Qorxu yaradan dərmanla bağlı rəsmi açıqlama - VİDEO - FOTO

İsraildə istehsal olunan və hazırda apteklərdə satılan "Parasetamol" dərmanının içində zəhərli sim olması faktı insanlarda həyəcan yaradıb.

 Azərtaym.az xəbər verir ki, ANS-in efirində insanları təşvişə salan bu məsələyə Azərbaycan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzini rəsmisi Pərviz Əzizbəyov aydınlıq gətirib.

Pərviz Əzizbəyov, ilk öncə, qeyd edib ki, mənşəyi və mənbəyi bilinməyən bu hadisə Azərbaycanda baş verməyib. Sosial şəbəkələrdə yayılan bu şəkil əvvəlcə Rusiyada, daha sonra Qazaxıstanda indi isə Azərbaycanda yayılıb. Bu dərmanın satışı Azərbaycanda aparılmır:

"Bütün dərman vasitələri ölkəyə idxal olunmamışdan əvvəl onlar dövlət qeydiyyatına alınır. İdxal olunan dərmanların hər bir seriyasından satışa buraxılmamışdan öncə Gömrük Xidməti və Səhiyyə Nazirliyi tərəfindən nümunələr götürülür. Əgər bütün ekspertizalarda kənara çıxmalar aşkarlanmasa, onda o dərmanların istifadəsinə icazə verilir".

Analitik Ekspertiza Mərkəzinin rəsmisi onu da qeyd etdi ki, əgər dərmanlarla bağlı hansısa xoşagəlməz hal yaranarsa, onda bütün apteklərin üzərində qeyd olunan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin "qaynar xətt"inə (012) 596 07 12 zəng edərək məlumat verə bilərlər.

Dərmanların qiyməti düşdükdən sonra yayılan bu xoşagəlməz halların artmasına isə Pərviz Əzizbəyov belə cavab verdi:

"Əlbəttə ki, yayılan bu xəbərlər yaxşı hal deyil. Azərbaycanda dərmanla bağlı hadisələrə Səhiyyə Nazirliyi rəsmi açıqlama verir. Amma bu hal Azərbaycanda yaşanmayıb. Yalan informasiyanın yayılmağı ilə bağlı aidiyyəti qurumlar tədbir görəcək".

Nazirliyin rəsmisi dərmanlardan istifadə zamanı onun buraxılış və təsirinin bitmə vaxtına dəqiq diqqət yetirilməli olduğunu məsləhət gördü.

 (Azərtaym.az)

Videonu izləmək üçün şəkilə klikləyin.






Fikirlər