZİDENT SƏFƏRBƏRLİK XİDMƏTİNƏ YENİ RƏİS TƏYİN ETDİ - Mürsəl İbrahimov kimdir? + DOSYE

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis təyin edilən Mürsəl Qorxmaz oğlu İbrahimov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olub.

Bu barədə açıq internet resurslarında məlumat yer alıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Arzu Yusif oğlu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə Arzu Rəhimovun yerinə Mürsəl İbrahimov təyinat alıb.

M.İbrahimov 1970-ci il sentyabrın 20-də Bakı şəhərində anadan olub.

M.İbrahimov 1992-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Qaz Neft Mədən fakültəsini bitirib.

M.İbrahimov 10 ildən artıq Milli Təhlükəsizlik Nazirliyində çalışıb, idarə rəisinin müavini vəzifəsinədək yüksəlib. “Hərbi xidmətlərə ğörə” medalı ilə təltif olunub. 2015-ci ildən sonrakı dövrdə bir sıra özəl şirkətlərdə müxtəlif vəzifələrdə çalışıb. Son illər “Kapital Bank” ASC Təhlükəsizlik Departamentin direktoru olub.

Qeyd edək ki, Mürsəl İbrahimov 1992-1997-ci illərdə DİN Mühafizə İdarəsinin Xətai rayon Mühafizə Şöbəsində tağım komandiri, baş inspektor vəzifələrində xidmət aparıb. Daha sonra DİN Daxili Təhqiqatlar İdarəsinin inspektor və baş inspektor vəzifəsində işləyib.Mürsəl İbrahimov haqqında geniş məlumat yoxdur. 

O, 2015-ci ilin 27 martında Prezidentin Sərəncamı ilə Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiyinə görə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

 






Fikirlər