MƏHƏMMƏDİ SAKİNLƏRİ ETİRAZ EDİR – “Səhər açılandan işığı…”

mehemmedi kendi

“Səhər açılandan işığı söndürüblər, qazı kəsiblər… Deyirlər, gedin oturun evdə, nə vaxt lazım olar, işıq da verilər, qaz da…”.

Abşeron rayonu, Məhəmmədi kənd bələdiyyəsi ərazisindəki yeni yaşayış massivinin sakinləridir gileylənənlər. Onlar AzadlıqRadiosu-nun “Qaynar xətt”inə bildirirlər ki, dekabrın 22-də qaz və işıq yenə kəsilib.

“Gah soyuğun üstünə yıxırlar, gah da istinin”

Həsən Əliyev küçəsinin sakini Emin Kərimov:

“Neçə gündür vəziyyət belədir. Gah qazı kəsirlər, sutkayla olmur, gah da işıq kəsilir. Gah soyuğun üzərinə yıxırlar, gah da istinin… Bu gün (dekabrın 22-də -red.) getmişik, deyirik, qar yox, şaxta, külək yox, bu işıq, qaz niyə kəsildi yenə? Deyirlər, təmir gedir. Hər dəfə bəhanələri var”.

Yaşayış massivinin sakini Fikrət Abbasov, fürsətdən faydalanıb, bu tərəflərin susuzluq probleminə toxunur:

“Tez-tez icra hakimiyyətindən gəlirlər, adamları yığıb şirin vədlər verib gedirlər. İşıq, qaz hər gün kəsilir, su yox, yollar bərbad vəziyyətdə… Vaxtaşırı öz aramızda 5-10 manatdan yığaraq, ara yollara torpaq alıb tökürük. Bizi hamı unudub”.

“İşıq artıq bərpa edilib, qazdan xəbər yoxdur”

Abşeron rayon işıq idarəsindən “Qaynar xətt”ə bildirilib ki, yeni salınmış Həsən Əliyev küçəsinə işıq verilişinin dayandırılmasına səbəb təmir işləridir. Küçəyə işıq verilişi bərpa edilib.

Abşeron rayon qaz idarəsindən “Qaynar xətt”in suallarına cavab verən olmayıb. Sakinlərin dediyinə görə, küçəyə qaz verilişi hələ də bərpa edilməyib.

Məhəmmədi kəndinin həm köhnə, həm də yeni massivlərinin sakinləri işığa, qaza görə dəfələrlə Pirşağı yolunu bağlayıblar.

“AzPolitika.info” xatırladır ki, bu qəsəbədə olan problemlərin dəfələrlə mətbuatda işıqlandırılmasına baxmayaraq, hec bir tədbir görülmür. Köhnə və yararsız halda olan marşurut xətti, yolların bərbad vəziyyətdə olması, hər gün söndürülən işıq, təzyiqi olmayan qaz və ən əsası da kanalizasiya xətti və su problemləri. Bütün bu sadalananlar bugünkü gündə də qəsəbənin ən böyük problemləri sırasında qalmaqda davam edir!

 






Fikirlər