Eldar Quliyev “General Həzi Aslanov” yubiley medalı ilə təltif edilib...
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin 72 yaşı tamam olur.Bu münasibətlə Eldar müəllimə tanınmış ictimai-siyasi xadimlərdən, millət vəkillərindən, elm adamlarından, ağsaqqallardan və ictimaiyyətin digər nümayəndələrindən çoxlu təbriklər gəlir. Növbəti belə bir təbrik Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Eldar Quliyevə ünvanlanıb. Belə ki, Veteranlar Təşkilatının sədri Fatma xanım Səttarova Eldar Quliyevə zəng edərək onu ad günü və səmərəli ictimai-siyasi fəaliyyəti, həmçinin şəhid ailələrinə, qazilərə və veteranlara göstərdiyi qayğıya görə təmsil etdiyi qurum tərəfindən “General Həzi Aslanov” medalı ilə təltif olunması münasibətilə ürəkdən təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. Daha sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevə 72 yaşının tamam olması münasibətilə təşkilatın bütün üzvləri adından təbriklərini çatdıraraq, ona “General Həzi Aslanov” yubiley medalını təqdim edib. Eldar Quliyev Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən ona göstərilən bu yüksək etimada görə öz minnətdarlığını bildirib. Qeyd edək ki, Azərbaycan Ağsaqqallar Şurası ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı arasında birgə fəaliyyət barədə Əməkdaşlıq Müqaviləsi imzalanıb və Tədbirlər Planı tərtib olunub. Bu Plana əsasən Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin və tarixi ənənələrinin qorunmasına, ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və humanitar sahələrdə inkişafına, cəmiyyətin qarşısında duran aktual məsələlərin həllinə təşkilatların töhfəsini təmin etmək üçün mütəmadi olaraq paytaxtda və bölgələrdə birgə müvafiq tədbirlər həyata keçirilir. AzerTaym.az