Tanrıverdi Mustafayev: “Azərişıq”la bağlı ittihamların heç bir əsası yoxdur”

Tanrıverdi Mustafayev: ““Azərişıq”la bağlı ittihamların heç bir əsası yoxdur”

Hazırda abonentlərimizdə müəyyən inamsızlıq var ki, birdən doğru hesabat aparılmaz”

 

Son günlər əhaliyə elektrik enerjisinin satışında pozuntular baş verməsi ilə bağlı iddialar səslənir. Bu iddialara həm peşəkar mediada, həm də sosial şəbəkələrdə rast gəlmək olur. Elektrik enerjisinin tarifinin artırılması dekabr ayının 1-dən etibarən tətbiq olunsa da, artıq əhaliyə göndərilən hesabatlarda noyabr ayının sərfiyyatı ilə bağlı qiymət artımı özünü göstərir. Xərclərin artıq hesablanması isə əhalinin narazılığına səbəb olur. 
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bu mövzuda “Yeni Müsavat”ın suallarına cavab verib.
- İlk növbədə abonentlərimizə onu demək istəyirəm ki, hər şey yüksək səviyyədə qanun çərçivəsində və Tarif Şurasının qərarı əsasında həyata keçirilir. Bizim 2 milyon 500 minə yaxın istehlakçımız var və ayın ortasında belə sayğaclarında son göstəricilər yazılmamış abonentlər var. Abonentlərimiz ay ərzində elektrik enerjisindən istifadə edir, bir aydan sonra bizim əməkdaşlar sayğacın göstəricisini götürməlidir. 
Əksər abonentlərdən noyabr ayının 30-da sayğac göstəriciləri götürülüb. Noyabrın 30-dan sonra sayğac göstəricisi hesablanmayan abonentlərdə dekabr ayından etibarən hesabat çıxarılır. Bəzi abonentlərdə dekabrın 1-də, bəzilərində 2-də, bəzilərində 5-də hesabat çıxarılır. Elə mənzil var ki, ayın 9-da göstərici çıxarılıb. Təbii ki, bu göstəricilər çıxarılanda abonentlərimiz narahat olublar. Bunlar hamısı 30 noyabr 2016-cı il tarixinə qədər köhnə tariflərlə hesablanıb, 30-dan sonra, yəni dekabrın 1-dən 250 kv/saata qədər olan göstəricilər 7 qəpikdən hesablanıb bildiriş verilir. 
Bildirişlərdə heç bir yanlışlığa yol verilə bilməz. 250 kv/s-dan artıq olan sərfiyyat isə təzə tariflə 11 qəpikdən hesablanır. Sistem tam dəqiqliyi ilə özü bu göstəriciləri bildiriş olaraq abonentlərə verir. Lakin bəzi abonentlərimiz var ki, əvvəlki sərfiyyatdan da müəyyən borcu qalıb. Belə hallar fərdi qaydada araşdırılır. Araşdırmadan sonra da məlum olur ki, heç bir yanlışlıq yoxdur. İstənilən bildirişlərdə noyabrın 30-na qədər olan sərfiyyat köhnə tariflə, dekabrın 1-dən bildirişin verildiyi günə qədər olan sərfiyyat isə yeni tariflə hesablanır. Bütün bunlar dekabr ayından sonra tam aradan qaldırılacaqdır. Növbəti aydan abonentlərimiz şahidi olacaqlar ki, heç bir yanlışlıq yoxdur. Düzdür, hazırda müəyyən inamsızlıq var ki, birdən əməkdaşlarımız doğru hesabat aparmaz, yanlış göstərici çıxararlar və sair.
- Belə halları siz istisna edirsinizmi, yoxsa yanlışlıqlar mümkündür? 
- Enerjinin hesablanmasını sistem özü həll edir, burada insan faktoru yoxdur, sadəcə, sayğacın göstəricisi götürülür. Operativ olaraq sistem bu göstərici əsasında köhnə sərfiyyatı köhnə tariflə, yeni sərfiyyatı isə yeni tariflə hesablayır. 
- Qeyd etdiniz ki, yanlışlıq ola bilər. Belə hallarda abonentlər həmin yanlışlığın aradan qaldırılması üçün nə etməlidir? 
- Belə halda abonentlər bizimlə əlaqə saxlamalıdır, biz onun koduna baxıb araşdıracağıq ki, yanlışlıq haradadır. Bir çox halda məlum olur ki, məsələn, abonent  köhnə bildirişlə noyabr ayının 14-nə qədər olan borcu ödəyib, 14-dən 30-na qədər olan borcu isə ödəməyib. Belə olan halda noyabr ayında ona təqdim olunan bildirişdəki göstərici bir aylıq sərfiyyatdan daha çox olur. Əksər hallarda araşdırmadan sonra abonentlər hər hansı yanlışlığın olmadığını özləri görür və qəbul edirlər. Kimin şübhəsi, narahatlığı varsa, fərdi qaydada zəng edib müraciət edə bilər, həmçinin bizim rayon idarələrimizə baş çəkə bilər. Əməkdaşlarımıza da göstəriş vermişik ki, abonentlər müraciət edən zaman evlərinə gedin və onunla bir yerdə sayğacın göstəricisinə baxın, yerindəcə araşdırın, izahat verin. Bu yolla həm də abonentlərimizi maarifləndirməyə çalışırıq. Bəzi abonentlər həqiqətən də hesablama qaydasını bilmirlər. Abonentlərimizdən xahişimiz budur ki, bir qədər diqqətli olsalar, ümumiyyətlə, heç bir problem olmayacaq. 

“Əməkdaşlarımıza xəbərdarlıq etmişik ki, anlaşılmazlıq olduqda, abonentin evinə qədər getsinlər, onları dinləsinlər”

- İddia olunurdu ki, tariflərin artması əhalinin enerjiyə qənaət etməsinə səbəb olacaq. Siz enerji təchizatı müəssisəsi olaraq qərarın verilməsindən sonra keçən 15 gün ərzində bunu hiss etmisinizmi? Ölkə üzrə enerji istehlakında azalma varmı?
- Bu haqda danışmaq bir qədər tezdir. İndi havaların soyuduğu bir vaxtda bir çox abonentlər mənzillərində istilik kimi də elektrik enerjisindən istifadə edirlər.  Bu baxımdan, qış fəslində sərfiyyat əvvəlki vaxtlara nisbətən daha çox olur. Ancaq abonentlərimizdən daxil olan müraciətlərdən görürük ki, əvvəlki kimi israfçılıq etmirlər, enerjiyə qənaət etməyə çalışırlar.
- Tanrıverdi müəllim, statistikaya nəzər salsaq, nə qədər abonentinizin aylıq enerji sərfiyyatı 250 kv/s-dan aşağıdır və ya bu həddədir? 
- Bu statistika Tarif Şurasının qərarında da özünü göstərmişdi ki, bizim əhali istehlakçı qruplarımızın, məişət abonentlərimizin 72-75 faizinin aylıq sərfiyyatı 250-dən azdır. Ancaq yeni ildən sonra yenidən təhlillər aparacağıq ki,  abonentlərimiz enerjidən qənaətlə istifadə etdikdən sonra sərfiyyat nə qədər olacaq. İndiyə qədərki dövrdə isə 72-75 faiz abonentlərimiz 250 kv/s-a qədər enerji istifadə edir.
- Bu rəqəm noyabr ayına qədərki dövrün, yəni yay-payız fəslinin göstəricilərinə əsasən hesablanıb, yayda enerjidən daha az istifadə olunur. Lakin qış fəslində, sizin də dediyiniz kimi, enerji sərfiyyatı çox olur, ən kasıb ailədə belə elektrik enerjisindən evi qızdırmaq məqsədilə istifadə olunur. Qış fəsli üçün nisbətən böyük limit qoyulsa daha doğru olmazdımı? 
- Bu, Tarif Şurasının qərarıdır, mən onu şərh edə bilmərəm. Lakin bəzən avqust kimi ən isti aylarda belə enerji sərfiyyatı yanvar ayındakından daha yüksək olur. O səbəbdən bu göstəricilər çox fərqlidir və konkret fikir demək çətindir. Qərar Tarif  Şurasınındır, biz icraçı strukturuq. 
- “250" rəqəmini ”Azərişıq" təklif edib , yoxsa Tarif Şurası müəyyənləşdirib? 
- Bu rəqəmi Tarif Şurası müəyyən edib. 
- Bir abonent özü aylıq sərfiyyatını necə hesablaya bilər? Bunun düsturunu izah edə bilərsinizmi?
- Burada mən özüm bir abonent olaraq danışmaq istəyirəm. Tutaq ki, bu ay 300 kvts elektrik enerjisi sərf eləmişəm. Bu 300 kvts-ı 7 qəpikdən hesablayırıq və 21 manat edir. Sonra 300-dən 250-ni çıxırıq, qalır 50 kvts- onu da 4 qəpiyə vururuq, edir 2 manat. 21 manatın üzərinə 2 manat gəlirik, edir 23 manat. 
Və ya başqa cür hesablayaq. Siz bir abonent olaraq, 450 kvts elektrik istifadə edirsiniz. Onun 250 kvts-nı 7 qəpiyə vururuq, edir, 17.50 manat, qalan 200 kvts-nı isə 11 qəpiyə vururuq, o da 22 manat edir. Toplam 39.50 manat. Bu, çox rahat hesablama üsuludur. Abonentlərimiz özləri də hesablayıb bizim bildirişlərlə tutuşdura bilərlər. 

“Əgər təbiətin şıltaqlığı nəticəsində hansısa rayonda ağac aşıb, elektrik dirəyinin üstünə yıxılıbsa, bu, bizim günahımız deyil”

- Son zamanlar “Azərişıq”la bağlı müxtəlif ittihamlar səslənir. Buna cavabınız nədir? 
- İttihamların heç bir əsası yoxdur. “Azərişıq” son 10 ildə Bakı şəhərində nə qədər yenidənqurma işləri aparıb. Paylayıcı elektrik şəbəkəsi olaraq biz son 10 ildə abonentlərimizin  fasiləsiz, dayanıqlı və keyfiyyətli enerji ilə təchiz olunmasına nail olmuşuq. Hər şey göz qabağındadır. Biz bu gün bütün regionları elektrik enerjisi ilə təmin edirik. Yeni yarımstansiyalar inşa edirik, kabel xətlərini,  dayaqları yeniləyirik. Ən ucqar rayon və kəndlərdə belə abonentlərimiz 24 saat fasiləsiz enerji ilə təmin olunur. Təbii fəlakət baş verdikdə isə operativ şəkildə problem həllini tapır. 
İş olan yerdə, müəyyən problemlər də qaçılmazdır. Ancaq ittihamlar bəzən yersiz olur. Əgər təbiətin şıltaqlığı nəticəsində hansısa rayonda ağac aşıb, elektrik dirəyinin üstünə yıxılıbsa, bu, bizim günahımız deyil. Biz hətta belə ağacların budanması işini də aparırıq ki, kabel xətlərini sıradan çıxarmasın. Məsələn, Biləcəri qəsəbəsində güclü yağış yağdı və bizim yarımstansiyanı su basdı, biz operativ şəkildə başqa bir yerdən həmin rayona enerji təchizatı yaratdıq. Kimliyindən asılı olmayaraq, bütün  abonentlərimizin xidmətindəyik. Onların şikayətlərini də həll etməyə hazırıq. 






Fikirlər