Antistress “oyuncaq”lar stressi götürür, YOXSA…?
Spinner oyuncağı misteniyadan əziyyət çəkdiyi üçün öz uşağı ilə oynaya bilməyən və bu oyuncağı hazırlamaqla ona qayğı göstərmək istəyən ABŞ-ın Florida ştatının sakini Ketrin Hettinqer tərəfindən hazırlanıb. Bu qadın 1990-cı illərin əvvələrində peyda olan spinner üçün hətta 1997-ci ildə patent alıb. Bir neçə ildən sonra istehsalçıların diqqətini özünə cəlb edən spinner bu gün bütün dünyada həm böyüklərin, həm də kiçiklərin əyləndiyi bir vasitə olub. Son zamanlar Azərbaycanda da uşaqlar arasında yeni – antistress “oyuncaq”lara marağın artması müşahidə edilir. Onlar arasında ən populyarı isə əllə fırladılan spinnerlərdir (stress çarxı). Daha çox internet resurslarında reklam edilən və ölkə bazarına da yeni ayaq açan spinnerlərin satış qiyməti ölçüsündən, formasından, materialından asılı olaraq dəyişir. Valideynlərin çoxu bu oyuncaqları ziyansız və stressə qarşı müəyyən qədər xeyirli hesab etsə də, mütəxəssislər başqa fikirdədirlər. Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Elnarə Baxışlı da Trend-ə verdiyi açıqlamasında bildirib ki, antistress oyuncaqların həm müsbət, həm də mənfi tərəfləri var. Psixoloqun sözlərinə görə, bu oyuncaqdan pedaqoji metod kimi istifadə edilmir. E.Baxışlıqeyd edib ki spinnerlər 4-7 yaşlı uşaqlar üçün daha çox zərərlidir. Çünki bu oyuncaqların xaotik fırlanması uşaqların beyninin həm sağ, həm də sol yarımkürəsini eyni vaxtda tam yükləyir. Nəticədə beyində həddən artıq aktivlik yaranır və uşaq özünü çox yorğun hiss edir: “Əslində, bəziləri fikirləşir ki, təsbeh də əldə fırlanır. Lakin təsbehi insan özü istədiyi istiqamət üzrə fırlada və istədiyi anda onun istiqamətini dəyişə bilər. Spinner isə xaotik fılanır və bu da beyinə mənfi təsir göstərir”. Psixoloqun sözlərinə görə, spinnerlər uşaqlarda asılılıq da yarada bilər. Buna görə də valideynlər uşaqların həmin oyuncaqlarla nə qədər məşğul olmasına diqqət yetirməlidirlər: “Əgər uşaqlar gün ərzində 10-15 dəqiqə bununla oynayıb, sonra digər oyuncaqları ilə məşğul olarsa və ya fəaliyyətini digər yönümdə davam etdirərsə, onda bunun ziyanı yoxdur. Ancaq uşaq davamlı şəkildə bununla oynayarsa, televizora baxanda da bunu əlindən yerə qoymazsa, onda fəaliyyəti məhdudlaşmış olur. Ona görə də oyuncaqlara qarşı asılılığın yaranmaması üçün valideynlər özləri də uşaqlarına qarşı diqqətli olmalıdırlar. Ancaq qadağanı da elə qoymaq lazımdır ki, uşaqda ona qarşı maraq daha da artmasın”. E.Baxışlı bildirib ki, həmin oyuncaqlardan istifadənin müsbət tərəfi də var. Belə ki, bəzi uşaqlar əllərində planşet, telefon olmasını xoşlayırlar. Antistress oyuncaqdan istifadə etdikdə isə uşaqlar bu kimi əşyalardan uzaqlaşmış olurlar.