24 iyun 1993-cü il Azərbaycanın dövlətçilik tarixində dünyəvi dəyərə malik olan tarixdir...
Dövlət müstəqilliyi xalqın əbədi, əzəli arzusu, niyyətidir. Bu arzu, bu niyyət tarixən yaranır,mübarizələrlə formalaşır, mübarizələrlə də gerçəkləşir. Ötən əsrin əvvəllərində, 1918-ci ilin may ayının 28-də Şərqdə ilk demokratik cümhuriyyət yarandı. Azərbaycan Xalq Cümhuriyyəti tarixi yaşam qazandı. Onun müstəqil dövlətlərə xas olan bütün dövlətçilik təsisatları var idi. 1920-ci il aprelin 28-də bu gənc dövlət süquta uğradı. O vaxtlardan xalq öz azadlığı, dövlət müstəqilliyi uğrunda gizlin, sonralar aşkar mübarizəyə başladı. Xalqın azadlıq ruhu həmişə yaşayır. Nəticədə Azərbaycanın dövlət müstəqilliyi 1991-ci ildə bərpa olundu. Azərbaycanda hakimiyyət böhranı, separatçılıq meyilləri, ambisiyalar dövlətçilik üçün ciddi təhlükə yaradanda xalq ciddi, israrlı təkidlə böyük tarixi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Ulu Öndər Bakıya, hakimiyyətə qayıtdı. Böyük siyasi xadim Heydər Əliyev həmin dövr haqqında deyib: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək”. Parlamentin 24 iyun 1993-cü il tarixli iclasında Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi.
Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri yeni formatda, yeni ruhda, azərbaycançılığa xas olan yeni qüvvə aldı. Ulu Öndər bu qısa müddətdə parlamentin ruhunu tamamilə dəyişdi. Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, çıxışların məğzini tutmaq bacarığı, qiymətli fikirləri ümumiləşdirmək qabiliyyəti özlüyündə parlamentin üzvləri üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi oldu. Dünya ictimaiyyəti də, dünyanın böyük dövlətləri də inanırdı ki, böyük tarixi şəxsiyyət Heydər Əliyev yaranmış vəziyyəti düzəldəcək, Azərbaycanı siyasi xaosdan çıxardacaqdır. Belə də oldu. 1993-cü ilin 7 avqust tarixində cənub bölgəsində “Talış-Muğan Respublikası” elan olunmuşdu. Bununla əlaqədar Heydər Əliyev avqustun 13-də parlamentdə həmin bölgədən olan deputatlar, ziyalılar, ağsaqqallarla görüşüb vəziyyəti müzakirə etdi. Avqustun 17-də isə Milli Məclis “Azərbaycan Respublikasının Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında yaranmış vəziyyət haqqında” Qərar qəbul edərək “Talış-Muğan Respublikası” avantürasına siyasi qiymət verdi. Tezliklə əhalinin istəyi ilə bu bədnam iddiaya son qoyuldu. Azərbaycan Respublikası bəşəri qanunlar əsasında inkişaf yolundaydı. Ulu Öndər ilk gündən etibarən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini daim diqqət mərkəzində saxlamış və mövcud istiqamətdə davamlı islahatların reallaşdırılmasını təmin etmişdi. Respublikamızda cinayətkarlıq və digər hüquq pozuntularına qarşı barışmaz mübarizə elan edilmişdi. Ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparılmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdi. Bu sabitlik də böyük tarixi şəxsiyyətin Azərbaycana, Azərbaycan dövlətçiliyinə, azərbaycançılığa sədaqətinin, sevgisinin təzahürü idi. Demokratik düşüncə və dəyərlərinə hər zaman öz sadiqliyini nümayiş etdirən Ulu Öndər deyirdi: “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır”. Ulu Öndər Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu.
Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. İdarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı. Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Ermənistanın Azərbaycana qarşı elan etmədən apardığı müharibə dövlətin iqtisadi dayaqlarını da sarsıdırdı. Ona görə də cəbhədə atəşkəsə nail olunmasını, yaranmış vəziyyətdən bəhrələnərək ordu quruculuğunu sürətləndirməyi, ordunu nizami ordu kimi formalaşdırmağı başlıca dövlətçlik vəzifəsi kimi yerinə yetirən Ümummilli Lider Heydər Əliyevin xalqa müraciətindən sonra qəlbində Vətən sevgisi olan, respublikamızdan kənarda hərbi xidmət keçən peşəkar zabitlərin Azərbaycana axını başlandı. Bu müraciət bütün ictimaiyyət tərəfindən dəstəkləndi, ordudan yayınma hallarının, cəbhədə geriləmələrin qarşısı alındı. Hərbi uğursuzluqlarla üzləşdiyini və daha irəliləyə bilmədiyini görən təcavüzkar Ermənistanın rəhbərliyi 1994-cü ilin mayında danışıqlar masası arxasında oturmağa, cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan Bişkek protokolunu 1994-cü il mayın 8-də imzalamağa məcbur oldu. Ulu Öndər Heydər Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” 1994-cü ilin sentyabr ayının 20-də Azərbaycanın Dövlət Neft Şirkəti ilə 6 ölkənin 10 şirkəti arasında bağlanmışdır.
“Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur. “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. Həmin müqavilə daha sonra 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmışdır. Ulu Öndər Heydər Əliyev demişdi: “Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır”. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətləri olub. Bu xidmətlərin hər biri həm ayrılıqda, həm də vəhdətdə dünyəvi dəyərlərə malikdir. Böyük tarixi şəxsiyyətin Azərbaycana ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. Ulu Öndər Heydər Əliyev demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.” Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində növbəti addımlar atıldı: məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və Ombudsman təsisatının yaradılması, ölüm hökmünün ləğv edilməsi və onlarla digər bu kimi islahat xarakterli demokratik təşəbbüslər bilavasitə Heydər Əliyevin gərgin əməyinin nəticəsidir. 24 iyun 1993-cü il Azərbaycanın dövlətçilik tarixində dünyəvi dəyərə malik olan tarixdir. Bu tarixi Azərbaycanı sevənlər Azərbaycan dövlətçiliyinin bərpa edilməsi günü qədər dəyərli hesab edirlər. Bu günün qüdrətidir ki, Azərbaycan dünyanın böyük dövlətlərinin ehtiramını qazanıb, bu dövlətlər Azərbaycanla siyasi, iqtisadi, mədəni əlaqələr saxlamaqdadır və saxlayacaqlar. Rəşad Cəbrayılov Salyan rayon başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri.