Toy karvanındakı “Mercedes” qəza törətdi - 3 ölü, 5 yaralı - Yenilənib
Göyçayda 3 nəfərin ölümü, 5 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. *** Göyçayda avtomobil qəzasında dünyasını dəyişənlərin və xəsarət alanların adları məlum olub.
Azərtaym.az APA-ya istinadən məlumatına görə, hadisə 21 də Bakı-Şamaxı yolunun 190-cı kilometrliyində, Göyçay rayonun Qaraəryəm kəndi ərazisində baş verib.
“Mercedes” (10 UG 540) və VAZ 21015 (90 XL 615) markalı avtomobillər toqquşub. Hadisə zamanı 3 nəfər dünyasını dəyişib 5 nəfər ağır xəsarət alıb.
Məlumata görə, toy karvanında olan “Mercedes” əks istiqamətli hərəkət zolağına çıxaraq, qarşıdan gələn “VAZ 21015”-lə toqquşub.
Yaralılar Göyçay Mərəzi Xəstəxanasına yerləşdirilib.
Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.
Göyçay Mərkəzi rayon Xəstəxanasından APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə zamanı Göyçayın Şahsoltanlı kənd sakini 1961-ci il təvəllüdlü Kərimova Nərgiz Vəlimirzə qızı, Qaraməryəm kənd sakini 1954-cü il təvəllüdlü Aleksandr Xanbutov, İsmayıllının Quşencə kənd sakini 1982-ci il təvəllüdlü Kamilov Fizuli Slavik oğlu dünyasını dəyişib, Şahsoltanlı kənd sakinləri 1958-ci il təvəllüdlü Qəhrəman Yediyarov, onun həyat yoldaşı 1959-cu il təvəllüdlü Rəqibə Yediyarova, 1969-cu il təvəllüdlü İsrafilov Raqib Vəlimirzə oğlu, 1988-ci il təvəllüdlü İsayev Ramin Ələkbər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasının reanimasiya və travmatologiya şöbələrinə yerləşdirilib.
Hazırda yaralıların vəziyyəti ağır olaraq qalır.