22.01.2014. - Prokurorun işdən çıxmasına oğlu bais olub? (VİDEO)

22.01.2014. -   Prokurorun işdən çıxmasına oğlu bais olub? (VİDEO) Onun oğlu Elvin Nəbizadə “Facebook” səhifəsində bahalı avtomobillərinin şəklini paylaşıb
AzerTaym.az ANS.coma istinadən məlumat verir ki,Bakı Şəhər Prokurorluğunun İstintaqa nəzarət şöbəsinin rəisi Ramiz Nəbiyev vəzifəsindən gedib. Prokurorluğun mətbuat xidmətindən bildirilib ki,o, öz xahişi ilə işdən kənarlaşıb. Mətbuat şöbə rəisinin vəzifədən getməsini bir müddət əvvəl onun oğlu Elvin Nəbizadənin “Facebook” səhifəsində bahalı avtomobillərinin şəklini paylaşması və bunun da geniş müzakirələrə yol açması ilə əlaqələndirilir. Elvin Nəbizadə “Facebook” səhifəsində özünə məxsus bahalı avtomobilləri nümayiş etdirmişdi. Fotolarda qiyməti 100 min manatlarla ölçülən müxtəlif markalı avtomobillər əks olunub. Avtomobillərin bahalı olması ilə bərabər dövlət nömrələrinin də el dili ilə desək, "zerkalnı" olması diqqət çəkir. Elvinin paylaşdığı şəkildə dollar və manat əskinaslarının düzülüşündən də görünür ki, onun 222 nömrəsinə böyük sevgisi olub. Elə bu seriyanı daşıyan Almaniya istehsallı 10-VJ-222 dövlət qeydiyyat nişanlı avtomobil, həm də dəbdəbəli bir villanın qarşısında çəkilib. Bir sözlə, məmur atanın işdən çıxmasına da övladın bais olduğu istisna edilmir.
Bakı Şəhər Prokurorluğunda vəzifə tutan Ramiz Nəbiyevin ərizə yazmasını bir jest kimi qəbul edənlər də var. Baxmayaraq ki, adı və yaxınlarının hərəkətləri hansısa qanunsuz əməllərdə hallanan məmurun istefa yazması Azərbaycan üçün nadir hadisə sayıla bilər.
Ekspert, Əlməmməd Nuriyev: “Çox təəsüf ki, Azərbaycanda istefa mədəniyyəti inkişaf etməyib. İstefa o zaman olunur ki, onun işində hansısa qanunsuzluqlar olur. Onsuz da istefa verməsə, onun üçün daha ağır ola bilər”.
Prezident İlham Əliyev keçirdiyi müşavirələrdə dəfələrlə məmurlara və onların qohumlarına qanunsuzluqlarla bağlı xəbərdarlıq edib. Həmçinin Dövlət Başçısı 2005-ci ildən “Gəlir deklorasiyası haqqında” qanunun icrası ilə bağlı fərman da imzalayıb və gəlir deklorasiyasının forması da hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Lakin bununla bağlı qanunun icrası gecikir.
Ekspertlər bu fikirdədir ki, əgər ölkədə gəlir deklorasiyası haqqında qanun işləsəydi, korrupsiya qanunsuzluqların qarşısı vaxtında alınar, şəffaflıq təmin olunardı. Əksər dünya ölkələrində “Gəlir deklarasiyası haqqında” qanun qəbul edilib və bu ölkələrdə vətəndaşlar öz gəlirləri barədə müvafiq qurumları məlumatlandıraraq, vergi ödəyirlər.






Fikirlər