"STƏKANDA FIRTINA QOPARANLAR"ın növbəti ŞOUsu...

“Aynar Məmmədov qala gecəsində - Fotolar

Əsası böyük ədiblərimiz tərəfindən qoyulmuş, millətin taleyini düşünən ziyalıların cəhalətə qarşı ən kəskin silah kimi gördükləri Azərbaycan mətbuatı bu gün naşı- tariximizdən və mədəniyyətimizdən xəbərsizlərin əlində zərərli vasitəyə çevrilməkdədir desək yanılmarıq.   

İnternet medianın inkişafı ilə isə bu vəziyyət daha da pisləşib. İndi hətta ali təhsili olmayan, mətbuat, onun cəmiyyətdəki rolu barədə ən kiçik anlayışları olmayanlar belə sayt sahibləri və rəhbərlərinə çevriliblər. Məhz bunun nəticəsidir ki, Azərbaycan mətbuatı sürətlə rəngini dəyişərək “sarı mətbuat”a çevrilir. Çox maraqlıdır ki, hətta ciddi xəbərlər belə cəmiyyətə şou xəbərlər kimi təqdim edilməyə başlanılıb.

Ölkə mətbuatında yaranmış bu acınacaqlı vəziyyətin nəticəsidir ki, artıq şəxsi həyatın toxunulmazlığı kimi bütün dünyada əsas tutulan prinsipə Azərbaycan mətbuatında əməl olunmur. Əksinə, bu gün media tanınmış insanların fəaliyyətlərinə deyil, onların özəl həyatlarına daha çox maraq göstərməyə başlayır. Bunun ən bariz nümunələrindən biri sabiq millət vəkili Elton Məmmədovun oğlu Aynar Məmmədovun bu günlərdə “Axırıncı yol” filminin qala gecəsində iştirakı ilə bağlı yayılan informasiyada özünü bir daha göstərdi...

Əslində, cəmiyyətdə tanınan şəxslərin ədəbi-mədəni tədbirlərdə iştirakı mədəniyyətin təbliği baxımından istifadə edilməlidir. İndi dünyanın əksər ölkələrində cəmiyyətin tanınmış şəxslərinin vasitəsilə mədəniyyətin, ədəbiyyatın və elmin təbliğinə çox böyük üstünlük verilir. Əgər son illərə qədər filimlərin qəhrəmanlarının davranışları ilə siqaret və spirtli içkilər reklam olunurdusa, indi tamamilə əks proses - filimlərin qəhrəmanları vasitəsilə kitablar, mədəniyyət əsərləri təbliğ olunur. Bu cəmiyyətə çox müsbət təsir göstərir və cəmiyyətin mədəni səviyyəsinin artmasında çox mühüm rol oynayır. Aynar Məmmədov da məhz bu düşüncələrin daşıyıcılarından olduğu üçün Nizami Kino Mərkəzində “Axırıncı yol” filmininin qala gecəsində iştirak edib.

 Onun və onun şəxsində bu kimi insanların mədəni tədbirlərdə iştirakını alqışlamaq, onu nümaunə kimi göstərib insanları kino-teatırlara dəvət etmək əvəzinə, çox təəssüf ki,bunu şou xəbərə çeviririk. Qeyd edək ki, cəmiyyətdə tanınmış şəxslərin, onların ailə üzvlərinin ədəbi-bədi gecələrdə, kitab sərginlərində iştirakının vacibliyi ilə bağlı Azərbaycan ziyalıları uzun illərdir ki, çağrışlar edirlər. Azərbaycan mətbuatı da məhz ziyalıların mövqeyindən çıxış edərək, mədəniyyətin, elmin və təhsilin inkişafına xidmət göstərə biləcək addımları dəstəkləməlidirlər. Bunun əvəzinə tək-tək halda olan nümunələri də şou xəbərə çevirmək cəmiyyətin inkişafına heç bir müsbət təsir göstərə bilməz. Xüsusilə də belə tədbirlərdə iştirak edən şəxslərin özlərinin razılığı olmadan onların şəkillərini, özü də ailə üzvüləri ilə birgə şəkillərini xəlvəti şəkildə çəkib yaymaq xəbərçilik anlayışına uyğun deyil.

Bu gün daha çox Qərbin özündə də paparatsilərdən imtina prosesi gedir. İndi özünə hörmət edən media orqanları şəxsin özünün icazəsi olmadan çəkilmiş şəklini yaymaqdan imtina edirlər. Mətbuat azadlığının ən yüksək səviyyədə olduğu ölkələrdə belə cəmiyyətdə tanınmış şəxslərin özlərinin razılığı olmadan şəkillərinin çəkilməsinin qarşısını alırlar, bu zaman hətta kobudluq etməkdən, fiziki güc tətbiq etməkdən də çəkinmirlər. Bu zaman isə heç kim mətbuat azadlığının pozulmasından danışmır. Çünki, Qərbdə və digər inkişaf etmiş ölkələrdə şəxsi həyata hörmət etmək əsas dəyərə çevrilib. Əlbətdə, bu məqam siyasətçilərə aid edilmir və cəmiyyət onu idarə edənlərin həyatı haqqında hər bir məlumatı almaq haqqına sahibdir. Ancaq bu məqam yalnız siyasətçilərə, dövləti idarə edənlərə aid edilir. Siyasətçilərdən başqa cəmiyyətdə tanınan digər insanların, iş adamlarının, elm, mədəniyyət və idman dünyasının təmsilçilərinin özəl həyatlarına hörmətlə yanaşılır.

Aynar Məmmədov siyasətçi olmadığı üçün onun özünün icazəsi olmadan hansısa bir tədbirdə şəkilinin çəkilməsi peşəkar xəbərçiliyə ziddir. Həm də bu haqqda xəbər yayan KİV-lərin məqsədləri doğru olsaydı onlar qala gecənin bitməsini gözlər, Aynar Məmmədovun razılığı olardısa, ondan film haqqında rəyini öyrənər və bunu xəbər kimi yayardılar. Bu həqiqətən cəmiyyət üçün müsbət siqnal ola bilərdi. Bunun əvəzində Aynar Məmmədovun ailə üzvüləri ilə birgə şəklini çəkib, yaymaq xoş məram sayıla bilməz.

Əlbətdə, Aynar Məmmədovun qala gecədə iştirakı zamanı çəkilmiş şəkilinin heç bir kompramat yükü yoxdur. Bu olsa-olsa ucuz paparatsilikdən başqa bir şey deyil.Bu xəbər və şəkillər Aynar Məmmədovun əleyhinə də yönələ bilməz. Çünki, Aynar Məmmədov qala gecədə iştirakı ilə Azərbaycan mədəniyyətinə verdiyi önəmi, dəyəri nümayiş etdirib ki, bunu da ancaq alqışlamaq olar.

Ümid edirik ki, özünü jurnalistdən çox paparatsi kimi aparanların bu addımı Aynar Məmmədovu mədəni tədbirlərdə iştirakdan çəkindirməyəcək. Əksinə O, bundan sonra da belə tədbirlərdə müntəzəm və nümayişkarənə iştirak etməli, cəmiyyətdə mədəniyyətin təbliğinə öz tövhəsini verməlidir.

Azər Abdul.

 

 






Fikirlər