Hicran Hüseynova kondisionerli kabinetdə: Culfada zorlama, Lənkəranda quyuya atma, ŞƏMKİRDƏ İSƏ…

Hicran Hüseynova kondisionerli kabinetdə: Culfada zorlama, Lənkəranda quyuya atma, Şəmkirdə isə…

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyəti iflic olub. Komitənin sədri Hicran Hüseynova son vaxtlar baş verən hadisələrə tükünü də tərpətmir.

H.Hüseynovanın əlahiddə borcu məhz Lənkərana, Culfaya, Şəmkirə getmək idi. Amma yayın istisində kondisionerli kabinetində və avtomobilində olan komitə sədri özünə əziyyət verərək bu bölgələrə baş çəkmədi.
Söhbət ondan gedir ki, Lənkəranda 6 günlük körpəni nənəsi quyuya atır, Culfada 5 yaşlı qız uşağı zorlanır, Şəmkirdə qadın uşaqları ilə birlikdə özünü qatarın altına atır, kütləvi intiharlar baş verir.
Bütün bu qandonduran hadisələrə, ürəkparçalayan faciələrə H.Hüseynovanın nəinki komitə rəhbəri kimi, bir ana, bir qadın kimi də reaksiyası olmadı. Dəhşətə və heyrətə gəlməmək olmur.
Axı bu komitəyə dövlətdən verilən maliyyə və ayrılan qrantlar məhz ailələrdə olan problemləri araşdırmaq, görüşlər keçirmək, maarifləndirici tədbirlər təşkil etmək, uşaqların, qadınların çətinliklərini öyrənmək, zorakılığı məruz qalan qadın və uşaqlarla maraqlanmaq, erkən nikahların yaratdığı fəsadlardan xilas yollarını göstərməkdir. Lakin sadalanan problemlər AQUK-nin diqqətindən kənarda qalıb.
Ən azından Culfa, Şəmkir və Lənkəranda baş verən və mətbuatın az qala hər saniyə izlədiyi bu cinayət hadisələri ilə bağlı H.Hüseynova danışmalı idi, səfərlər etməliydi.
Ölkədə tükürpədici hadisələr baş verir. Məişət zəminində törədilən bu cinayətlər insanı üşəndirir. Cəmiyyətin də sərt təpkisi və qəzəbi ilə qarşılanan kriminal olaylarla bağlı rəsmi qurumlar hərəkətsizdir.
Bəs, komitənin ailələrdə psixoloji gərginlik, depressiya və ümidsizlik, erkən nikahdan doğulan uşaqlarda travmalar və s. kimi problemlərlə məşğul olan şöbələr, müvafiq bürolar nə iş görür?
Niyə H.Hüseynova rayonlara gedərkən məmurlarla, rəsmi şəxslərlə, icra hakimiyyətlərinin seçib gətirdiyi adamlarla görüşür?
Bu komitənin fəaliyyətsizliyi və H.Hüseynovanın laqeydliyi iki çıxış yolu qoyur. Əslində, bu təklifi ekspertlər və deputatlar da zaman-zaman gündəmə gətiriblər.
Belə ki, ya komitə ləğv olunsun və ayrılan qrantlar bu sahə üzrə işləyən QHT-lərə verilsin, ya da struktur dəyişiklikləri edilsin. Məsələn, komitə Təhsil Nazirliyinə verilə bilər.
Son günlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın adının rüşvət qalmaqalında çəkilməsi olduqca ağrılı məsələdir.
Adında ailə, uşaq, qadın… sözlərinin bütün mənalarda mahiyyətini daşıyan bir komitənin – dövlət qurumunun rüşvət qalmaqalında adının çəkilməsi təəssüf hissi yaradır.
Bilənlər bilir ki, Azərbaycan reallığında dövlət qurumu o vaxt korrupsiyalaşır ki, orada Nizamnaməsinə-qanunlara uyğun iş getmir.
Bir anlığa düşünürsən: Azərbaycanda ailələr arasında boşanmalar, özü də erkən boşanmalar getdikcə artırsa, uşaqlar arasında narkomanlığa, digər cinayətlərə qurşanmalar çoxalırsa, təhsildən yayınmalar və başqa yad vərdişlər artırsa, fahişəliyə meyillilik artırsa Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimə lazımdır???
Təkcə 2016-cı ilin Dövlət Büdcəsindən Komitənin idarəetmə aparatının saxlanmasına 1 milyon 309 min 875 manat, komitə üçün sosial müdafiə xərclərinə əlavə olaraq 1 milyon 787 min 381 manat pul artırılıb.
//Ulus.az






Fikirlər