“BazarStore”un müştəri ilə bağlı qalmaqalı böyüyür — FOTO + VİDEO

 

“Bazarstore”un tədarükçüsü “Aqro Invest və İstehsalat MMC” iylənmiş balıq haqqında videonu sosial şəbəkələrdə yayan vətəndaşdan 100 min manat almağa hazırlaşır

AzerTaym.az xəbər verir ki, oxu.az məsələ ilə bağlı videonun müəllifi Esmiralda Şıxamirovaya müraciət edib.

Onun sözlərinə görə, 29 noyabr 2016-cı ildə sözügedən supermarketdən balıq məhsulları alıb: 

“Həmin balığı noyabrın 30-da bişirdim. Lakin bişirdiyim balığın dadı acı olub və ondan pis iy gəlirdi. Bundan sonra mən bişirdiyim balığı götürərək “BazarStore”a getdim. Administratoru çağırdım, bişirdiyim balıqdan dadına baxmaq üçün yeməsini xahiş etdim. O, bişmiş balığı yeyəndən sonra çox dadlı olduğunu dedi. Sonra mən orada çalışan bir neçə xanım işçidən xahiş etdim ki, balığın dadına baxsınlar. Onlar da bişmiş balıqdan yeyəndən sonra çox dadlı olduğunu bildirdilər”.

E.Şıxamirova bildirib ki, baş vermiş hadisədən sonra o, Dövlət Baytarlıq Nəzarəti Xidmətində çalışan tanışına zəng edərək ona vəziyyəti başa salıb. Adının hallandırılmasını istəməyən xidmətin əməkdaşı E.Şıxamirovadan həmin balıqdan daha birini alıb, idarəyə gətirməsini xahiş edib.

Şikayətçinin sözlərinə görə, o, baş verənləri mobil telefonu vasitəsilə videoqeydiyyata almaq istəyən zaman administrator onu itələyib, mühafizəçi xanım isə telefonunu əlindən almaq istəyib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məsələ ilə bağlı Oxu.Az-a bildirib ki, onlara bununla bağlı müraciət edən olmayıb.

“Azərbaycanın rayon və şəhərlərində heyvanların baytarlıq-sanitariya tələblərinə cavab verməyən məhsulların nəzarəti DBNX və Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən həyata keçirilir. Bizim əməkdaşlar bazar və ticarət mərkəzlərində heyvan məşəli məhsulların qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq-sanitariya ekspertizasının aparılmasını təmin edir, məhsulların çirkli, yararsız olub-olmasını müəyyən edir”.

Yolçu Xanvəlinin sözlərinə görə, əgər hər hansı ticarət mərkəzində xarab məhsul satırlarsa, ilk növbədə, bunun günahkarı həmin yerin sahibidir:

“Bizim əməkdaş yoxlama apardıqdan sonra təmiz məhsulu, xarab, çirkli, yarasız məhsul ilə əvəzləyə bilərlər, çünki işçi ticarət mərkəzlərində hər piştaxtanın qarışısında daim qarovul çəkə bilməz”.

DBNX-nin mətbuat xidmətinin rəhbəri bildirib ki, vətəndaşlar belə bir neqativ halla rastlaşarsa, onların qaynar xəttinə zəng vurmalıdırlar.

“Daha sonra vətəndaşın iştirakı ilə xarab məhsulun nümunəsi götürülür və müvafiq araşdırmalar aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq müvafiq tədbirlər görülür”.

E.Şıxamirova əlavə edib ki, bişmiş balığı ekspertiza etdirmək üçün Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə aparsa da qəbul etməyiblər: 

“Mən həmin balığı Gigiyena və Epidemiologiya mərkəzinə apardım və oradan mənə dedilər ki, vətəndaşlar tərəfindən gətirilən məhsullar ekspertiza olunmur. Sonra mən İqtisadi İnkişaf Nazirliyinə məktub yazdım. Mənə bildirdilər ki, nazirliyin cavabından sonra “BazarStore”dan balıq götürüləcək və ekspertiza olunacaq”.

.

E.Şıxamirova həmçinin vurğulayıb ki, məhkəməyə veriləcəyinə inanmırdı: 

“Bu, çox gülməlidir. Mənə xarab malı satmaqları az deyil, üstəlik, məhkəməyə də veriblər. Guya mən videonu yayımladıqdan sonra “BazarStore”a maddi ziyan vurmuşam və buna görə də məndən 100000 manat tələb edirlər. Məhkəmədən mənə məktub gəlib. Yanvarın 31-də hazırlıq məhkəməsi keçiriləcək. Mən bilmirəm, nə edim. İmkanım yoxdu özümə vəkil tutum. Mənə deyiblər ki, əgər pulu verməsəm, mülkümü satdıra bilərlər. Axı mənim mülküm də yoxdur. Mən anamın evində yaşayıram”.

Qeyd edək ki, “Bazarstore”un tədarükçüsü “Aqro Invest və İstehsalat MMC”-dir.






Fikirlər