KAFKANIN “ÇAQQALLAR VƏ ƏRƏBLƏR” ƏSƏRİ

 

 

Etibar EliyevEtibar ƏLİYEV

Bu ilin mart ayında xəbər portallarının birində dərc olunmuş “Ərəblər iki azərbaycanlı qızı beysbol ağacı ilə zorlayıblar” başlıqlı məqalədə deyilirdi: 5-6 ərəb iki azərbaycanlı qızı götürüb səhraya aparıblar. Bilirsiniz də, səhrada günortalar qızmar isti, axşamlar isə çox soyuq olur. Və ərəblər saatlarla qızları beysbol ağacı ilə zorlayıblar. İşlərini bitirəndən sonra qızları lüt soyundurub, buraxıblar səhraya. Azərbaycana qayıdanda qızın birinin daxili qadınlıq üzvləri çıxarıldı – sıradan çıxmışdı. Digər qız isə ağır ruhi sarsıntı keçirib, hələ də özünə gələ bilmir”.

Bir müddət sonra xəbər mediası “Çaqqallar kəndə hücum etdi” başlıqlı məlumat yaydılar: “Yırtıcılar Salamat Hacıyev və Təşkilat Nəsirova məxsus ümumilikdə 15 baş xırda buynuzlu heyvanı yaralayıblar. Maraqlısı odur ki, çaqqallar gecə yox, məhz səhər saatlarında heyvanlara hücum ediblər”.

Bu iki xəbər yaddaşımda birləşdi və xatırladım ki, haqqında “modernizmin banisi”, “bəşəriyyətin müəllimi” kimi fikirlər sələndirilən böyük çex yazıçısı Frans Kafkanın “Çaqqallar və ərəblər” adlı maraqlı novellası var. Bu novellanı ötən əsrin 90-cı illərində oxumuşdum. Ərəblərin ölkəmizə yeni axını da bir yandan mənim marağımı daşırdı və bu əsəri yenidən vərəqlədim.

Novella avropalının bir ərəb və bir çaqqalla dialoqundan bəhs edir: «Biz vadidə düşərgə salmışdıq. Yol yoldaşlarımız yatırdı. Yanımdan ucaboy, ağbəniz bir ərəb keçdi; dəvələri yerbəyer edib yatmağa gedirdi. Arxası üstdə otluğa uzandım, yatmaq istəyirdim, uzaqda ulartısı eşidilən çaqqallar birdən-birə yaxında peyda oldular. Biri arxadan yaxınlaşdı, qolumun altından sivişib mənimlə göz-gözə danışmağa başladı: “Bu göz işləyən yerlərdə ən qoca çaqqal mənəm. Səni burda salamladığıma görə özümü xoşbəxt sayıram. Az qala, ümidimi itirmişdim, çünki səni çoxdandır ki, səbirsizliklə gözləyirik; anam gözləyib, onun anası gözləyib, daha sonra onların da ana və nənələri, düz bütün çaqqalların ulu anasına qədər. İnan buna!” Bərk heyrətlənən avropalı onların istəyini soruşur. Qoca çaqqal dillənir: “Bilirik ki, şimaldan gəlirsən, ümidimiz də elə bunadır. Burada ərəblər arasında tapılmayan ağıl orada var. Bilirsənmi, yemək üçün onlar heyvanları öldürürlər və leşdən zəhlələri gedir”. Şimaldan gələn qoca çaqqala xəbərdarlıq edir: “Belə bərkdən danışma, yaxınlıqda ərəblər yatır”.

Qoca çaqqal: “Dünya bina olandan çaqqal heç bir ərəbdən qorxmayıb. Onlardan qorxaq? Belə bir xalqın içinə düşməyimizin özü bədbəxtlik deyilmi?”

Avropalı: “Ola bilsin, ola bilsin, – dedim, deyəsən, bu, çoxdanın davasıdır; bəlkə, qanınızdadır; ola bilsin, elə qanla da sona yetsin”.

Qoca çaqqall: “Çox ağıllısan, dediklərin bizim qədim nəsihətimizə uyğun gəlir, biz gərək onların qanını içək ki, davamıza son qoyulsun. Yazıq məxluğuq, bacardığımız bircə dişləməyimizdir; hər şeydən ötrü – istər yaxşılıq olsun, istər pislik – yalnız dişimiz kara gəlir. Ağa, gərək sən dünyanı ikiyə bölən davamıza son qoyasan. Ərəblərdən barış istəyirik; nəfəs almalı hava, üfüqə qədər onlardan təmizlənmiş məkan; ərəbin kəsdiyi qoyunun fəryadını eşitmədən; qoy heyvanlar öz əcəli ilə ölsün; onların qanını sərbəst içək, leşlərini sümüyə qədər təmizləyək. Təkcə təmizlik, təmizlikdən başqa heç nə istəmirik” – hamısı ağlayıb hıçqırmağa başladı.

Qoca çaqqal monoloquna davam edir: “Onların ağı da murdardır, qarası da; saqqallarının özü bir dəhşətdir; göz qıyıqlarına baxanda tüpürmək istəyirsən; qollarını qaldıranda qoltuqları cəhənnəm kimi ağız açır. Ona görə də, ey dəyərli ağa, sənin hər şeyi bacaran əllərinin köməyi ilə qayçını götür boğazlarını üz!”
Onun başının işarəsi ilə çaqqallardan biri yaxınlaşıb köpək dişində pas basmış bir tikiş qayçısı gətirdi.
Birdən ayağını sürüyə-sürüyə bizə yaxınlaşan ərəb sarvanımız qışqırıb nəhəng qamçını havada oynatdı. Hər şey gözlənilməz oldu, ancaq çaqqallar bir xeyli uzağa çəkilib durdular. Sarvan: “Nə qədər ki, ərəb sağdır, bu qayçı çöldə dolaşacaq və son günə kimi bizdən əl çəkməyəcək. Böyük əməl üçün o, hər avropalıya təklif olunacaq; hər bir avropalı onların gözündə buna qadir insandır. Bu heyvanlar ağılsız ümidlərindən əl götürmür. Xalis dəlidirlər. Buna görə də onları sevirik, onlar bizim itlərimizdir; sizinkilərdən çox-çox gözəl. Baxsan, pis olmaz, gecə dəvələrdən biri ölüb, cəmdəyini bura gətirmişəm”.

Dörd nəfər ağır leşi qabağımıza uzatdı. Yerə təzəcə qoymuşdular ki, çaqqallar ulaşmağa başladılar. Sapa düzülmüş kimi qarınları üstdə, hərdən də duruxa-duruxa bizə yaxınlaşdılar. Ərəbləri, nifrəti yerli dibli unutmuşdular, kəskin iy verən cəmdək onların ağlını başından almışdı. Hamısı dağ boyda cəmdəyin üstünə döşəndi. Bu vaxt sarvan onları eninə-uzununa qamçıladı. Çaqqallar başlarını qaldırdılar; yarıməst, yarıhuşsuz; qarşıdakı ərəbi gördülər; qamçının zərbəsini daddılar, bir sıçrayışla arxaya çəkilib, xeyli geri qaçdılar. Bir azdan çaqqallar dözə bilmədilər; yenidən özlərini leşin üstünə atdılar; sarvan qamçını yenidən qaldıranda onun qolundan yapışdım və dedim: “Haqlısız, ağa. Qoy işlərində olsunlar; həm də yığışmaq vaxtıdır. Onları özün gördün. Qəribə heyvanlardır, deyilmi! Həm də bizə necə də nifrət edirlər!”

…Bu minvalla Kafkanın əsərini yenidən oxuyub fikrə getdim. Nə qədər böyük yazıçı olsa da, amansızdır. Qəddardır Kafka. Ərəblərə bu nə münasibətdir – dedim. Sonra yadıma yazının əvvəlində verdiyim xəbərləri saldım. Mən ərəbləri – heç vaxt nifrət etmədiyim, həmişə sayğı ilə yanaşdığım bir xalqı Kafka kimi obrazlaşdırmaram. Bunu bacarsaydım belə.

Amma ərəb olmur, kim olur-olsun, dəyişmək gərək deyilmi? Tarix heç olmasa səhra küləyi qədər təsirli deyilmi?
Niyə ərəblərin səhrada qızlara təcavüzü, çaqqalların kəndlərə hücumu xəbərləri və ən nəhayət, onların çoxluqla ölkəmizə axışması, qəbuledilməz davranışları Kafkanın o qəddar əsərini xatırlatmalıdır? Həmişəmi belə olacaq?

Mən Kafka qədər amansız deyiləm, amma suallar vermədən də ötüb keçə bilmirəm. Mən öz xalqıma qarşı da bu sualları verməkdən çəkinmirəm və yeri düşdükcə səsləndirirəm.






Fikirlər