Rəsulzadənin XANIMININ məzarı TAPILDI -FOTO
Türkiyədə yaşayan azərbaycanlı jurnalist Könül Şamilqızı Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı Leyla Rəsulzadənin (Vanda xanım) xanımının məzarını tapıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə jurnalist sosial şəbəkədə yazıb. O qeyd edib ki, ADR-in banisinin xanımının məzarı "Əsri" qəbiristanlığındadır: "Bir neçə gün əvvəl cümhuriyyət dövrünü araşdıran gənc dostlarımızdan biri Ceyhun Nabi böyük Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı Vanda xanımın, həmçinin Abbasqulu Kazımzadənin və Məhəmməd Əli Rəsulzadənn məzarını tapmaqda yardım istədi. Daha əvvəl də maraqlanmışdım və mənə Vanda xanımın "Əsri" məzarlığının xristian bölməsində olduğunu, zamanın qaydalarına görə kimsəsi olmadığı üçün məzarın yerinin belə, bilinmədiyini demişdilər. Bildiyim qədər hamıda bu məlumat vardı. Bu gün (Dünən) Abbasqulu Kazımzadənin məzarı ilə bağlı bir şey öyrənmək ümidi ilə əvvəlcə Cebeci Askeri Şəhidliyinə getdim. Şəhidlik müdiri sağ olsun, bütün qeydləri çıxartdı, baxdı, yox idi. Oradan yenə ümidlə "Əsri" məzarlığına getdim. Mən gedənə qədər Şəhidlik müdiri onları aramışdı, sağ olsun. Axtardılar, dəftərləri çıxartdılar, 47-ci ilin qeydlərində Abbasqulu Kazımzadə yoxdur. Bu arada söhbət edərkən Rəsulzadənin həyat yoldaşı Leyla xanımın da "Əsri" məzarlığında olduğunu, amma tapılmadığını dedim. O isə tapdıqlarını dedi. Məlum oldu ki, adı dəftərdə Vanda deyil, Leyla Rəsulzadə kimi qeyd olunub". K. Şamilqızı əlavə edib ki, həmin məzarın üzərində Leyla xanıma aid olması ilə bağlı heç nə yazılmayıb.