BODRUMDA VİLLA aldığı iddia olunan MƏMUR danışdı

 Bodrumda villa aldığı iddia olunan məmur danışdı

Qiymət Mehdiyev barəsindəki xəbərləri təkzib edib; azərbaycanlı məmurun oğlunun milyonçu həyatı üzə çıxdı

 

Ölkəmizdə cərəyan edən iqtisadi böhranın fonunda məmur xanımının Türkiyədə 20 milyon dollara 16 villa alması barədə iddialar gündəmə bomba kimi düşdü. Sosial şəbəkələr və mətbuatın hazırda əsas müzakirə mövzusu budur. 
 
SOCAR rəhbərliyi məsələyə dərhal reaksiya verib. Yanvarın 25-də şirkətin prezidenti Rövnəq Abdullayevin sədrliyi ilə iclas keçirilib. İclasda  ittiham obyekti olan, villaları alan qadının - Könül Mehdiyavanın əri, SOCAR-ın Əsaslı Kapital Qoyuluşları İdarəsinin rəis müavini Qiymət Mehdiyev də iştirak edib. SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirib ki, Mehdiyev yayılan məlumatların əsassız olduğunu hamının qarşısında bəyan edib. 
O, məlumatın SOCAR-a aid olmadığını da vurğulayıb. Qurumdan “Report”a verilən məlumata görə, bu məsələ şirkətdə mövcud olan korrupsiyaya qarşı mübarizə və şəffaflıq standartlarına uyğun olaraq araşdırılır, nəticəsi barədə ictimaiyyət məlumatlandırılacaq.
Q.Mehdiyevin özü də barəsində yayılan xəbərlərlə bağlı anspress.com vasitəsilə bəyanat yayıb. O, bəyanatda yayılan xəbərləri təkzib edib: “Bəzi sayt və media orqanlarında həyat yoldaşımın guya Türkiyənin Bodrum bölgəsində 20 milyon dollarlıq 16 ədəd villa almağı haqqında həqiqətə qətiyyən uyğun olmayan əsassız məlumatlar yayılmışdı. 
Bəyan edirəm ki, bu məlumat yalandır və bunu mənə, ailəmə, işlədiyim təşkilatın işgüzar nüfuzuna zərbə vuran hərəkət kimi qiymətləndirirəm. Mən 30 ildir ki, eyni təşkilatda çalışıram, həyat yoldaşım da interyer dizayn sahəsində mütəxəssisdir və bu sahədə uğurla fəaliyyət göstərir. Heç bir araşdırma aparmadan mənim və ailəmin haqqında yayılmış bu böhtan xarakterli məlumatların bizim konstitusion hüquqlarımızı pozduğunu bəyan edir, bu təhdidlərin məqsədli şəkildə aparıldığını bildirirəm. 
Məmur arvadı ilə bərabər Türkiyədən villa alan digər azərbaycanlılar...
Hətta məqalədəki fotoda həyat yoldaşım kimi qələmə verilən xanım da həyat yoldaşım deyil. Tamamilə yad, bizə aidiyyəti olmayan şəxsdir. Həyat yoldaşımın aldığı ev qeyd edilən ərazidəki çoxsaylı evlərdən yalnız birinin yarısı qədərdir. Bu həqiqət elə məqalədə göstərilmiş mülkiyyət sənədində də açıq formada qeyd edilib. Ev 1/2 pay olmaqla dəyəri 200 000 Türkiyə lirəsi (təqribən 60 min ABŞ dollar civarında ) dəyərindədir. Eyni zamanda qeyd etməliyəm ki, müxtəlif mətbuat orqanlarında “ətraflı araşdırmanın nəticəsi” kimi qələmə verilmiş saxta məlumat və cizgilər ictimaiyyətdə yalnız təsəvvürlərin yaradılmasına səbəb olub. Bu da məni həmin maraqlı şəxslərə qarşı qanunvericiliyin tam gücü ilə hüquqi tədbirlər görməyə məcbur edir".
 
O qeyd edib ki, hər hansı formada ictimaiyyətə təqdim olunmuş bu məlumatlar məqsədli şəkildə və cinayətkarcasına saxtalaşdırılmışdı.
 
Arvadı 16 villa alan məmurun oğlunun dəbdəbəli həyatı (FOTOLAR)
Qeyd edək ki, SOCAR məmurunun oğlunun milyonçu həyatını əks etdirən fotolar mətbuat və sosial şəbəkələrdə yayılıb. Onun oğlu Qismət Mehdiyev Barselonada təhsil alır. O, sosial şəbəkədə zəngin həyatı əks etdirən fotolar paylaşır. O, dünyanın müxtəlif bahalı şəhərlərindəki səyahət fotoları ilə diqqət çəkir.
Məlumatın Türkiyə tərəfdən mətbuata sızdırılması geniş müzakirələrə səbəb olub. Əksəriyyət düşünür ki, bu hadisədən sonra Türkiyəyə olan etibar cəmiyyətimiz arasında itəcək. Hətta dövlətlər arasındakı münasibətlərə xələl gətirəcəyi də vurğulanır. İddia olunur ki, SOCAR məmurunun arvadının villaları ilə bağlı məlumatın mətbuata ötürülməsi hakimiyyətdaxili savaşın nəticəsidir.
Bu məlumatın üzə çıxmasından sonra digər iri ranqlı məmurların xaricdəki böyük vəsaitlərinin, villalarının taleyi də gündəmə gəlib. Həmin məbləğlərin geri qaytarılması ilə bağlı fikirlər səslənməyə başlayıb. Ekspertlər hesab edirlər ki, bu yolla ölkəmizdəki iqtisadi böhranın qarşısını almaq mümkündür. 
 
Politoloq Ə.Oruclu məsələyə fərqli, geniş rakursdan yanaşmağın tərəfdarıdır. O hesab edir ki, bu məlumatların indi ortaya çıxması əsasdır: “Bu məlumatın bugünlərdə ortaya çıxması səbəbi daha maraqlıdır. Burada söhbət daha çox hakimiyyətdaxili çəkişmələrdən gedir. Belə məlumatların davam edəcəyini istisna etmirəm. Belə görünür ki, hazırda hədəfə alınan Dövlət Neft Şirkətinin vitse-prezidenti Mikayıl İsmayılovdur. Çünki məlumatda idarə rəisi müavininin onun himayəsində olmasının xüsusi vurğulanması artıq işarədir. Bütün bunlar hesab edirəm ki, iqtidardaxili savaşın təzahürüdir. Bu davam edəcək. Çünki artıq hakimiyyət daxilində münasibətlər pik həddə çatıb. Görünən odur ki, soyuq ağıl da artıq arxa plana keçib. Hakimiyyət anlamır ki, vəziyyət onların ziyanınadır, sonda özlərinə zərbə vura bilər. Hətta hakimiyyətə qarşı ciddi etirazlar dalğası da yarana bilər. Bütün bunlar gözlənilən idi. 20 milyon məbləğ göstərirlər. Bu yanlış rəqəmdir. Sizin qəzetdə bu barədə dəqiqləşdirmə olub. O fakt daha doğrudur. Çünki göstərilən ərazidə o qiymətə mülk yoxdur. Bu, kompromat savaşlarının növlərindən biridir. Yəni qiymətləri şişirtməklə diqqət çəkilib. Bu məlumatın Türkiyə tərəfdən mətbuata ötürülməsi qarşı tərəfə olan etibarı aşağı sala bilməz. Belə hallar çox olub. Sadəcə, bu məlumat hansısa qrupun fəaliyyətinin nəticəsidir.
 Hakimiyyət daxilində bir-birinə qarşı necə savaşların getdiyindən yəqin ki, xəbərsiz deyilsiniz”.
Politoloq Natiq Miri də belə məlumatların üzə çıxarılmasının təbii qəbul olunduğunu bildirdi: “İç dünyada münasibətlər mənfəət çərçivəsində qurulur. Tərəflər arasında razılıq əldə olunursa, sonradan bu razılıq tərəflərin biri tərəfdən pozulursa, belə addımın atılması təbii qəbul olunur. Bu baxımdan Türkiyəyə etimad məsələsi söhbət predmeti ola bilməz. Çünki bu dövlətlər arasında baş verən hadisə deyil. Ola bilsin ki, müəyyən qüvvələr arasında bu məsələ razılaşdırılsın. Amma mahiyyət hələ açılmayıb”.
Politoloq xaricdə böyük vəsaitləri olan azərbaycanlı məmurların pullarının geri qaytarılmasının da vacibliyindən söz açdı: “Düşünürəm ki, bu hadisə MTN-lə bağlı hazırda gedən istintaqın tərkib hissəsi olub. Çünki istintaq çərçivəsində heç şübhəsiz ki, yeni-yeni məlumatlar üzə çıxır. Bu məlumat da o silsilədən ola bilər. Zaman-zaman belə məlumatların mətbuata sızdırılacağını istisna etmirəm. Bu baxımdan digər belə vəsaitləri olan məmurlar barəsində də qərarların veriləcəyini düşünürəm. Çünki bu məbləğlər ümumi götürdükdə çox böyükdür. Hətta Azərbaycanın bir illik büdcəsindən böyük məbləğ ola bilər. İndiki çətin vəziyyətdə belə vasitələrdən istifadə olunması çox vacibdir”.
Nəzərə çatdıraq ki, 24 yanvarda xəbər yayılan gün bununla bağlı SOCAR-dan mövqe almaq istəsək də bu, heç cür mümkün olmadı. 
Musavat.com-a günorta saatlarında məlumat daxil oldu ki, yanvarın 25-də axşam saatlarında telekanallardan birində Qiymət Mehdiyev verilişə çıxarılacaq və həm öz adının, həm də həyat yoldaşının adının 20 milyonluq villa ilə bağlı hallanmasına aydınlıq gətirəcək. Axşam saatlarında o, ANS-ə çıxıb və yuxarıda qeyd edilən bəyanatındakıları təkrarlayıb, həmçinin qeyd edib ki, “bu villalardan birinin bizə aid olduğunu sübut edən adama mən bir villa alıb bağışlayacam”...  
SOCAR-dakı mənbələrdən musavat.com-a o da bildirilib ki, 16 villa söhbəti ARDNŞ-lə ortaq iş görən Türkiyə şirkətlərindən hansınınsa təxribatıdır. Deyilənə görə, həmin şirkət üzərinə düşən öhdəliyi yerinə yetirməkdən boyun qaçırıb və üstəlik, Azərbaycan tərəfini bu cür informasiya təxribatına çəkib.
 
Xatırladaq ki, virtualaz.org saytı 2014-cü il iyulun 4-də Azərbaycan vətəndaşı, 1974-cü ildə anadan olmuş Mehdiyeva Könül Fərhad qızının Türkiyənin elit kurort bölgəsi Bodrumda, Gökçebel qəsəbəsində 16 ikimərtəbəli villa və 12 min 621.71 kvadratmetr torpaq sahəsi alması haqda məlumat yayıb. 
 
 
 
Cavanşir ABBASLI






Fikirlər