Regionlarda yaşayan şəhid ailələrinin hansı problemləri var?
Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin və veteranların sosial müdafiəsi dövlətin həyata keçirdiyi sosial siyasət kursunun prioritet istiqamətlərindən birini təşkil edir. Xüsusilə, 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin, yaralanan, zərər çəkən mülki vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, problemlərinin həlli ilə bağlı silsilə addımlar atılıb, müvafiq sərəncam və fərmanlar imzalanıb. Bu kateqoriyadan olan insanlara daim qayğı və diqqət göstərilməsi səbəbsiz deyil. Şəhid ailələri və müharibə əilləri cəmiyyətin həssas təbəqəsidir və ona görə də bu həssas təbəqəyə daxil olan şəxslərin sosial problemləri daim diqqət mərkəzində saxlanılmalıdr. Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, 44 günlük Vətən müharibəsində 3000-ə yaxın döyüşçümüz şəhid olub. Bu müharibədə yaralananların ümumi sayı isə 11 min nəfərdən çoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, 44 günlük Vətən müharibəsində yaralanmış 3 min nəfərdən çox qaziyə müxtəlif əlillik dərəcəsi verilib. Vətən müharibəsindən sonra şəhid ailələri və qazilərə sosial ödənişlər edilir, sağlamlıqlarını itirmiş hərbiçilər protezlərlə təmin olunur, reabilitasiya mərkəzlərində müalicəsi həyata keçirilir. Müalicəsi ölkəmizdə mümkün olmayan yaralılar Türkiyəyə göndərilir. Şəhid ailələri və qazilər təbəqəsindən olan şəxslərin işlə təmin edilməsi məsələsi də gündəmdə saxlanılır. Onlar özünüməşğulluq proqramlarına, ictimai işlərə cəlb edilir. Bu işlər təkcə Bakıda deyil, ölkənin rayonlarında da həyata keçirilir. Heç şübhəsiz ki, hələ də həllini gözləyən problemlər var. Həmin problemlər paytaxtla yanaşı, həm də regionlar üçün xarakterikdir. Araşdırmaçı-jurnalist Əfqan Qafarlı bizimlə söhbət zamanı son illər şəhid ailələri və müharibə əllillərinin sosial problemlərinin həlli istiqamətində görülən işləri müsbət qiymətləndirdiyini deyib. Jurnalist bildirib ki, sözügedən kateqoriyaya daxil olan insanların üzləşdiyi problemlər ictimailəşəndə, onların həlli daha asan olur: "Şəhid ailələri və müharibə əlilləri həssas təbəqədir. Sözsüz ki, heç bir məmur istəməz ki, onun adı bu konteksdə mənfi planda çəkilsin. Heç kim istəməz ki, onun haqqında "şəhid ailələri və müharibə əlillərinin problemlərinə biganə yanaşan məmur" yazılsın. Buna görə də mətbuatda yazılan tənqidlərə daha çevik reaksiya verir, problemin həllinə çalışır, ən azından açıqlama verirlər". Jurnalist təəssüflə qeyd edib ki, paytaxtdan fərqli olaraq, regionlarda yaşayan şəhid ailələrinin üzvlərinin və müharibə əlillərinin KİV-ə çıxış imkanı o qədər də yüksək deyil. Onlar bəzən sözlərin deməyə adam, problemlərini ictimailəşdirməyə jurnalist tapmırlar: "Bu problem ucqar rayonlar və ucqar kəndlər üçün xarakterikdir. Söhbət təkcə hansısa problemi dilə gətirməkdən getmir. Məsələn, ucqar kənddə hansısa şəhidin anım mərasimi keçirilir. Ailəsi istəyir ki, həmin tədbir TV-lərdə və mətbuatda işıqlandırılsın. Amma obyektiv və subyektiv səbəblər üzündən onların bu arzusu həyata keçmir. Hesab edirəm ki, bu cür mərasimlərdə təşkilatçılığı yerli icra hakimiyyətləri öz üzərinə götürməlidir. İcra hakimiyyətləri rayonda qeydiyyatda olan bütün şəhidlər və müharibə əlilləri haqqında filmlərin çəkilməsinin, məqalələrin yazılmasının, kitabların çap olunmasının, bir sözlə, onların adlarının əbədiləşdirilməsinin qeydinə qalmalıdır". A.Zeynalov Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Regionlarda yaşayan şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin həllinə dəstəyin göstərilməsi, tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanmışdır.