Nemət Pənahlıdan şok açıqlama: “Ağır durumdayam...”

Картинки по запросу немат панахлы

Milli azadlıq hərəkatının öncül ismi övladlarının təhsil haqqını ödəyə bilmir

 

Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri, milli azadlıq hərəkatının öncül isimlərindən olan Nemət Pənahlının son aylardakı siyasi fəaliyyətində susqunluq müşahidə olunur. Bu ilin martında verilən əfv sərəncamı ilə azadlığa çıxan partiya sədri demək olar ki, siyasi proseslərdən tamamən uzaqlaşıb. 
 
Bunu referendum öncəsi müxalifətin keçirdiyi üç mitinqdən aydın şəkildə görmək olar. N.Pənahlı nəinki bu aksiyalarda iştirak etdi, hətta referenduma münasibəti belə gözə çarpmadı. Halbuki N.Pənahlı azadlığa çıxdıqdan sonra ciddi şəkildə siyasətlə məşğul olacağını, bu istiqamətdə müxalif qurumlarla danışıqlar aparacağını deyirdi. Azadlığa qovuşduğu ilk aylarda bunun rüşeymlərini görsək də, o, siyasi səhnədən uzaqlaşdı. 
 
N.Pənahlı ilə bu barədə söhbət etdik. O, hazırda ciddi sıxıntılar içərisində olduğuna görə siyasətə vaxt ayıra bilmədiyini söylədi: “Sizin suallarınızla razıyam. Aktiv siyasətlə məşğul olmağa zamanım yoxdur. Həbsxanadan az müddət olar çıxmışam. O qədər problemlər var ki, faktiki bunların içərisində çabalayırıq. 6 övladım var. Böyük övladım magistraturaya qəbul olub, onun ödənişini keçirməliyəm, amma keçirə bilmirəm. Oğlum Orxanın iki illik ödənişi qalıb. İndi universitetin axırıncı kursunda oxuyur, amma ödəniş edə bilmirəm. Üç övladım Atatürk Liseyində oxuyur. Bu həftə qərar çıxıb ki, lisey pulluya keçib. Hər şagird üçün 1700 manat ödəniş olmalıdır. Bugünkü ailəmin durumu ilə bunu ödəmək qeyri-mümkündür. Uşaqlarımı oradan çıxarmağa məcburam. Həm şəxsi, həm də səhhətimlə bağlı problemlər həddindən artıq çoxdur. Həyatım boyu heç vaxt şəxsi problemlərimi ictimailəşdirməmişəm. Təəssüf ki, bu gün elə ağır durumdayam ki, bunları ictimailəşdirməyə məcburam. Şamaxıda torpağım var idi. Onu bələdiyyə götürüb satıb. Bu problemləri, ailəmin ağır durumunu nizama qoymağa çalışıram. Siyasətdə heç vaxt görünmək xatirinə görünməmişəm. Səfərə çıxanda maşının yanacağı olmalıdır ki, hərəkət edə biləsən. Siyasət də buna bənzəyir. Şəxsi problemlərimi həll edə bilmədiyimə görə aktiv siyasi proseslərə qatılmamışam. Bu bir həqiqətdir. Amma bu o demək deyil ki, siyasətdən tamam kənar qalmışam. İmkan daxilində siyasi çevrə ilə əlaqələr saxlayıram, siyasi partiyaların nümayəndələri ilə görüşürəm, müəyyən danışıqlarımız gedir. Qarşımızda mütləq planlarımız var. Amma gərək öncəliklə şəxsi məsələləri həll edim ki, aktiv siyasi proseslə məşğul ola bilim. Siyasi proseslərə girişəndə gərək varlığınla fəaliyyət göstərəsən. Orada görünmək xatirinə görünməyin mənası yoxdur. İstəsək də, istəməsək də, siyasət bizim dövlətin, millətin gələcəyidir. Biz siyasətlə məşğul olmasaq da, siyasət bizimlə məşğul olacaq. Əgər siyasətlə məşğul olmayıb, ölkəmizin gələcəyini düşünmürüksə, bəs kim düşünəcək?”
Müsahibimiz referendum öncəsi Azərbaycan müxalifətinin passiv olmasına da toxundu: “Hər bir siyasi qurum qarşısına məqsəd qoyur, buna uyğun da hərəkət edir. Kimlərsə mitinq keçirir, kimlərsə başqa cür siyasət aparır. Amma indiki vəziyyətdə müxalifətin bu qədər zəif olması ilə bağlı fikir bildirməyə tələsmirəm. Buna, açığı, vaxtım da yoxdur. İşlərimi həll etdikdən sonra daha aydın şəkildə proseslərə qiymət verəcəm, siyasi qüvvələrlə bu barədə fikir mübadiləsi də aparacağıq. Hansı siyasi qüvvələrlə əqidəmiz, məqsədimiz üst-üstə düşsə, onlarla əməkdaşlıq edəcəyik. Siyasi fəaliyyət şahmat oyunu deyil ki, təkbaşına məsələni həll edəsən. Siyasətdə mövcud qüvvələrlə əməkdaşlıq etmək zorundasan. Hər zamanın həm aktiv, həm də passiv dövrü var. Bəzən dövrün tələblərinə uyğun şəkildə insan siyasi addımlar atmağa məcbur olur. Siyasətdə insanın öz könlü istədiklərini etməsi mümkün deyil. Elə vəziyyət yetişir ki, insan istəmədiyi addımları atır, istəmədiyi siyasi qüvvələrlə birlikdə hərəkət etməyə məcbur olur. Dünyanın sonu deyil, hər şey bitməyib. Həyat qabaqdadır. Mübarizəni başlamışıq, ömrümüzün sonuna qədər davam etdirəcəyik. Hara qədər aparacağıq, nəyi qazanacağıq, yaxud itirəcəyik, zaman göstərəcək”.
Картинки по запросу немат панахлы
 
N.Pənahlı Milli Şura və Müsavatın mitinqlərində iştirak etməməsinə və hər iki qurum arasında aksiyalardan sonra yaranan narazılıqlara də aydınlıq gətirdi: “O mitinqlərdə istərdim ki, iştirak edim. Millətin nəbzini tutmaq üçün daim aksiyalarda olmuşam. Cəmiyyətin düşüncəsini, əhval-ruhiyyəsini bilmək siyasətçi kimi mənə maraqlıdır. Bu mitinqlərə də zaman ayırıb gedə bilmədim. Getsəydim, çoxdan görə bilmədiyim dostlarımı, mübarizə yoldaşlarımı görə bilərdim. Əvvəldə dediyim kimi, mitinq keçirmək, yaxud keçirməmək hər bir siyasi qurumun daxili işidir. Milli Şura və Müsavat arasında yaranan gərginlik barədə geniş fikir bildirmək istəmirəm. Bəzi şəxslər deyir ki, referendum baş tutarsa, hər şeyin sonu olacaq. Amma mən bu fikirdə deyiləm. Keçirilən mitinqlər və ondan sonra yaranan durum barədə danışmaq istəmirəm. Təbii ki, bu barədə şəxsi  düşüncələrim var. Təcrübəli insan kimi, mitinqlərin necə keçirilməsini, təşkil olunmasını yaxşı bilirəm. Amma hələ ki fikir bildirməyi lüzum bilmirəm”.
(musavat.com)






Fikirlər