Əli Həsənov kimdir? - Naxçıvandan Bakıya dönüş MÖHTƏŞƏM OLUR...
ANV hər həftənin çərşənbə axşamı oxucuların görüşünə gələn “Məmur portreti” adlı rubrikanı davam etdirir. Rubrika vasitəsilə oxucular dövlət rəhbərliyində təmsil olunan, ölkənin müxtəlif sahələrinə rəhbərlik və nəzarəti həyata keçirən məmurların keçdiyi həyat yolu, ictimai mövqeyi, gördüyü işlərlə tanış olurlar. “Məmur portreti”inin növbəti qonağı Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovdur. Əli Həsənov kimdir? 20 ildən artıqdır ictimai-siyasi sahəyə rəhbərlik edən Əli Həsənov 10 mart 1960-cı ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Tənənəm kəndində anadan olub. Balıqlar bürcünün tipik nümayəndəsi olan Ə.Həsənov bu bürcün əsas cəhətlərini özündə birləşdirir: “Balıqlar” həmişə diqqət mərkəzində olmağı sevirlər, sədaqətlə çalışırlar, zəhmətsevərdilər”. Gələcəyin məmuru orta təhsilini doğulub boya-başa çatdığı Naxçıvanda, ali təhsilini isə Moskva Dövlət Universitetinin Tarix fakültəsində alıb. Əmək fəaliyyətinə laborant kimi başlayan Ə.Həsənov çox keçmir ki, Naxçıvan Dövlət Universitetinin tədris şöbəsinin inspektoru, baş laborantı vəzifəsinə irəli çəkilir. Naxçıvandan Bakıya dönüş möhtəşəm olur... Ulu Öndər Heydər Əliyevin sadiq tərəfdarlarından olan gələcək məmur 1994-cü ildə Bakıya dönür. Ümumilli Liderin rəhbəri olduğu partiyada rəhbər vəzifə tutur. Dostlarının dediyinə görə, Əli Həsənovla Ulu Öndər Heydər Əliyevin münasibətlərinin yaranma tarixi sonuncunun Moskvada oxuduğu dövrə gedib çıxır. O zamanlar vaxtaşırı olaraq Ulu Öndərlə görüşən Ə.Həsənov hələ gənclik dövründən sadiq əliyevçilərdən olub. 1994-1995-ci illərdə Yeni Azərbaycan Partiyasının ideologiya şöbəsinin müdiri vəzifəsində işləyən Əli Həsənov 1995-ci ildən yolunu Prezident Aparatından salır. 1995-1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsi müdirinin müavini, 1996-2005-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri vəzifələrində çalışır. Tarixçi alim, araşdırmaçı professor... Əli Həsənov siyasi fəaliyyətlə yanaşı elmi fəaliyyətə də heç zaman ara verməyib. Tarix elmləri doktoru, professor Əli Həsənovun çoxsaylı elmi məqalələri dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən elmi jurnal və dərgilərdə çap edilib. Onun ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələlərindən bəhs edən elmi məqaləsi Rusiyanın nüfuzlu “Science and world” jurnalında, Moldovanın "Law and politology" jurnalında dərc olunur və bütün dünyaya səs salır. Məhz bu məqalədən sonra bəzi “erməni alimlər” hörmətli professorun göstərdiyi faktları gözdən salmağa çalışırlar. Çünki cənab Əli Həsənov hədəfi aydın göstərirdi və bu heç şübhəsiz tarixi saxtalaşdırmaq şakərindən qurtula bilməyən erməni lobbisini və onların muzdla nəzarətində saxladığı “erməni alimləri” narahat etməyə bilməzdi. Professor Əli Həsənovun “Azərbaycanın geosiyasəti” adlı kitabi isə ölkəmizin milli maraqlara söykənən xarici siyasət kursuna bir daha işıq salır və beynəlxalq ictimaiyyətin diqqətini yenidən bu məsələyə cəlb edir. O hamının dostudur: jurnalistlərin də, siyasətçilərin də... 2005-ci ildən Prezidentin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, 2015-ci ildən isə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi təyin olunan Əli Həsənovun adı Prezident İlham Əliyevin sadiq tərəfdarları siyahısında xüsusi xəttlə çəkir. Uzun illərdir ölkəmizin ictimai-siyasi sahəsinə rəhbərlik edən Ə.Həsənovun Azərbaycanda ictimai-siyasi sabitliyin bərpa olunmasında xüsusi rolu var. Dövlətlə KİV-lər, QHT-lər, vətəndaş cəmiyyəti arasında uğurlu münasibətlərin yaranması da məhz onun xidmətləri sırasına şamil edilə bilər. Ölkə jurnalistlərinin, ictimai sektor təmsilçilərinin, bir sözlə bu sahəylə məşğul olan şəxslərin hər biri onu özünə dost sayır. Heç şübhəsiz bu fakt Ə.Həsənovun bir dövlət rəsmisi olaraq məsuliyyət və təvazökarlıq hissinin əyani göstəricisi kimi qiymətləndirilə bilər. Əli Həsənov ailəlidir, bir oğlu, bir qızı var. Həyat yoldaşı Sona Vəliyeva alimdir. "Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvüdür. Oğlu Şamxal Həsənov isə film çəkilişləri həyata keçirən şirkətin rəhbəridir. AzerTaym.az