Ulu öndərin melorasiya və su təsərrüfatına verdiyi töhfələr uğurlarımızın rəhnidir - Heydər Əliyev-100

image

Bu gün yenə dilimizin əzbəri Heydər Əliyev fenomenindən danışırıq, onun bənzərsizliyindən söhbət açırıq. Bu siyasət korifeyinin heç vaxt, heç bir təbliğ təntənələrinə ehtiyacı olmasa da biz dönə-dönə ona qayıdacağıq. Ulu Öndər Heydər Əliyev cənablarının fəaliyyəti xalqımızın və respublikamızın gələcəyi üçün örnək, zəngin həyat məktəbi, əvəzsiz nümunədir. Bu məktəbi keçmək, ondan öyrənmək böyük bir nemətdir.

Heydər Əliyev böyük uzaqgörənliklə ”Mən həmişə xalqa arxalanmışam, xalqa bel bağlamışam... Mənim həyatım həmişə xalqla bir yerdə olub, bu gün də bir yerdədir, sabah da bir yerdə olacaqdır” dedi və xalqımız qarşısında göstərdiyi möhtəşəm xidmətlərinə görə tarixdə əbədi yaşamaq haqqı qazandı.

Yaşadığımız 2023-cü il bir də onunla əlamətdardır ki, bu il Heydər Əliyev ili kimi tarixə düşür və Ulu öndərin 100 illik yubileyi ili kimi yaddaşlara həkk olunur. Ölkəmizin hər yerində Ümumilli liderimizin yubiley tədbirlərinə xalqımız böyük sevgi və çoğqu ilə hazırlaşır. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin çoxsaylı kollektivi, xüsusulə Cəmiyyətin YAP ilk ərazi təşkilatının üzvləri də bu dahi şəxsiyyətin yubileyini əməli töhfələri ilə qarşılayırlar.

Cəmiyyətin YAP ilk ərazi təşkilatı Heydər Əliyevin ideyalarının və zəngin tarixi irsinin gənc nəslə aşılanması üçün mütəmadi olaraq tematik tədbirlər keçirir, təbliğat-təşviqayt işlərini genişləndirir. Ulu öndərin bütövlükdə Azərbaycan üçün gördüyü işlər , eləcə də meliorasiya və su təsərrüfatının inkişafındakı misilsiz xidmətləri kollektiv arasında geniş müzakirə edilərək Ümumilli liderin ölməz ideyaları gənclərin qan yaddaşına həkk olunur.

Heydər Əliyev ideyalarının Azərbaycanın meliorasiya və su təsərrüfatının uğurlu inkişafında mühüm rolu var

ASC-nin YAP ilk ərazi təşkilatı Ulu öndərin zəngin ideyalarını özündə əks etdirən, YAP-nın nizamnaməsindən irəli gələn vəzifələrə sadiqliyini daimi nümayiş etdirməklə yanaşı, respublikamızın sosial-ictimai həyatında da fəal iştirak edir. Partiya sıralarında yüksək mənəvi və intelliaktual səviyyəli, Heydər Əliyev ideyalrına sadiq gənclərin birləşməsi üçün məqsədyönlü marifləndirmə tədbirlər həyata keçirir.

"Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik" sözlərini tarixə yazmış Ulu öndər Heydər Əliyev Azərbaycanın kənd təsərrüfatının inkişafında böyük əhəmiyyət kəsb edən meliorasiya və su təsərrüfatı kompleksinin yaradıcısı, müəllifi və təşkilatçısıdır.

1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçilən Heydər Əliyev heç bir ay keçməmiş Mərkəzi Komitənin avqust plenumunu keçirdi, iqtisadiyyatı bərbad vəziyyətdə olan respublikanı dirçəltmək üçün qarşıda duran vəzifələri müəyyənləşdirdi

Ölkəmizdə meliorasiya və irriqasiya işlərinə maraq hələ XIX əsrin ikinci yarısından başlanmasına baxmayaraq, meliorasiya və irriqasiya işlərinin inkişaf edərək, geniş miqyasda vüsət tapması 1969–1982-ci illərə, yəni unudulmaz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dövrə təsadüf edir.

Meliorasiya və su təsərrüfatının inkişaf etdirilməsi sahəsində 1970-ci ildən başlayaraq cənab Heydər Əliyevin göstərişləri əsasında həyata keçirilən silsilə tədbirlər respublikada kənd təsərrüfatı məhsullarının istehsalında böyük nailiyyətlərin əsasını təşkil etmişdir. 1983-cü ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 1970-ci ildəkinə nisbətən 2,2 dəfə artmışdır.

1976-1982-ci illərdə respublikanın rəhbəri Heydər Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində su təsərrüfatı sahəsində aparılan işlərin miqyası daha da genişləndirildi. Bu illərdə meliorasiya tədbirlərinə yönəldilən vəsaitin həcmi 1971-1975-ci illərdəkinə nisbətən 2,4 dəfə artdı və 1 milyard 382 milyon manata çatdı, 1,2 milyard manata yaxın əsas fondlar işə salındı, 89,6 min hektar yeni suvarılan torpaqlar istifadəyə verildi, 605 min hektar sahədə suvarma sistemləri yenidən quruldu, 137 min hektar torpaq meliorativ cəhətdən yaxşılaşdırıldı, 274,4 min hektar sahədə əsaslı hamarlama işləri aparıldı.

Bu dövrdə Tərtərçay üzərində 143 min 500 hektar sahəni suvara biləcək, həcmi 565 milyon kubmetr olan Sərsəng su anbarı su elektrik stansiyası ilə birlikdə, həcmi 5,86 milyon kubmetr olan Suqovuşan (Madagiz) su anbarı, Tərtərçay magistral kanalları, Naxçıvan MR-də Arpaçay üzərində həcmi 150 milyon kubmetr olan Arpaçay su anbarı və magistral kanallar, Naxçıvançay çayından qidalanan, həcmi 12,7 milyon kubmetr olan Sirab su anbarı, Füzuli rayonunda Aşağı Köndələnçay su anbarı, Lənkəran rayonunda həcmi 52 milyon kubmetr olan Yuxarı Xanbulançay su anbarı kompleksi, Tovuz rayonunda üçpilləli nasos stansiyası və digər obyektlər tikilib istifadəyə verildi. Kür çayı üzərində Şəmkir su anbarının, Şəki rayonunda Əyriçay su anbarının, Qazax rayonunda Coğazçay su anbarının, Füzuli rayonunda Qozluçay, Naxçıvan MR-də Qıvraq və Həmzəli nasos stansiyalarının və s. obyektlərin inşasına başlanıldı.

Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə (1969-1982-ci illər) meliorasiya və su təsərrüfatı kompleksinə 2,5 milyard manatdan artıq vəsait yönəldilmişdir ki, bu da Sovet hakimiyyəti dövrünün 50 ili ərzində bu sahəyə qoyulan vəsaitdən 2 dəfədən artıq olmuşdur. Bu illərdə 200 min hektara yaxın yeni suvarılan torpaqlar kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş, 400 min hektara yaxın suvarılan torpaqların meliorativ vəziyyəti, 825 min hektar sahədə suvarma sistemləri yenidən qurularaq onların su təminatı yaxşılaşdırılmış, 460 min hektar sahədə əsaslı hamarlama və 150 min hektara yaxın sahədə əsaslı yuma işləri aparılmış, texniki cəhətdən mükəmməl irriqasiya və meliorasiya sistemləri yaradılmışdır.

Meliorasiya və su təsərrüfatı kompleksində əldə edilmiş nailiyyətlər Ulu öndər Heydər Əliyevin bu sahəyə olan daimi diqqət və qayğısı nəticəsində əldə edilmişdir. Respublikamız üçün son dərəcə vacib olan Tərtərçay hidrokompleksinin, Xanbulançay su anbarının və Samur- Abşeron kanalının yenidən qurulması obyektlərinin açılışında ümummilli lider Heydər Əliyevin iştirakı onun meliorasiya və su təsərrüfatına, bu sahənin inkişafına olan diqqət və qayğısının əyani sübutudur.

Hazırda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ümumi sututumu 22 milyard kubmetr olan 109 su anbarından istifadə edilir, 19 hidroqovşaq, 52309 km suvarma kanalı, 32449 km kollektor-drenaj şəbəkəsi, 1049 nasos stansiyası, 140659 müxtəlif hidrotexniki qurğu, 9578 subartezian quyusu, 2000 km-dən artıq sel və daşqına qarşı mühafizə bəndi, 125 min ha qış otlaq sahələrinin su təminatına xidmət edən digər mühüm dövlət əhəmiyyətli su təsərrüfatı sistemləri və qurğuları istismar olunur. Onların sırasında Ağstafaçay. Arpaçay, Xanbulançay və s. su anbarları, Mil-Muğan, Bəhrəmtəpə, Samurçay hidroqovşaqları, Samur-Abşeron, Yuxarı Qarabağ, Yuxarı Şirvan, Cənubi Muğan magistral kanalları, Baş Mil-Muğan, Baş Şirvan, Mil-Qarabağ, Aşağı Şirvan magistral kollektorları, Tovuz, Şəmkir, Cənubi Muğan nasos stansiyaları, başqa vacib irriqasiya və meliorasiya sistemləri və qurğuları vardır.

1993-cü ilin iyun ayında xalqımızın böyük oğlu Heydər Əliyev ikinci dəfə yenidən Azərbaycanın rəhbərliyinə qayıtdı. Müstəqil Azərbaycan dövlətinin xilaskarı missiyasını şərəflə həyata keçirən Heydər Əliyev fəaliyyətə başlayanda bütün sahələrdə olduğu kimi, meliorasiya və su təsərrüfatı kompleksində də böhranlı vəziyyət hökm sürürdü, böyük zəhmət və küllü miqdarda vəsait hesabına yaradılmış qurğular, suvarma sistemləri qəza halına düşmüşdü, sahənin fəaliyyətinə ayrılan sərmayənin həcmi heçə endirilmişdi.

Ümummilli liderimizin ikinci dəfə respublika rəhbərliyinə gəlişi meliorasiya və su təsərrüfatını məhv olmaqdan xilas etdi, sahə öz inkişafının yeni mərhələsinə qədəm qoydu, ona diqqət və dövlət qayğısı bərpa olundu, meliorasiyanın potensialından daha səmərəli istifadə olunması yolları və onun gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Sahənin əhəmiyyətini yaxşı bilən Heydər Əliyevin göstərişləri əsasında respublikaya gələn xarici investisiyaların müəyyən hissəsi meliorasiya və su təsərrüfatının inkişafına yönəldildi.

MDB ölkələri arasında ilk dəfə Azərbaycanda 1996-cı ildə “Meliorasiya və irriqasiya haqqında” Qanun qəbul edildi. Bundan iki il sonra “Azərbaycan Respublikasının Su Məcəlləsi”, daha sonra isə “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Qanun qüvvəyə mindi. Həmin qanunlar əsasında müvafiq normativ-hüquqi sənədlər hazırlanıb təsdiq edildi. Şəxsən cənab Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş “Azərbaycan Respublikasının Su Məcəlləsi” ölkəmizdə su münasibətlərinin tənzimlənməsi yolunda uğurlu bir addım olmuşdur.

Meliorasiya və irriqasiya sahəsində islahatların aparılması, onun gələcək inkişafının təmin olunması üçün ümdə əhəmiyyətə malik həmin qanunlar və onların əsasında qəbul edilmiş 30-a yaxın normativ-hüquqi sənəd meliorasiya və su təsərrüfatında işlərin istiqamətlərini, prinsiplərini, habelə belə obyektlərdə mülkiyyət formalarını müəyyənləşdirdi. Ulu öndərin idarəetmə işinin təkmilləşdirilməsi ilə bağlı göstəriş və tövsiyələrini rəhbər tutaraq, meliorasiya və su təsərrüfatında idarəetmə orqanlarının strukturu və fəaliyyət istiqamətləri yeni şəraitə uyğunlaşdırıldı.

Ulu öndərin göstərişləri əsasında meliorasiya və su təsərrüfatına yönəldilən xarici investisiyaların səmərəliliyini təmin etmək məqsədilə tikintisi yarımçıq qalmış 150 obyektdən respublika üçün mühüm əhəmiyyət kəsb edən 11 obyekt seçilərək onlardan üçünün – Baş Mil-Muğan kollektorunun tikintisinin, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasının və Naxçıvan MR-də Vayxır su anbarının inşasının birinci növbədə maliyyələşdirilməsi qərara alındı. İslam dünyasının Heydər Əliyevə böyük hörmətinin və ehtiramının təzahürü kimi İslam İnkişaf Bankının rəhbərliyi Baş Mil-Muğan kollektorunun tikintisinin davam etdirilməsinə güzəştli kredit və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin hazırlanmasına əvəzsiz olaraq vəsait (qrant) ayırdı.

Azərbaycan Respublikasının tərəqqisinə bütöv ömrünün həsr etmiş Heydər Əliyev demişdir: “Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik”. Ümummilli liderimizin bu tövsiyəsi meliorasiya və su təsərrüfatı kompleksi kollektivlərinin başlıca fəaliyyət proqramıdır. Biz həmin proqrama daim sadiq qalacağıq.

Böyük fəxr hissi ilə qeyd edilməlidir ki, ulu öndərimiz, müasir Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyevin siyasi xətti və ideyaları möhtərəm Prezitentimiz İlham Əliyev tərəfindən layiqincə və müvəffəqiyyətlə davam etdirilir. Azərbaycanda müstəqil, demokratik, hüquqi dövlət quruculuğu sahəsində, iqtisadiyyatımızın yenidən qurulmasında, davamlı inkişaf yoluna çıxmasında, milli adət-ənənələrimizin qorunub saxlanılmasında və digər istiqamətlərdə böyük nailiyyətlər əldə olunur.

İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə meliorasiya və su təsərrüfatı sistemində də xeyli iş görülmüş, bir sıra mühüm layihələr reallaşdırılmışdır. Ölkə başçısının bu sahəyə diqqətinin nəticəsi olaraq meliorasiya tədbirlərinə ayrılan vəsaitin həcmi 4,3 dəfə, bütün maliyyə vəsaitləri hesabına sahəyə əsaslı kapital qoyuluşu isə 22 dəfəyə yaxın artmışdır. Bunun nəticəsində mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarı xeyli yaxşılaşmış, sistem üzrə işçilərin əmək haqqı 5,7 dəfə artmış, sahənin maddi-texniki bazası gücləndirilmiş, 800-dən artıq maşın və mexanizm alınmış, 247 km təsərrüfatlararası suvarma kanalları, 244 km kollektor-drenaj şəbəkələri tikilib istifadəyə verilmiş, 201 min hektar suvarılan torpaqların su təminatı və meliorativ vəziyyəti yaxşılaşdırılmışdır. 479 ədəd subartezian quyusu qazılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 27 iyul 2020-ci il tarixli, 2178 saylı Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nın icrası ilə əlaqədar Səhmdar “Azmelsutəsərrüfat” ASC tərəfindən səlahiyyətlərinə uyğun olaraq ölkənin əsas su və su təsərrüfatı obyekltlərində su ehtiyatlarından səmərəli istifadə edilməsi və su itkilərinin qarşısının alınması üçün müasir texnologiyalara əsaaslanan ölçmə cihazlarının quraşdırılması, alternativ mənbələrdən, o cümlədən təmizlənmiş tullantı və kollektor-drenaj sularından, ölkə ərazisində antropogen təsirlər nəticəsində formalaşan sututarların suyundan istifadə məqsədilə ilkin olaraq mövcud 22 ədəd hidroqovşaq və suvarma kanallarının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılmasına və layihə sənədlərinin hazırlanmasına başlanılmış, eləcə də Əlicançay su anbarının layihə sənədlərinin hazırlanması davam etdirilmiş, Qəbələ rayonu ərazisində Yengicə su anbarının tikintisi üzrə hazırlıq işlərinə başlanılmışdır.

Heydər Əliyevin uzaqgörən siyasəti, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi , polad iradəsi və yenilməz, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində Azərbaycan xalqı 44 gün ərzində ərazi bütövlüyümüzü bərpa etdi. Bu zəfərlə biz Ermənistanın 20 faiz ərazilərimizin 30 illik işğalına son qoyduq.

Qəlbimizdə yüksək qürur hissi yaradan şanlı və tarixi qələbəmiz Azərbaycan xalqında milli oyanışa, yeni bir dirçəlişə, birliyə səbəb oldu. Xalqımızın tələb və dəstəyi ilə 2003-cü ildən respublikamıza rəhbərlik edən Prezident İlham Əliyevin uzaqgörən, qətiyyətli və proqmatik siyasəti sayəsində bütün sahələrdə yüksək inkişaf mərhələsinə qədəm qoyuldu. İqtisadi, hərbi və siyasi sahədəki misilsiz uğurlarımız artıq birmənalı şəkildə dünya dövlətləri tərəfindən də qəbul edilir.

Ölkə başçısının diqqət mərkəzində olan, işğaldan azad olunmuş ərazilərdə hidrotexniki qurğuların bərpası, əkinə yararlı torpaqların melorativ vəziyyətinin və su təminatının yaxşılaşdırılması istiqamətində görülən tədbirlər əvvəlki illərdə olduğu kimi cari ildə də “Azmelsutəsərrüfat” ASC-nin fəaliyyətinin prioritet istiqamətlərindən olmuşdur.

Bu tədbirlər çərçivəsində ötən il oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Qubadlı rayonu ərazisində yaradılacaq “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanış olmuş və Azərbaycan Meliorasiya və Su təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov dövlətimizin başçısına layihələr barədə ətraflı məlumat vermişdir.

Bildirilmişdir ki, aparılmış müvafiq araşdırmalar əsasında layihələrdə nəzərdə tutulan ümumi ərazisi 12 min 100 hektar olan əkin sahəsinə saniyədə 6,18 kubmetr suyun mütəmadi verilməsi üçün tutumu 26,7 milyon kubmetr olan su anbarının yaradılması daha münasib hesab edilib. Su anbarının hündürlüyü 40 metr, uzunluğu 615 metr olan torpaq bənddən yaradılması təklif edilib.

Zabuxçay çayının suyunun yeni su anbarında tənzimləməklə uzunluğu 49 kilometr olan polad boru xətti ilə Qubadlı və Zəngilan rayonlarında yerləşən torpaq sahələrinə suyun verilməsi, eyni zamanda, layihədə subasar zonadan avtomobil yolunun kənarlaşdırılaraq yeni yolun çəkilməsi və bəndyanı Su Elektrik Stansiyasının tikilməsi nəzərdə tutulur.

Nəticə etibarilə, Qubadlı və Zəngilan rayonları ərazisində “Dost Aqro” şirkətinin 1900 hektar, “Azərsun” MMC-nin 3300 hektar, “AzərAqrar” şirkətinin 2500 hektar, “Aqrovay” şirkətinin 2700 hektar, “Dost Ziraat Heyvandarlıq” şirkətinin 1700 hektar əkin sahəsi suvarma suyu ilə təmin oluna bilər.

Ərazi bütövlüyümüz bərpa olunmaqla su mənbələrimiz də, işğaldan azad edilmiş və bütün istiqamətlərdə infrastruktur layihələrərin icrasına başlanılmışdır. Görülən işlər çərçivəsində Suqovuşan və Xaçınçay su anbarlarında, bu anbarlardan çıxan beton kanallarda da əsaslı təmir işlərinə başlanıldı. İşğaldan əvvəl Suqovuşan su anbarı 7 rayonun 96 min hektardan artıq əkin sahəsinin suvarılmasına xidmət edib. İşğal müddətində Xaçınçay, Ağdamkənd, Köndələnçay və digər işğalda qalan su anbarları kimi, Suqovuşan da baxımsız qalıb. Nəticədə, su sızmalarının sayı artıb. Anbarın yenidən təmiri üçün suyun boşaldılmasına başlanılıb. 5,86 milyon kubmetr tutumu olan anbarın suyu Tərtərçaya axıdılır. Su buraxılıb qurtardıqdan sonra dibinin lildən təmizlənməsi və yamacının 20 sm qalınlıqda beton üzlüyə alınması həyata keçiriləcəkdir.

Cari ildə Ağdam rayonunun Xaçındərbənd kəndi ərazisindəki Xaçın çayının üzərində inşa olunmuş 23 milyon kubmetr tutuma malik Xaçınçay su anbarında da təmir-bərpa işlərinə başlanılmışdır. Anbarın suyu boşaldıqdan sonra dibinin lildən təmizlənməsi və yamacının beton üzlüyə alınması nəzərdə tutulur.

2022-ci il ərzində torpaq məcralı kanalların beton üzlüyə alınması işlərini, həmçinin, Ağdam və Bərdə rayonları ərazisində 258 min kub metr həcmdə kanalların dren və kollektorların lildən təmizlənməsini həyata keçirilib. İdarə tərəfindən bu günə qədər Füzuli rayonu Gecəgözlü kəndi ərazisindən keçən Qurultay arxının 1170 metrdən artıq hissəsinin beton üzlüyə alınması işləri yüksək keyfiyyətlə yerinə yetirilib və hazırda kanalda son tamamlama işləri görülür.

Qeyd etmək lazımdır ki, respublikanın suvarılan torpaqlarının su təminatının və hidrogeoloji-meliorativ vəziyyətinin yaxşılaşdlrılması, suvarma normalarının təyin edilməsi, torpaqların şorlaşmasının qarşısının alınması və həyata keçiriləcək zəruri meliorativ tədbirlərin müəyyən edilməsi üçün yeraltı suların səviyyə rejimi və minerallıq dərəcəsi üzərində stasionar rejim-müşahidələrinin aparılması olduqca vacib məsələlrdən biridir. Bu işlər ASC-ni Hidrogeolojui-Meliorativ Xidmət və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsi (HGMX və SİMNİ) tərəfindən həyata keçirilir və rejim-müşühidə materialları əsasında dövrü hesabatlar və xəritələr hazırlanaraq istifadə olunması üçün Cəmiyyətə təqdim edilir.

Suvarılan torpaqların hidrogeoloji-meliorativ vəziyyətinə və meliorativ sistemlərin texniki vəziyyətinə nəzarət etmək üçün 1443293 ha suvarılan ümumi torpaq sahəsinin hidrogeoloji-meliorativ xidmətin nəzarəti təşkil olunmayan 94456 ha torpaq sahələri istisna olmaqla (Quba, Qusar, Xızı, Şamaxı, Qobustan, Gədəbəy və işğaldan azad edilən suvarılan ərazilərdə) 1348837 hektarında kompleks işlərin görülməsi təmin edilmişdir.

HGMX və SİMNİ tərəfindən su obyektlərinin istifadəsinə və mühafizəsinə, eləcə də götürülən suvarma sularından istifadəyə nəzarətin təmin edilməsi ilə yanaşı, bu sahədə proqramların, proqnoz və layihələrin həyata keçirilməsi zamanı ortaya çıxan məsələlərin həlli üçün, standart, norma və qaydaların hazırlanması, onlara riayət olunmasına nəzarət edilməsi, yerüstü su obyektlərinin istifadəsi, mühafizəsi və suların zərərli təsirinin qarşısının alınması üzrə təkliflərin verilməsi istiqamətdə tədbirlər həyata keçirilir.

Hüquqi və fiziki şəxslər tərəfindən sudan istifadə qaydalarına və normalarına əməl olunmasına, meliorasiya və su təsərrüfatı obyektlərinin kadastrına və hidrotexniki qurğuların reyestrinə daxil ediləcək məlumatların vaxtında təqdim olunmasına nəzarət edilməsi, bu normaları və qaydaları pozanlara qarşı istismar idarələri ilə birlikdə müəyyən tədbirlər görülür.

Sonda qeyd etmək istəyirdim ki, Heydər Əliyev ideyalarının, bu müqəddəs insanın bizə miras qoyub getdiyi siyasət kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev əmin ola bilər ki, respublikanın melioratorları və su təsərrüfatı işçiləri bundan sonra da daha səylə çalışacaq, qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün var qüvvələrini əsirgəməyəcəklər.

 

Saleh Sadıqov

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC

Hidrogeoloji Meliorativ Xidmət və Suların 

İstifadəsinə-Mühafizəsinə Nəzarət

İdarəsinin rəisi, respublikanın əməkdar mühəndisi,

 

YAP Ü.Hacıbəyov 84 ərazi təşkilatının sədri

 

 






Fikirlər