Əvəz Zeynallı ilə "Qaynar Qazan"da Kərəm Məmmədov: "Allahşükür Paşazadənin yanında Yazovun adamları üstümüzə silah çəkdilər"-VİDEO
Kərəm Məmmədov: “Ölüm onda gözəl idi, şərəfli idi”
Xalqımızın başına gətirilən 20 Yanvar faciəsinin quruda olanlarını bilirik. Amma dənizdə - sularda baş verən möhtəşəm mübarizədən çoxlarımızın xəbəri yoxdur. Onlar 1990-cı ilin 20 Yanvar hadisələrində Xəzər dənizində iş başında olublar. Hadisələr başlayanda, insan cəsədlərindən dağlar qurulanda Bakıdakı hökumət kimi qaçıb dağılışmayıblar, işin içindən çıxmaq üçün dərhal təşkilatlanıblar. 7 gəmi kapitanı bir araya gəlib “Kapitanlar Şurası” adlı bir qurum yaradıblar. Mətn tərtib edib bütün dünyaya yayıblar. Onlar Azərbaycanı əsl və əsil blokadadan çıxarıblar. Dünya ölkələri onların verdiyi “SOS!”la Azərbaycan xalqının gülləbaran olduğunu öyrəniblər. Məmləkətin o ağır günlərində Moskvadan gələn cəllad qrupu ilə də onlar görüşüblər. Başqa kim vardı ki. Birinci katib yox, Baş nazir yox, nazirlər yox! Hamısı qaçıb dağılışmışdılar. Hətta Kərəm Məmmədov Elmira Qafarovanın yana-yana “deputatlar Ali Sovetin iclasına qatılmırlar” dediyini xatırlayır. Yazovun, Sidorovun, Lyaşenkovun, Bakatinin, Tyuqunovun qarşısına bu cəsur Azərbaycan oğulları çıxırlar. Sonuna qədər dirənirlər! İlk bəyanat verən onlardır. Sovet hökumətinə bəlkə də ilk ultimatum verən də onlardır. Onlar “Şəhidlərin meyitlərini bizim cəsədimizin üzərindən keçərək dənizə ata bilərsiniz” deyib, mülki ola-ola hərbi Sovet gəmilərini yoxlamaq üçün onların içinə gedən və dünya hərb tarixinə qızıl hərflərlə yazılan qəhrəman dənizçilərdir həm də. Onlar “Bakıdan rədd olub getməsəniz, “Qaraşəhər”i yandıracağıq” deyib qırğının qarşısını saxlayanlardır. Onlar əlləri hər yerdən üzüləndə “Biz Tarana gedəcəyik!” deyə yazovların şirin yuxularına haram qatan Ər oğullardır. Sabah gülləbaran olduqlarını bildikləri halda belə, 100 gəmidən tək bir qorxağın olmadığı dənizçi cəngavərləridir onlar! Bizim – Azərbaycan xalqının qürur, şərəf və ləyaqət rəmzləri! Bu dənizçilərin göstərdikəri rəşadət dünyanın başqa hansı ölkəsində olsaydı, indi bütün dünya bu qəhrəmanlıqlardan danışırdı. Amma bizdə dəli bir susqunluq var. Hətta ölkə əhalisinin bəzi kəsimlərinin bu mübarizədən xəbərləri belə yoxdur. Dünyanın hansı donanmasının bir gəmisinə 3.600 (!!!) mərmi dəysəydi, indi həmin gəmi bütün dünyanın ziyarət etdiyi bir müqəddəs muzeyə çevrilmişdi, amma bizim bəzi özünübilməzlər tez-tələsik bunu kəsib metolloma çevirib həzmi-rabedən keçirdilər. Bəli, nə qədər üzücü olsa da, bu millətin faciəsini də gəlirə çevirənlərin olduğu ölkənin sakinləriyik həm də... Tariximizin 100 gəmisinin qəhrəman kapitanlarından biridir Kərəm Məmmədov. O, bu millətin tarixini sinəsində gəzdirənlərdəndir həm də. Yana-yana danışır. Amma onunla birlikdə, həmin 100 gəmi kapitanının hamısının döşündən “İstiqlal” və “Şöhrət” ordenləri asılmalıdır, çünki bu Vətənə Şöhrəti də, İstiqlalı da onlar gətirdilər. “Qaynar Qazan”da Kərəm Məmmədovdur. 20 Yanvar hadisələrində Xəzər Dəniz Donanmasının gəmi kapitanlarından biri. O, millətimizin gerçək və bəzək-düzəksiz tarixindən danışır... Əvəz Zeynallı
II-Sonuncu hissə I hissəni buradan oxuya bilərsiniz: "Əvəz Zeynallı ilə "Qaynar Qazan"da Kərəm Məmmədov: "Ölkə yiyəsiz, Bakı yetim qalmışdı!"" Nemət Pənahlı ilə danışdıq - “Bayraq Meydanı”nın yanında qurulan hərbi hissədə görüşdünüz? - Hə. O, bizə deyəndə ki, niyə ora yığışmısınız, cavab verdim ki, “A vı poçemu suda prişli?”, - “Siz niyə bura gəlmisiniz?” Yanımdakılar ayağımı basdılar ki, “Ə, bir dayan görək, hələ buradan sağ-salamat çıxacağıq, yoxsa yox”. Nəsə, Əvəz müəllim, orada bizi çox dilə tutdular. Dedik, “yox, getməyəcəyik”. Sidorov dedi, “sabah saat 16:00-da Bakı Buxtasında fövqəladə vəziyyət elan edirəm. Sizinlə də söhbət qurtardı”. - Bu söhbət yanvarın 23-də gedir? - Hə. Biz gecə gəlməliyik, görüşlərimizin nəticəsi ilə bağlı 100 gəmi kapitanını ratsiya ilə məlumatlandırmalıyıq. Ondan əvvəl sahildə olan “Sabit Orucov” gəmisinə gəlməliyik, orada iclas eləməliyik, sonra da həmin iclasın qərarını bütün gəmilərə çatdırmalıyıq. - Kərəm müəllim, o dövrdə əsas güc Xalq Cəbhəsi idi. Xalq Cəbhəsinin rəhbərliyindən bu hadisəni bilən, sizin yanınıza gələn, sizinlə görüşmək istəyənlər yox idimi? - Yox. Allah qapısını açsın, Nemət Pənahlı ratsiya ilə şəxsən mənimlə danışdı. Mən onu yaxından heç o vaxtları da görməmişdim. - Nə haqda, nə danışdınız? - O vaxtlar “Elm” gəmisi var idi, ora gəlmişdilər ki, “qorxmayın”. “Gərək o vaxt elə öləydim...”
- Yəni hadisəni bilmişdilər? - Hə. Hələ mən o vaxt da ona demişdim ki, nədən qorxacağıq. Hərənin ayağının altında bir gəmi var. Bir də ki, Əvəz müəllim, qorxu insanın canından çıxmışdı. Ölüm çox şərəfli bir şey idi. Adam indi bəzi-bəzi şeylərə baxıb, deyir ki, “gərək o vaxt elə öləydim...” Allaha and olsun, ölüm onda gözəl idi, şərəfli idi. - Nemət sizinlə Yazov və Sidorovla görüşdən sonra danışmışdı? - Yox, əvvəl danışmışdıq - yanvarın 22-də. O, bir də Fəhmin Hacıyev idi. Dedim, bu provokasiyadır, bizimlə danışırlar. Dedim, “kimdir ə, danışan?” Dedi, “Fəhmin Hacıyev”, soruşdum, “haralısan?”, dedi, “ucarlıyam”. Mənim də yanımda Ucardan gəminin bosmanı var idi. O dedi, “bu bizim kəndçidir”. - Fəhmin Hacıyev nə deyirdi? - Deyirdi, qorxmayın. Bilirsinizmi, Əvəz müəllim, mən elə başa düşdüm ki, onlar bizim hərəkəti də Xalq Cəbhəsinin adına yazmaq istəyirdilər. Amma mən bu gün də - aradan 26 il keçməsinə baxmayaraq – deyirəm ki, o dənizçilərin heç bir partiya ilə, heç bir Cəbhə ilə əlaqəsi yox idi. Yəni kiminsə buna bizi öyrətməsi olmayıb. - Bəs Nemətin, Fəhminin sizinlə əlaqə qurmasında məqsəd nə idi? - Görünür, gəmilər yığışıb, etiraz siqnalı vururdular və hamı da bunu bilirdi... - Amma Xalq Cəbhəsinin rəhbərliyindən sizinlə əlaqə saxlayan olmadı? - Heç kim, heç kəs... - Əbülfəz Elçibəy, Etibar Məmmədov, Rəhim Qazıyev? - Yox... yox... yox... Onlar haqqında da ayrı danışaram. Sidorovla bağlı görüşümüz haqda danışım... Sidorov bizə 24 saat vaxt verəndən sonra, biz gəldik “Sabit Orucov” gəmisinə, Yazovla görüşən Müzəffər müəllim də ora gəldi. Yazov içkili idi, “niyə qoymursunuz yatmağa?” dedi
- Yazov da onlara vaxt qoymuşdu? - Yox... O, vaxt qoymamışdı. O danışanda soruşub ki, “niyə ora yığışmısınız, niyə qoymursunuz yatmağa?” Kefə gəlibmiş. Müzəffər müəllimin dediyinə görə, qalstuku əyri olub, saçı-zadı da üzünə tökülüb. Sərxoş olub. Deyir, o, bizi çox pis vəziyyətdə qarşıladı. Hətta əsgərlər də avtomatlarını bizə tərəf tuşladılar... - Nə danışırsınız? Yazovla görüşə gedən nümayəndə heyətinin üstünə avtomat çəkdilər? Millət vəkillərinin, Şeyx Allahşükür Paşazadənin olduğu yerdə avtomat çəkdilər? - Bəli... bəli... Müzəffər müəllim, “siz bura yatmağa gəlmisiniz?” – deyəndə, əsgərlər avtomatlarını bunların üstünə tuşlayıb. Bir də Lyaşenko orada deyib ki, bunlarda silah var. O da Lyaşenkoya deyib ki, “sən tələsmə...” Yəni “yalan danışma!” Onu danışmağa qoymayıb. - Bakatin də orada olub? - Bakatin də orada olub. Çox da axmaq adamın biri olub. Arif Məlikov bizim 7 kapitan haqqında rus dilində olan “Ya obvinyayu...”, “Mən ittiham edirəm...” kitabında yazıb. - Bu haqda sizin “Mən tarana gedirəm” kitabınızda da yazılıb. - Mən elə ora da bu kitabdan götürüb əlavə etmişəm. Arif müəllim çox gözəl yazıb. Həm Müzəffər müəllimin Yazovla danışığını bu kitabda çox gözəl təsəvvür edib, - deyir ki, Müzəffər müəllim Yazovla çox cəsarətlə danışdı. O, Azərbaycan xalqının və dənizçilərin adından danışdı ki, “siz buradan çıxın, gedin. Biz öz işimizi özümüz həll edəcəyik”. Bu sözləri çox cəsarətlə onların üzünə deyib. Biz “Sabit Orucov” gəmisinə gələndən sonra, balaca bir iclas keçirdik. İclasda qərara alındı ki, ratsiya ilə bütün gəmilərə deyilsin ki, sabah Buxtada fövqəladə vəziyyətdir. Gəmiləri gülləbaran edəcəklər, getmək lazımdır. 7 kapitandan heç birimiz cürət edib, ratsiyaya yaxın gəlmədik. - Yəni ümumi qərar qəbul elədiniz ki, çəkilək? - Çünki onlar qərar vermişdilər ki, sabah orada fövqəladə vəziyyət olacaq. Geri çəkilməyənləri gülləbaran edəcəklər. İndi bu haqda digər gəmilərə xəbər verməyə cəsarət edə bilmirik ki, getmək lazımdır. O saat deyəcəklər ki, satqınsınız. Getdiniz, satıldınız, gəldiniz. Əvəz müəllim, bəlkə də dünya tarixində bizim o 4 gündə göstərdiyimiz birlik heç kimdə olmayıb. Mən bütün gəmilərə müraciət elədim ki, “kimin xəstəsi varsa, kimin özü xəstədirsə, indi gedə bilər. Amma sabah saat 4-də fövqəladə vəziyyətdir. Bizi gülləbaran eləyəcəklər.” Hamı mənə dedi ki, “satqın özünsən, özün gedə bilərsən...” 100 kapitan da ölümə hazır idilər
- Nə danışırsınız? - Allaha and olsun. İndi hərdən deyirlər ki, bu millət acizdir, mübarizə aparmağı bacarmır... Yox, elə deyil. Bu millət kim olduğunu sübut eləmiş millətdir. - Deməli, 100 gəminin 100 də geri getməkdən imtina etdilər? - Hamısı. O gəmilərin içərisində ruslar da var idi. Ləzgi qardaşlar da var idi. Hər millətdən var idi. Bir nəfər də gəmini tərk edib, getmədi. O vəziyyətdə gəmilərdən birinin Semidyenko familiyalı bir rus kapitanı var idi. Çox yaxşı adam idi, mənim kapitanım olmuşdu. Onu ruslar döydülər, döyə-döyə də öldürdülər. O qədər ağır döymüşdülər ki. bir neçə aydan sonra öldü. Ona rus əsgərləri demişdilər ki, “sən burada nə edirsən, səni burada öldürəcəklər...” Deyib, “hə... İndiyədək bizi öldürməmişdilər, amma siz gedəndən sonra öldürə bilərlər... Biz burada qardaş kimi yaşayırdıq”. Beləliklə, yanvarın 24-də saat 12-də iriçaplı hərbi gəmilər mülki gəmilərin üzərinə yeridi. - Yəni dediklərini elədilər... - Elədilər... Darmadağın elədilər. “Vodoley-4” gəmisinə 3600 güllə dəyib
- Heç kim də geri çəkilməyib? - Heç kim də geri çəkilmədi. Bütün gəmiləri deşik-deşik elədilər. Bu “Vodoley-4” gəmisinə 3600 güllə dəyib. Murad Əliyevin gəmisi idi. Allah rəhmət eləsin. O da bu hadisədən sonra öldü. Bunu hökumət tərəfindən yaradılmış dövlət istintaq komissiyası sayıb, biz saymamışıq. Bundan sonra başladılar kapitanları tutmağa. - Artıq nəzarət itdi... - Bəli, nəzarət itdi, başladılar kapitanları tutmağa. Sahildən hər yeri mühasirəyə alıblar ki. heç kim qaça bilməsin. Allah rəhmət eləsin, Tofiq İsmayılov qocaman jurnalist Əfqan Əsgərova demişdi ki, onu qoruyun, onu tutsalar güllələyəcəklər. Onda mən gəmidə idim və gəminin də ekipajı bu xəbəri alandan sonra, yığılıb qərar verdilər ki. məni aradan çıxarsınlar. Mənim efirdəki fəaliyyətim də hər kəsə məlum idi. Sidorovla görüş zamanı da bu haqda özümüzə demişdi: ““Komsomolun 40 illiyi” gəmisinin kapitanına güllələnmə, “Sabit Orucov” gəmisinin kapitanına isə minimum 15 il həbs cəzası verilsin”. Üzdən də məni tanımırdı. Onda özündən soruşdum ki, niyə? Mənə dedilər ki. bir sus, görək başımıza nə gəlir. Bircə buradan sağ-salamat gedək”. Ondan sonra bziim 52 kapitanımızı tutdular. Aralarında müxanik də var idi, matros da... Hamısını tutdular. Əvvəl burada işgəncələr vermişdilər. 52 gəmi kapitanı həbs olundu ...Bir hadisəni danışım. Hidayət Atakişiyev var idi, indi də gəmidə işləyir, kapitandır. Onu bir “boyevik” tutub, BTR-in təkərinin altına salır, sonra da əmr edir ki, “sür, bunun başını əz!” Özü danışır ki, sakit dayandım, birdən məni buraxdı. Buraxan kimi yaxamı cırıb, qabağına gəldim ki, “strelyay, ne muç menya!”, “Məni güllələ, əziyyət vermə!” Deyir, “səni güllələmirəm, sən yaxşı oğlansan. Ona görə də qaç!” İşgəncə verilən uşaqlardan biri deyir ki, “Hidayət, qaçma. Daldan buracaqlar səni”. Hidayət də qaçmır. Amma qaçsaydı, vuracaqdılar. Bunlara burada işgəncə verəndən sonra hava limanına aparıblar. Sözün düzü, məni də aradan çıxardılar. - Gizləndiniz? - Gizlətdilər. Üzdə olan bir neçə adam gizləndi. Bizim uşaqlardan 52 nəfərini təyyarə ilə Krasnodara apardılar. Həmin uşaqlardan aldığım məlumata görə deyirəm. Krasnodardan da təyyarədən düşürürlər, əlləri belində, komvoy şəklində aparırlar. Hər yanlarında da əsgərlə mühasirədə. Bütün Krasnodarın camaatı bunların üzünə tüpürür. O vaxtlar ermənilərin yığıldığı yer də Krasnodar idi. Hər yerdən ermənilərin ora kütləvi axını var idi. Onlara deyirlər ki, “siz ekstremistlərsiniz, rusları qırmısınız...” Hidayət türməyə çatanda deyir ki, “başım ağrıyır, mənə dərman verin!” Ona rus əsgərləri deyirlər ki, “sənə dərman yox, zəhər verəcəyik...” Orada bir gün kamerada saxlayırlar, səhər tezdən yük vaqonlarına yükləyirlər. İki istiqamətə - Orenburq və Ulyanovska göndərirlər. Yolda bir həftə işgəncə verə-verə aparırlar. Yolda da dinclik verməyiblər onlara. Yemək, siqaret vermirlər. Ən çox da siqaret çəkənlərə əziyyət olub. Ulyanovska türməyə çatanda da onları çox pis qarşılayıblar. Bit dolu kameraya salıblar. Bit bunların canına daraşıb. İkinci gün kameradan çıxarıblar. Sıraya düzüblər. Uşaqlar danışırlar ki, bir nəfər başında andatradan papaq və yaxşı makintoşu olan bir oğlan gəlib. Əlində də “Marlboro” siqaret çəkir. Sırada hamıya baxa-baxa addımlayıb. Uşaqlar da fikirləşiblər ki, “yəqin bizi bu güllələyəcək”. Hamıya bir-bir nəzər yetirəndən sonra, deyib ki, “bağışlayın, mənə dünən sizin bura gəldiyinizi xəbər veriblər. Türmənin rəisi mənimlə dostdur, o mənə dedi ki, sizin ekstremistləri bura gətiriblər. Mən də Bakı ilə əlaqə saxladım, mənə dedilər ki, o dənizçilərin hamısı tutub, hansı istiqamətə aparıblar, bilinmir. Öyrəndim ki, onların yarı hissəsi də burada – Ulyanovskdadır. Ona görə də bura sizinlə görüşməyə gəldim.” Tez əlindəki siqareti də yerə atdı, çıxdı, getdi. Deyir ki, bizi o kameralardan çıxardılar, sabun verdilər, hamama apardılar. Bir-iki saatdan sonra bir yük maşını ilə bizə təmiz yataq dəsti gətirdilər. Yeməyi də yeşiklərlə gətirmişdilər. Özü də deyib ki, adı Farizdir. Göyçaylı balasıdır. Onlar da 30 gün Ulyanovsk həbsxanasında qalacaqlar. Həmin 30 gün müddətində də, “çalışın türmənin çörəyini yeməyin, nə lazımdırsa, mən verəcəm” deyib. Onların da birinin qolu, digərinin qabırğası sınıb, çox pis – şil-küt vəziyyətdə olublar. Onlara nəhayət həkim veriblər. Pis vəziyyətdə olanlara iynə vurublar. 30 gün müddətində Fariz onları nəzarətdə saxlayıb. Üzlərini də qırxmayıblar. Dəfələrlə nə qədər xahiş ediblər ki, üzlərini qırxsınlar, imtina ediblər. Deyiblər ki, “Yox. Şəhidlərin 40-ı çıxmayana kimi üzümüzü qırxmayacağıq”. Bir aydan sonra azadlığa buraxıblar. Çıxanda da görüblər ki, yalan olmasın, hər adama bir “Jiquli” maşını onları qarşılamağa gəlib. Bu da pis, paxıl olduğu iddia edilən millət...
- Azərbaycanlılar olublar? - Azərbaycanlılar olublar. Deyir ki, bizi mehmanxanaya gətirdilər. Ora gələndə, içkisiz böyük banket veriblər. Ayaqlarının altında qurban kəsiblər, yaxşı yemək veriblər. Fariz orada deyib ki, “bu 30 gün müddətində burada əyləşən azərbaycanlı uşaqlar sizə kömək ediblər. Mən sadəcə vasitəçi olmuşam. Özüm də burada birinci şöbənin rəisi işləyirəm. Türmənin rəisi ilə dostluğumuz olduğu üçün o mənə sizin bura gətirilməyinizi xəbər verib”. - Həmin bu pis, paxıl olduğu iddia edilən millətimiz bunu edib... - Bayaq. Mən sizə dedim. Bu millətə o cür sözlər yaraşmır. İnanın ki, ölümlə aramızda olan müəyyən bir vaxtda bir nəfər də olsun gəmini tərk edib, qaçmadı. Bu da sübut edir ki, millətimiz o düşüncədə olan millət deyil.