DSMF-də 39 saylı vəkil bürosunun qanunsuz fəaliyyətinə qiymət verilmir...
Vəkillər Kollegiyasının (VK) dövlət orqanlarına , istintaq, ittiham orqanlarına hüquqi yardım göstərməsi absurdluğuna ədliyyə, prokurorluq orqanları qiymət verməkdən imtina edir. Qanunvericilik vəkilin dövlət orqanında işləməsini, dövlət orqanlarına vəkillik etməsini qadağan edir. Nə yazıq, VK hətta istintaq, ittiham orqanlarının müdafiəsində məhkəmələrlə qeyri-prosessual vasitəçilikdə pis ad çıxarıb. Ədalət mühakiməsinin prinsiplərinə zidd olaraq Azərbaycan məhkəmə-hüquq sistemində dövlət (ittihamı) prokurordan-ittihamçıdan daha çox vəkillə-müdafiəçi ilə müdafiə edilir. Buna deyərlər, Roma papasından daha artıq katolik olmaq. VK-nın intizam komissiyasının üzvü Əlirza Həbilovun hüquqverici sənəd olmadan DİN-in vəkili və nümayəndəsi kimi məhkəmələrlə qeyri-prosessual ilişgiyə girməsindən çox yazılıb. Bu vəkil-ittihamçı DİN-dəki qanunsuz görəvindən alınandan sonra 3 ilin vəkili Orxan Qılman oğlu Babayevi özbaşına DİN-ə vəkil edib. VK-nın intizam komissiyası isə öz üzvünün intizamsızlığına susur, Orxan Babayevin isə (olmayan) müqavilə (?-M.B.) əsasında 105 ilin qos-qoca Daxili İşlər Nazirliyinə hüquqi yardım göstərməsi absurdluğunu qanuni sayır. Absurdluq o həddə çatıb ki, dövlət orqanında – ƏƏSMN tabeliyində DSMF-də 39 saylı vəkil bürosu fəaliyyət göstərir. Büronun müdiri Abuzər Mütəllimov DSMF-in Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialının direktoru, departament müdiri, vəkil Yeganə Məmmədova, böyük mütəxəssis, vəkil Emil İsgəndərli və b. “bir əldə iki qarpız tutmaqla” dövlət orqanına hüquqi yardım göstərib, əlil-qazi, şəhid ailələrinin məhkəmə təminatı hüququna qadağa qoyurlar. Absurdluğa baxın, 39 saylı vəkil bürosu yalnız dövlət orqanına -DSMF-ə vəkillik edir, dövlət orqanını əlillərdən, şəhid ailələrindən müdafiə edir.(??) Özü də hüquqverici sənəd – etibarnamə olmadan. Halbuki, prosessual qanunvericiliyin tələbinə görə, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. 39 saylı vəkil bürosuna isə DSMF sədri “topdan” bir illik etibarnamə verib. Harada görünüb ki, dövlət orqanının rəhbəri bütöv vəkillər bürosunu Mərkəzi Filial kimi işə götürsün və bütöv büroya “topdan” etibarnamə versin?! Yeri gəlmişkən, bu günlərdə DSMF-Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialında- 39 saylı vəkil bürosunda struktur dəyişikliyi edilib, say tərkibi 30-a çatdırılıb, direktor -vəkil Abuzər Mütəllimova 2 müavin-vəkil İsmayılov Roman İsmayıl oğlu və İbadov Daşqın Hicran oğlu ayrılıb; departament müdiri – vəkil Yeganə Məmmədovanı Arzu Səfərova əvəzləyib. Yox, vəkil Yeganə xanım görəvsiz qalmayıb, sözügedən filialın “xüsusi şərtlərlə təyinat üzrə məhkəmə mübahisələri departamenti”nin müdiri təyin olunub. Bu bilgi məhkəməyə təqdim edilən “apellyasiya şikayətinə etiraz” və “topdan” etibarnamədən götürülüb. İlgincdir ki, “etiraz”a başda “xüsusi şərtlərlə təyinat üzrə məhkəmə mübahisələri departamenti”nin aparıcı mütəxəssisi Rüstəm Şikarlı, ardınca departamentin müdiri imza atıb. (?) Belə çıxır, DSMF-də mütəxəssis görəvi müdirdən başdadır ?! Elə bu “başayaq” hüquq, sosial müdafiə siyasətinin sonucudur ki, qazilərin, şəhidlərin pensiyaları “başayaq” hesablanır, dövlətin vətəndaşların sosial müdafiəsinə ayırdığı vəsait vəkil-mütəxəssislərə, məmurlara yedirdilir, məhkəməyə müraciət hüququna da “başayaq” yardımı” ilə qadağa qoyulur. Məğrur BƏDƏLSOY