“XALQIN BOĞAZINDAN YAPIŞMAQLA…” – Yəhudi deputat məmurlara “od püskürdü”

yevda_abramov

Azərbaycan Milli Məclisinin bu gün növbəti plenar iclasında 2017-ci il üzrə büdcə zərfinin müzakirəsində deputat Yevda Abramov Tarif Şurasını, bəzi məmurları tənqid edib.

APA-nın məlumatına görə, deputat qeyd edib ki, ilin indiki fəslində ölkədə kommunal xidmət haqlarının artırılması düzgün deyil: “Mən bilirəm ki, büdcədən müəyyən kəsr yaranmışdı və bu qiymət artımı ona görədir. Amma biz bu kəsri başqa yollarla da həll edə bilərdik. Bu 300 milyon manatı həmin qurumlara dotasiya tətbiq etməklə, yaxud yığımın intensivliyini artırmaqla və sair həll edə bilərdik. Yaxud kvotanı artıra bilərdik. Hansı ki, birinə 62 faiz, birinə 72 faiz göstərici verilir. Amma, məsələn, Qubada qarın 20 sm yağdığı vaxtda qazın və işığın qiymətini qaldırmaqla, xalqın boğazından yapışmaqla, bu məmurlar nə əldə etmək istəyir? Bu yaxınlarda referendum oldu. Xalq birmənalı şəkildə cənab prezident İlham Əliyevə dəstəyini nümayiş etdirdi. Bütün xalq prezidentin yanında oldu”.

Deputat Tarif Şurasının qərar qəbul edərkən hansı arqumentləri əsas götürdüyünü anlamadığını da bildirib: “Üzümü tuturam bəzi məmurlara: heç olmasa iki-üç il çətin yaşayaq, amma xalqın yanında olaq ki, bu çətinliyi xata bəlasız yola verək, necə ki, cənab prezident xalqın yanındadır”.

Deputat “qara bazar”da dollar satılmasına da münasibət bildirib. O deyib ki, bu işə nəzarət olunmur: “Metro stansiyalarının çıxışlarında dollar satılır. Bir gündə dollar 4-5 manat fərqlə satılır. Hardandır bu adamların maşınlarında bu qədər dollar? Mən danışıram, bəziləri incik düşür. Korrupsiya ilə mübarizə aparmaq lazımdır. Məmurların bahalı villaları haradandır? Dağda, bağda, hər yerdə villaları var. 2017-ci il də çətin olacaq, məmurlar xalqa yaxın olmalıdırlar”.

Deputat Qubadakı soyqırımı muzeyindən narahatlığını da bildirib: “Soyqırımı muzeyinə hər gün xarici qonaqlar gəlir. Hər gün biz ordayıq. Amma ordakı vəziyyəti bilirsiniz. Oqtay müəllim, oranın işığı yanmır. Təsəvvür edirsiniz, soyqırımla bağlı muzeyə işıq verilmir”.

Deputatın çıxışına reaksiya verən spiker Oqtay Əsədov bildirib ki, kvota məsələsində 62 faiz o demək deyil ki, onların hamısı yoxsuldur: “Onların arasında 4 otaqlı evləri olanlar da var. Mənim fikrim sizin çıxışa müdaxilə etmək deyildi. Mən kimsəyə müdaxilə etmirəm, sadəcə dedim biləsiz”.

Deputat Tahir Rzayev isə deyib ki, ölkədə iqtisadi çətinliklər mövcuddur və bunu gizlətmək olmaz.

O qeyd edib ki, dünyada baş verən iqtisadi böhran, dolların bahalaşması Azərbaycandan yan keçə bilməzdi. T. Rzayev iş yerlərindən ixtisarlarla bağlı narazılıq bildirib: “Bəzi vəzifə sahiblərinin işçiləri ixtisar etmələri doğru deyil. Kitabxanaçının, xadimənin ixtisarı haqsızlıqdır. Onların maaşı onsuz da cüzi məbləğdir və həmin pulla neçə ailə dolanır. İşçiləri ixtisar edirlər, özlərinə müşavirlər təyin edirlər, bahalı maşınlar sürürlər. Ümumən israfçılığın qarşısını almaq lazımdır. Özəl sektor inkişaf etdirilməlidir, xüsusilə tikinti sektoruna dəstək verilməlidir”.

Deputat Musa Quliyev qeyd edib ki, Azərbaycanda qeyri-neft sektoru-nəqliyyat, kənd təsərrüfatı inkişaf etdirilməlidir: “Büdcədən sosial xərclər 40,3 faiz təşkil edir. Bu da onu göstərir ki, sosial rifahın yaxşılaşdırılması dövlətin diqqət mərkəzindədir. Ünvanlı sosial yardımın verilməsi ilə bağlı diqqət artırılmalıdır, kənara çıxma halları olmamalıdır. Ümumiyyətlə, bu məsələlərdə mümkün qədər diqqətli olmaq lazımdır”.

 






Fikirlər