"İntihar edən şəxslər qarşılarına məqsəd qoyurlar ki, bu vəziyyətdən çıxmaq onsuz da mümkün deyil”.
Bunu Sherg.az-a insanların intihar psixologiyasını izah edən psixoloq Aytən Ələkbərova deyib. O qeyd edir ki, xüsusilə tanınmışlar problemləri ilə bağlı psixoloqlara müraciət etməyi özlərinə sığışdırmırlar:
"Psixoloq sözündə sözün kökü "psix” olduğundan tanınmışlar düşünür ki, mən psixoloqa müraciət etsəm, cəmiyyətdə düşünəcəklər ki, bu insan psix olduğundan psixoloq yanına gedib. Amma psixoloq məsləhəti söz terapiyasıdır, danışıqdır, effektiv ünsiyyətin qurulmasıdır. Bu ünsiyyət qurulduqca insanın özünə inamı qaytarılır və o problemli vəziyyətdən çıxa bilir. Sadə insanlar "onsuz da məni tanıyan yoxdur” deyib, rahatlıqla psixoloqa müraciət edir. Əslində isə cəmiyyət üçün maarifləndirici cəhətini nəzərə alsaq, üzdə olan təbəqə daha çox psixoloqa müraciət etməli, ilk addımı atmalıdır. Təəssüf ki, onlar bu addımı atmadığından, sonradan intihara cəhd edirlər”.
Sosial şəbəkələrdə tanınmış simaların intiharı ilə bağlı müzakirələrin cəmiyyətdə bəzən düzgün qəbul olunmadığını deyən A. Ələkbərovanın sözlərinə görə, ümumilikdə sosial şəbəkələrdəki yazışmalar insanın psixi durumunu bərbad vəziyyətə gətirir.
"Sosial şəbəkələr insanları öncə kafiləşdirir, daha sonra isə insanı sükuta qərq edə bilir. İnsanların həmin situasiyaya düşməsi məhz bu zaman baş verir. Məsələn, orta məktəbdə oxuyan bir şagird 3 qiyməti aldıqda qanı qaralır, evdə bunu necə deyəcəyini düşünür, sanki ondan ötrü hər şey bitdi kimi hiss edir. Həmin sözün təsiri insanı müxtəlif vəziyyətlərə sala bilir.
Deyirlər, "söz var dağa qaldırır, söz var dağdan endirir”. Bəzən ətrafdakı insanlar, qohum, qonşu, yaxınlar istəmədən belə olsa, insanların psixi vəziyyətinə təsir edə bilirlər. "Əşi, səndən adam olmayıb, olmayacaq da”, "düzələn deyilsən” və s. ifadələr insanları təsir alına salır. Bu da daha çox zəif xarakterli şəxslərin təsirlənməsinə gətirib, çıxarır. Bəzən zəif tiplərin vəziyyətinə başqaları düşdükdə onlara təsiri olmur. O zaman isə "gönü qalındır” deyə bu güclü insanlar qınanılır. Amma əslində belə deyil. O insanlar sadəcə çıxış yolu axtarır. Düşünür ki, bu qədərmi acizəm, özümə qəsd edim. Hər insan fərd olaraq, başqa xarakterə, fərqli temperamentə malikdir”.
A.Ələkbərova əlavə edib ki, cəmiyyətin üzdə olan nümayəndələrinin intiharlarının artması gəncləri də rahatlıqla həmin addımı atmağa cəlb edir. Eyni zamanda əksinə olaraq, həm də çəkindirir:
"Bəzi insanları bu situasiya intihara ona görə yaxınlaşdırır ki, onların öz güvəni az idisə, onlar intihar etdikdən sonra daha da populyarlaşacaqlarını düşünür. İnsanlar onun arxasınca daha yaxşı sözlər danışacaq.
Amma bu zaman da sual ortaya çıxır ki, tanınmış, üzdə olan şəxsləri intihara nə vadar edir? Onlar cəmiyyətdən aldığı zərbəyə görə bu vəziyyətə düşür. İnsanlar var ki, özünə məsələn, xəyanəti sığışdırmır, bununla üz-üzə gəldikdə isə hədsiz çətin vəziyyətə düşür, intihara əl atır.
Ailədə və cəmiyyətdə yaşanan problemlər müxtəlif yaşda olan insanların intihara cəhd etməsinə səbəb olur. Bəzən düşünürlər ki, gənclər daha çox intihara meylli olur, amma yetişkin insanlarda da bu hal hökm sürür”.
Qeyd edək ki, bu gün Yasamal rayonu ərazisində intihar hadisəsi baş verib. Sherg.az xəbər verir ki, Rizvan Axundov adlı şəxs özünü yaşadığı mənzildə asıb. İlkin məlumata görə, onun intihar səbəbi maliyyə problemləri ilə bağlı olub. Mərhumun bank kreditlərinin olduğu, üstəlik bir müddətdir, işsizlikdən əziyyət çəkdiyi bildirilir. R.Axundov 1972-ci ildə Ağdamda anadan olub. 1994-cü ildə İqtisad Universitetinin maliyyə-kredit fakültəsini fərqlənməylə bitirib. 1994-98-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında aspiraturada oxuyub. Mərhum elmi fəaliyyətlə yanaşı bəddi yaradıcılıqla da məşğul olub. O, Rizvan Qorxmaz imzası ilə şeirlər və hekayələr yazırmış. "Qəlbin kövrək telləri" adlı kitabı da nəşr olunub. Ailəlidir, bir övladı var.