Karateçilərimizin şərəfinə verilən ziyafətdə qəfil ölüm - Hakim KEÇİNDİ

Ötən gün axşam saatlarında Azərbaycan Milli Karate Federasiyası tərəfindən Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxış edən karateçilərimizin şərəfinə ziyafət verilib.

 AzerTaym.az Yenicag.az-a istinadən xəbər verir ki, paytaxtın Dafne by Dalida restoranında baş tutan əyləncə məclisində üzücü hadisə baş verib.
Məclisdə iştirak edən beynəlxalq dərəcəli hakim Yusif Məmmədov anidən yerə yıxılıb. Ona ilkin, daha sonra təcili tibbi yardım göstərilsə də, Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.
Məlumatı sayta açıqlamasında federasiyasının mətbuat xidmətinin rəhbəri Sənan Məhərrəmov da təsdiqləyib: "Federasiyanın üzvləri ilə İslam Oyunlarındakı qazandığımız nəticələri bayram edirdik. Yusif müəllim hakimlərlə birlikdə çıxış etdi, bir az oynadı.
Az sonra isə qəfildən ayaq üstə durduğu yerdə yerə yıxıldı. İlkin yardım göstərdik, süni nəfəs verdik, ürəyini oyatmaq üçün döş qəfəsini massaj etdik, təcili tibbi yardım çağırdıq. Hardasa 25 dəqiqə sonra gəldilər ki, keçinib. İlkin diaqnoz olaraq infarkt dedilər.
Rəsmi prosedurlardan sonra əvvəlcə Göy məscidə, daha sonra isə mərhumun evinə yollandıq. 64 yaşı aprel ayında tamam olmuşdu. Sağlamlığından heç şikayəti yox idi. Hacı olduğu üçün spirtli içkilərdən də uzaq durardı. O, 7 beynəlxalq dərəcəli hakimimizdən biri idi. Allah rəhmət eləsin!”
 
 
 






Fikirlər