AQİL ABBASDAN AĞIR SÖZLƏR: "EFİRƏ LÜT ÇIXIB..." - DAHA BİR RƏZALƏT
Son vaxtlar aparıcılar şou göstərməkdə müğənniləri kölgədə qoyub. Əvvəlcə Zaur Baxşəliyevin efirə hamam xalatında çıxması, ardınca keçi kimi mələməsi, digər aparıcı Könül Yusifqızının efirdə gecə geyimində görünməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəziləri bunu izləyiciyə qarşı hörmətsizlik kimi dəyərləndirib. AzerTaym.az xəbər verir ki, millət vəkili Aqil Abbasın Yenicag.az -a açıqlamasında məsələyə münasibəti belə olub: "O verilişləri xoşlamıram. Buna görə heç baxmıram da. Baxanda da görürəm ki, hədlərini aşırlar. Kimlərəsə azadlıq verilirsə, o demək deyil onlar hədlərini aşmalıdır. Kimsə efirə gecə geyimində, ya lüt çıxıb bilmirəm, hər halda, azadlığın da bir sərhəddi var. Amma millətin önünə çıxan aparıcı öz geyiminə, danışığına, oturuşuna-duruşuna fikir verməlidir. Efirə qoca, cavan, uşaq, qadın baxır. Yaxşı olardı ki, həmin aparıcılarımız AzTV, İctimai TV, Mədəniyyət kanalından veriliş aparmağı öyrənsinlər". Tanınmış media eksperti Zeynal Məmmədli isə hər bir proqramın qırmızı xətlərinin olmalı olduğunu vurğulayıb: "Heç bir hazırlığı olmadan, heç nə mənimsəmədən veriliş təqdim etmək, yola vermək çox qorxulu haldır. Bunun yanında Zaurun keçi kimi mələməyi qorxulu deyil. Uzaqbaşı bunu bəyənməyənlər olacaq və Zaur bir də mələməyəcək. İzləyici tərbiyəsiz olanda aparıcının tərbiyəsizliyini hiss edə bilməyəcək. Bunu norma kimi qəbul edəcək. Bu mənada, keçi kimi mələmək tərbiyəsizlik deyil, amma problemləri araşdırmaq, çıxış yolu göstərmək əvəzinə keçi kimi mələmək, bax bu yolverilməzdir. Hər bir verilişin qırmızı xətti olmalıdır və dövrə görə qırmızı xətlər dəyişir. Televiziyaların özünün dəqiq normaları olmalıdır. Diqqətimizi aparıcının efirə gecə geyimində çıxmasından, keçi kimi mələməsindən çox mühitə yönəltməliyik. Nəticəni yox, səbəbləri düşünməliyik. Mühiti qınamaq lazımdır. Aparıcı, ya sənətçi düşünür ki, gecə paltarında çıxıb məşhurlaşacaq. Gör insanlar nə günə qalıb ki, gecə geyimində efirə çıxmağı cəsarət kimi qiymətləndirir. Sabah bir siyasətçi efirə "çılpaq" çıxarsa, onu olduğu kimi görəriksə, bu cəmiyyətin uğurudur, amma sənətçini efirdə çılpaq görməyimiz növbəti məğlubiyyətimizdir".