QARABAĞI QAYTARDIQ, “QARABAĞ”I DA QAYTARA BİLSƏK...- Klub rəhbərliyi pul,azarkeş can hayındadır...

Bəxtsizlikdən uduzmaq olar. Amma bir dəfə, iki dəfə, üç dəfə... Dəfələrlə, ardıcıl, durmadan yox. Təəsüf ki, “Qarabağ” son dövrlərdə göstərdiyi futbolla və əldə etdiyi nəticələrlə onu sevən, dəstəkləyən azarkeşlərini qətiyyən sevindirmir, əksinə..

Bunun baş məşqçi tərəfindən hər dəfə bəxtsizliklə izah edilməsi isə məğlubiyyətin gətirdiyi məyusluğu daha da artırır. Avropa Liqasının Liqa mərhələsinin VII turunda Bakıda Rumıniyanın FCSB klubuna uduzan "Qarabağ"ın 36 komanda arasında 34-cü yerdə olmasının səbəbini və günahını təkcə futbolçularda və baş məşqçidə axtarmaq əlbəttə ki, düzgün olmaz. Ən azından ona görə ki, komandada ciddi oyunçu çatışmazlığı hiss olunur...

“Qarabağ” son zamanlar öz oyunları, performansı ilə deyil, “sərfəli oyunçu alveri” ilə daha çox gündəmə gəlir. Brazilyalı Juninyonun 5 milyona braziliyalılara satılması ətrafında lətifələr dolaşır. Budurmu “Qarabağ”a yaraşan? Yəni, kliub ətrafında qeyri-ciddi bir mühit formalaşır və təəssüf ki, baş məşqçinin açıqlamaları, eləcə də klub rəhbərliyinin etinasızlığı bu qeyri-ciddiliyi daha da artırır...

 

 

Son satışlardan milyonlar qazanan klub rəhbərliyi nədənsə satılan futbolçuların yerini doldura bilmir. Ya da bunu istəmir. Bir neçə ildir ki, komandaya normal qapıçı da gətirə bilmirlər. Görəsən niyə? Ortada bir səviyyəli qapıçı gətirsələr də, qısa müddət sonra deyilənə görə, pulda anlaşa bilmədikləri üçün klubdan getdi. Mövzu puldursa, pul qazanmaqdırsa, klub rəhbərliyi çıxıb bunu açıq desin, yalançı şüarlarla baş qatmasın. Yoxsa, klub sahibi pul, azarkeş isə can hayındakı kimi görünür...

 

 

 

 

 

Azarkeşlərə klub rəhbərliyinin Qarabağa, vətənə dair şüarlarındansa, “Qarabağ”ın meydançada yüksək səviyyəli futbolu, uğurları, qələbələri lazımdır. Biz isə əvəzində bir arxayınçılıq, etinasızlıq, biganəlik görürük. Getdikcə sayı durmadan azalan qələbələrdən əvvəlki coşqunu, sevinci görmədiyimiz kimi, sayı artan məğlubiyyətlərdən də üzüntünü, məyusluğu və bundan irəli gələn hirsi, qələbə istəyini görmürük. Bunları kim söndürüb, hardan söndürüb, niyə söndürüb, anlamaq olmur...

 

 

 

Bu yazılanlar bir peşəkar futbol şərhçisinin münasibəti yox, sıravi azarkeşin qəlbinin harayıdır. O, futbolun dərinliklərini, nə baş verdiyini bilməyə, bu baxımdan səhv edə bilər. Lakin onu nə pul, nə karyera, nə də “Qarabağ” rəhbərliyinin maddi maraqları, hansısa intriqaları və s. maraqlandırmır. Onu sadəcə, əvvəlki “Qarabağ”ı görə bilməməsi yandırır və o, bunun səbəblərini anlamağa çalışır...

Qarabağı 30 ildən sonra qaytardıq, böyük qanlar, itkilər hesabına. “Qarabağ”ı qaytarmaq hər halda, bu qədər çətin olmamalıdır. Sadəcə, əvvəlki ruh, istək, eşq və bir də klub rəhbərliyinin öz vicdanı ilə qabaq-qabağa oturub yaxşı-yaxşı danışması lazımdır...

“AzPolitika.info”

 

 






Fikirlər