Ruslar arasında ZİDDİYYƏT: “Putin Kiyevə HÜCUM ƏMRİ versin!”
Rusiyalıların yarıdan çoxu hesab edir ki, Ukraynada “xüsusi hərbi əməliyyat” uzanıb, onların 60 faizi Vladimir Putinin Rusiya ordusunun Kiyevə hücuma keçməsi əmrini dəstəkləyəcək. Publika.az xəbər verir ki, bu barədə “Russian Field”in keçirdiyi sorğuda qeyd olunub. Sorğunun nəticələrinə görə, hərbi əməliyyatlar bir ildən çox davam edəcək. Respondentlərin 60 faizinin Vladimir Putinin “Kiyevə yeni hücum” qərarını dəstəkləyəcəkləri halda, 65 faizi müharibəni dayandırmaq və sülh sazişi imzalamaq niyyətini dəstəkləyəcək. Ekspertlər hesab edirlər ki, belə bir ziddiyyət cəmiyyətin böyük siyasi problemlər haqqında düşünmək istəməməsi ilə bağlıdır. Rusiyanın Ukraynadakı “xüsusi hərbi əməliyyat”ının uzanması fikrini sorğu iştirakçılarının 59%-i dəstəkləyib. Respondentlərin 62%-i “xüsusi əməliyyat”ın uğurlu olacağına əmindir, daha 19%-i bunun əksini düşünür, digər 19%-i isə dəqiq fikir söyləyə bilməyib. Respondentlərin 30%-nin fikrincə, Ukraynada “xüsusi əməliyyat” bir ildən artıq davam edəcək, 18%-i isə müharibənin bir il ərzində bitəcəyinə inanır. Respondentlərin 20%-i əməliyyatların 6 ay ərzində tamamlanacağına ümid edir və sorğuda iştirak edənlərin yalnız 13%-i hərbi əməliyyatların 1-3 ay ərzində bitəcəyinə nikbin yanaşır. Politoloq Aleksey Makarkinin fikrincə, rusların əksəriyyətinin Vladimir Putinin iki əks qərarını – “xüsusi əməliyyat”ı dayandırmaq və yeni hücuma başlamaq barədə qərarını təsdiqləməyə hazır olması prezidentə etimadın ifadəsi sayıla bilər. Ekspert xatırladıb ki, 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində insanlar şəxsi və məişət qayğıları ilə yanaşı, öz seçimlərinə görə məsuliyyət problemi ilə də üzləşəndə bu, əhalinin əhəmiyyətli bir hissəsində psixoloji diskomfort yaradırdı. Makarkin qeyd edib ki, xalq sadəcə olaraq prezidentə güvənir.