Xanımlara pulsuz qəlyan təklif edən restoranlar – “Bu, hiylədir”

Xanımlara pulsuz qəlyan təklif edən restoranlar – “Bu, hiylədir”

Son illər şəhərin bir çox restoran və PUB-larında bu tip elanlara tez-tez rast gəlmək olur: "Xanımlara qəlyan pulsuz", "Xanımlara içki pulsuz". 

Bəzən sosial şəbəkələrdə bu tip kampaniyalar sərt tənqid olunur və iddia edilir ki, əslində, elanın mahiyyəti başqadır. Bu, yüngül əxlaqlı qadınların kafenin daimi müştərisinə çevrilməsinə xidmət edir və s. 

Bəs görəsən, bu elanların verilməsinə səbəb nədir? Burda məqsəd gender balansını qorumaqdır, yoxsa, qadınların hesabına restorana müştəri cəlb etmək?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan qida mütəxəssisi, ekspert Ağa Salamov bildirib ki, bu restoranların marketinq strategiyasıdır:

"Bu, marketinq hiyləsidir. Çox vaxt PUB sistemində bundan istifadə olunur və xanımlara qəlyan pulsuzdur deyilir. PUB-a müştəri cəlb etmək üçün onlar bu cür kampaniyalar başladırlar. Xanımlar bu kampaniyadan yararlanmaq üçün restorana üz tutduqda avtomatik müştəri artımı olur. 

Bu üsuldan təkcə PUB-lar istifadə etmir. Çox vaxt prestijli restoranlar, tanınmış iaşə obyektləri də bəzi üsullara əl atırlar. Məsələn, hər hansı məşhur bloger xanımlardan biri həmin məkanda, şüşə önündə, hər kəsin görə biləcəyi bir yerdə əyləşir. Bununla da kənardan onu görənlər düşünürlər ki, qlamur bir bloger burada oturubsa, deməli burada xidmət və keyfiyyət yaxşıdır. Bu, biznes xarakterli addımlardır". 

Ekspertin sözlərinə görə, bəzən restoranlar müştəri cəlb etmək üçün müxtəlif marketinq hiylələrinə əl atırlar:

"Bəzənsə restoranlar ailəvi şəkildə məkana gəlmiş şəxsləri pəncərə qarşısında əyləşdirirlər. Burada hədəf kənarda keçən insanların ailəni görməsini təmin etməkdir. İnsanlar çöldən bu mənzərəni gördükdə içəri daxil olub xidmətə baxmaq istəyirlər. Düşünürlər ki, insanlar ailəsi ilə gəlib burada oturubsa, yəqin ki, xidmət yüksəkdir. Çox vaxt həmin restoranlara girəndə görürsən ki, orta boşdur, amma insanları qıraqlarda otuzdurublar, bu, xüsusən günorta saatlarında olur. Bəzi hallarda marketinq hiyləsi məhz budur - müştəriləri, xüsusən də xanımları pəncərə qarşısında otuzdurmaq, yaxud  hansısa blogerlə danışıb onun gəlib restoranda oturmasını təmin etmək. Əsas olan odur ki, kənardan görünsün ki, içəridə kimsə var. İçəridə olanlar məşhur şəxslər olduqda bu, daha da avantajlı olur". 






Fikirlər