BƏRDƏDƏN KORRUPSİYA HARAYI – “Samir Şərifov eşitmək belə istəmir…”

Vidadi_İsayev

Bərdə rayonunun bir qrup ziyalısı tərəfindən Prezident İlham Əliyevə ünvanlanmış müraciətdə rayondakı haqsızlıq və qanunsuzluqlardan şikayət olunur. Bir nüsxəsi “AzPolitika.info”ya daxil olan müraciəti qısa ixtisar və zəruri redaktə ilə təqdim edirik:

“Cənab Prezident!
Prezident Administrasiyasının rəhbər işçilərinə, Baş nazirə, Milli Məclisə, Maliyyə Nazirliyinə, Hesablama Palatasına, ölkənin bütün hüquq-mühafizə orqanlarına və rəsmi dövlət qəzetlərinə Bərdə rayonunda baş alıb gedən korrupsiya halları və qanunsuzluqlar, büdcə vəsaitlərinin talan edilməsi barədə 100 dəfəyə yaxın rayon ziyalıları adından müraciətlər etməyimizə baxmayaraq, bu müraciətlərimiz cavabsız qalıb. Bəzi cavablarda isə İcra Hakimiyyəti başçısı Vidadi İsayevin Respublika Prezidenti qarşısında məsuliyyət daşıdığını göstərərək, araşdırma aparmaqdan imtina ediblər.

1vvDəfələrlə Hesablama Palatasının sədriVüqar Gülməmmədovun ünvanına teleqram və məktublarla müraciət edərək, 2015-ci ilin iyul ayında palatanın nümayəndələri tərəfindən Bərdə rayon İcra Hakimiyyətinin 2011-2014-cü illər üzrə maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən, qeyri-obyektivliyə yol verildiyini və yoxlamanın düzgün aparılmadığını göstərmişik. Bildirmişik ki, icra başçısı Vidadi İsayev hesabatlarında Bərdə şəhərinin müxtəlif küçələrinə 110,0 min kv.metrdən artıq asfalt saldığını, o cümlədən 2014-cü ildə guya səhərin H.Əliyev prospektinə 27,0 min kv.metrdən artıq asfalt döşəndiyini göstərib. Həqiqətdə isə həmin dövr ərzində H.Əliyev prospektinin bəzi hissələri istisna olmaqla, şəhərin heç bir küçəsinə asfalt salınmayıb. Məsələ ilə əlaqədar yoxlama aparılan vaxt, yəni 17 iyul 2015-ci il tarixdə Respublika Hesablama Palatasının sədri Vüqar Gülməmmədova teleqramla müraciət edərək, yoxlamanın qeyri-obyektiv aparıldığını bildirmişik.
Müraciətimizin nəticəsi olaraq, Hesablama Palatasının nümayəndəsi Elman Hümbətov rayona gəlib. Ancaq  göstərdiyimiz faktları araşdırmaq əvəzinə, sənədə imza atmış şəxslərin qohum-əqrabaları vasitəsilə onlara təzyiq göstərərək, müraciətdən xəbərsiz olmaları barədə izahat almağa çalışib.
Bizim müraciətlərimizdə göstərdiyimiz faktları Hesablama Palatasının nümayəndələri qəsdən, bilərəkdən təhrif etmiş, Palatanın sədrinə saxta məlumat vermiş və nəticədə sədr rayonda baş vermiş qanunsuzluqları qanuni iş kimi Milli Məclisin müzakirəsinə çıxararaq, leqallaşdırmışdır. Bununla da V.İsayevin qanunsuz əməllərinin üstünü ört-basdır edərək, onun əməllərini davam etdirməsinə şərait yaratmış və həmin qanunsuz işlərin iştirakçısına çevrilmişlər.

samir-Büdcə vəsaitlərinin talan edilməsi barədə maliyyə naziri Samir Şərifovun ünvanına dəfələrlə müraciətlər göndərmişik. Onun yerdəki nümayəndəsi, Maliyyə İdarəsinin rəisinin, V.İsayevin qanunsuz əməllərinin qarşısını almaq əvəzinə, onunla əlbir olaraq büdcə vəsaitlərinin talanmasına şərait yaratdığını bildirmişik. Göstərmişik ki, rayon Maliyyə İdarəsi rayonda büdcə vəsaiti hesabına görülmüş işlərə ödəniş həyata keçirərkən, həmin işlərə komissiya tərəfindən yerində baxış keçirib aktlaşdırılmasını təmin etməli və sonra pulun ödənilməsinə sərəncam verməli idi. Lakin o, bu işlərin heç birini etməmiş (etsə də formal olaraq etmişdir), əvəzində saxta sənədlər əsasında pul vəsaitinin ödənişini aparmışdır.

Fəlakət ondan ibarətdir ki, Maliyyə naziri yazdığımız faktları bizim iştirakımızla araşdırmalı olduğu halda, dövlət büdcəsi vəsaitinin talanmasına yaxşı şərait yaratdığına görə, pensiya yaşı çatmış rayon Maliyyə İdarəsinin rəisinin vəzifəsini bir az da böyüdərək, Yevlax şəhər Maliyyə İdarəsinə rəis təyin etmişdir. Çox müəmmalıdır ki, Maliyyə Nazirliyi göstərdiyimiz faktları araşdırmaq əvəzinə, müxtəlif vasitələrlə bundan yayınmışdır.

Belə ki, Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifovisə daha irəli gedərək, bizə Hesablama Palatasına müraciət etməyi tövsiyyə etmişdi. Maliyyə naziri Samir Şərifov isə sanki deyilənləri eşitmir və yaxud eşitmək belə istəmir. Göstərilən faktlara Maliyyə Nazirliyinin göz yumması və büdcənin talanmasına biganəliyi onu göstərir ki, Maliyyə Nazirliyi də bu talanda iştirakçıdır.
Acınacaqlı haldır ki, Respublika Prezidentinin ünvanına V.İsayevin qanunsuz əməlləri barədə göndərdiyimiz müraciətləri Prezident Administrasiyasının şöbə müdiri S.İsmayılov “Vətəndaşların müraciətləri haqqında” Qanunun müvafiq maddələrinin tələblərini kobud surətdə pozaraq, onun özünə göndərib  ki, araşdırsın və müraciət etmiş vətəndaşlara cavab versin.

Dəhşətlisi odur ki, qanunsuzluqları və korrupsiya hallarını araşdırmalı olan Respublikanın Baş Prokurorluğu və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi də V.İsayevin büdcə vəsaitlərini talan etməsi, qanunsuz əməlləri və korrupsiya hallarına yol verməsi barədə etdiyimiz müraciətləri araşdırmaq üçün Prezident Administrasiyasına göndərib.
Anlaya bilmirik, nə üçün müraciətlərimizə baxılmır? Bəs onda biz hara müraciət edək? Xahiş edirik bizə bir yol göstərin.

Cənab Prezident!
Prezident Administrasiyasındakı mötəbər cənablar yazdıqlarımız müraciətlərin Sizə çatmasına imkan vermirlər. Onlar hansı səbəbdənsə bütün bu yazdığımız faktları gizlədir, qeyd etdiklərimizi araşdırmaq əvəzinə, V.İsayevin bu qanunsuz əməllərini davam etdirməsinə kömək edir və onun bu çirkin əməllərinə rəvac verirlər.
Məgər bu “mötəbər” adamlar ölkənin hazırkı vəziyyətini bilmirlər? Ali Orqanlarda baş verən qanunsuz əməlləri görmürlər? Oradakı dəhşərli faciələri eşitmirlər? Yoxsa, dövlətin milyonlarının necə talandığının fərqində deyillər?! Bəyəm bunlar xalqın qəzəbindən qorxmurlar?!

Cənab Prezident!
Biz bu müraciətlərimizə Sizin apardığınız daxili siyasətə kömək etmək məqsədi kimi baxırıq. Müraciətə imza edənlər rayonda kifayət qədər tanınmış adamlardır. Bizim müraciətimizə qoşulmaq istəyən yüzlərlə rayon sakini var.

Cənab Prezident!
Berde11Qeyd etdiyimiz faktların bəzilərinin yoxlanılmasına belə ehtiyac yoxdur.
Məsələn: küçə yollarının asfaltlanmasına ildə 600,0 (altı yüz min) min manata yaxın vəsait ayrılıb. Bu da beş ildə təqribən 3,0(üç) milyon manat deməkdir. Lakin “Azəravtoyolservis”in səhər daxilindən keçən yolları istisna olmaqla, şəhərin heç bir küçəsinə asfalt salınmamışdır. Həmin üç milyon manatın isə hara silindiyi məlum deyildir.
Bir nəfər etibarlı adam, güya asfaltlanmış küçə yollarına baxış keçirsə, asfaltlama işlərinin aparılmadığını açıq görə bilər. Müraciətlərimizin nəticəsiz olması bizdə şübhə oyadır ki, yuxarıda sadaladığımız adamlar Sizin ünvanınıza göndərdiyimiz müraciətləri Sizə verməyə qoymurlar. Ona görədə məcburuq müraciətlərimizi Sizə müxtəlif xəbər saytları vasitəsi ilə çatdıraq.
Sizə əvvəlcədən minnətdarlığımızı bildiririk”.

Qeyd edək ki, müraciəti  rayon ziyalıları adından  Abbasov Abbas (Şəxs.vəs. AZE 03597585),  Həsənov Rüstəm (AZE 04980627),  Baxşalıyev Şahlar (AZE 06886009), Əliyev Yusif (AZE 04473783),  Cavanşirov Elşən (AZE 14283446) və  Sadıqov Əli (AZE 04848136) imzalayıb.






Fikirlər