Qədim Azərbaycan torpağı haqqında ciddi elmi və siyasi əhəmiyyətli tədqiqat əsəri işıq üzü görüb.
Son illər xalqımızın üzləşdiyi bir sıra taleyüklü problemlərin kökü məhz XIX əsrin əvvəllərinə gedib çıxır.
XVIII əsrin sonu-XIX əsrin əvvəllərində bölgədə yaranan mürəkkəb beynəlxalq vəziyyət, böyük dövlətlərin maraq dairələrinin toqquşması, Cənubi Qafqaz uğrunda Rusiya ilə İran arasında baş verən hərbi qarşıdurma ərazilərimizin iki imperiya arasında bölüşdürülməsi ilə nəticələndi. Birinci Rusiya-İran müharibəsi zamanı Rusiyanın işğal etdiyi Azərbaycan torpaqlarından biri də Dərbənd xanlığının ərazisi idi.
Minilliklər boyu Azərbaycanımızın Şimal sərhədlərinin keşiyində mətanətlə dayanan, möhtəşəm istehkam şəhəri Dərbəndin tarixi təəssüf ki, zaman-zaman özgələşdirilib. Bəzi Rusiya tarixçiləri bu gün də qədim şəhərimizin tarixini araşdırarkən faktları təhrif etməkdən belə çəkinmir, Dərbəndi ümumazərbaycan kontekstindən çıxarmağa cəhd göstərirlər. Məhz bunu nəzərə alaraq Dərbəndin tarixinin öyrənilməsi və yazılması istiqamətində ciddi addımların atılmasına ehtiyac var. Bu gün ölkə başçısının həyata keçirdiyi vahid azərbaycançılıq ideologiyası konsepsiyası hər bir vətəndaşımız üçün əsas amala çevrilməkdədir. Buna görə də, Dərbənd şəhərinin XIX-XX əsr tarixinin olduğu kimi araşdırılmasına, reallıqlarının ortaya çıxarılmasına və vahid azərbaycançılıq ideyası baxımından təbliğinə heç vaxt olmadığı qədər tələbat yaranıb.
Bu baxımdan yeni işıq üzü görən "Dərbənd XIX-XX əsrin əvvəllərində" kitabı mühüm əhəmiyyət kəsb edir. Tarixi-demoqrafik tədqiqat əsərinin müəllifi tanınmış tarixçi alim, Bakı Dövlət Universiteti Tarix fakültəsinin Azərbaycan tarixi kafedrası nəzdində yaradılan Dünya Azərbaycanlıları: tarixi-demoqrafiya Elmi Tədqiqat Laboratoriyasının aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Asəf Hacıyevdir. Kitabda Azərbaycanın qədim yaşayış məskənlərindən olan Dərbənd şəhərinin XIX əsrə qədər siyasi tarixi, şəhərin Çar Rusiyası tərəfindən işğalından sonra əhalisinin say dinamikası, yerləşməsi, tərkibi, demoqrafik proseslər və miqrasiya məsələləri, həmçinin əhalinin sosial-iqtisadi xarakteristikası ətraflı araşdırılıb.
İtirilmiş torpaqlarımızın tarixinin araşdırılması işinə mühüm töhfə verən kitabın elmi redaktoru Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Yaqub Mahmudov"Ön söz"də qeyd edib ki, Dərbəndin XIX-XX əsrin əvvəlləri tarixinin daha dərindən araşdırılması Azərbaycan milli tarix elmi qarşısında duran mühüm vəzifələrdən biridir: "Məhz bu baxımdan Asəf Hacıyevin itirilmiş tarixi torpaqlarımızdan olan Dərbəndin tarixinə həsr etdiyi monoqrafiya tarixşünaslığımızda mühüm və uğurlu addımdır. Monoqrafiya yazılarkən düzgün elmi struktur müəyyən edilib. Dərbənd şəhərinin Rusiya imperiyası tərəfindən işğalı və Çar Rusiyasının hakimiyyəti altında olduğu dövrün tarixini-1806-1917-ci illəri əhatə edən monoqrafiyada Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq Rusiya işğalı dövründə Dərbəndin şəhər əhalisi kompleks şəkildə tarixi-demoqrafik tədqiqat obyektinə çevrilib.
... "Dərbənd şəhəri XIX-XX əsrin əvvəllərində" adlı birinci fəsildə şəhərin XIX-XX əsr tarixi ilə yanaşı, onun adı və salınması barədə geniş məlumat verən müəllif, həmçinin Dərbəndin inzibati baxımdan mənsubiyyəti məsələsinə də toxunub. Düzgün olaraq Rusiya işğalına qədər Dərbəndin Azərbaycan dövlətçiliyinə aid olduğunu göstərən tarixi mərhələlərə bölüb.
Monoqrafiyanın "Əhalinin say dinamikası, yerləşməsi və tərkibi" adlı ikinci fəslində Dərbənd şəhərinin əhalisinin say dinamikası müəyyənləşdirilib. Müəllif bu fəsildə düzgün olaraq Dərbəndin aborigen əhalisinin yalnız Azərbaycan türklərindən ibarət olduğunu qeyd edib.
"Demoqrafik proseslər və miqrasiya" adlı üçüncü fəslində əhalinin təbii hərəkəti anlayışı-nikah, doğum, ölüm və əhalinin yeniləşməsi kimi mühüm göstəricilərə xüsusi diqqət yetirilir.
Tədqiqatın sonuncu "Əhalinin sosial-iqtisadi xarakteristikası" adlı dördüncü fəslində isə Dərbənd əhalisinin əsas məşğuliyyəti olan əkinçilik, heyvandarlıq, ticarət və sənətkarlığın müxtəlif növləri araşdırılıb".
Akademik Yaqub Mahmudov kitab üzərində çalışarkən Asəf Hacıyevin əsl alim və vətəndaşlıq
mövqeyi göstərərək Rusiya Federasiyasının müxtəlif arxivlərindəki nadir sənədlərdən bacarıqla istifadə etdiyini xüsusi vurğulayıb: "Monoqrafiyanın ən uğurlu cəhəti bu mühüm tədqiqat işində arxiv materiallarından, xüsusi ilə Azərbaycan Respublikası Milli Dövlət Arxivinin, Mahaçqala Mərkəzi Dövlət Arxivinin, Rusiya Xarici Siyasət Arxivinin, Rusiya Dövlət Hərbi Tarix Arxivinin və Rusiya Dövlət Qədim Sənədlər Arxivinin sənədlərindən geniş istifadə olunmasıdır. Müəllif, həmçinin monoqrafiyanın "Əlavələr" hissəsində "Azərbaycan Tarixi Atlası"na istinad edərək (e.ə. IV əsrdən-XX əsrin əvvəllərinədək) 17 xəritə verib ki, bu da Dərbənd şəhərinin Rusiya işğalına qədərki uzun tarixi dövr ərzində Azərbaycanın sərhədləri çərçivəsində olduğunu bir daha sübut edir.
Asəf Hacıyev formalaşmasına uzun illər ərzində əmək sərf etdiyim Azərbaycanın itirilmiş torpaqlarının tarixini araşdıran elmi məktəbin ən istedadlı nümayəndələrindən biridir. O, bu mövzuda maraqlı tədqiqat işləri aparıb, tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün uğurla dissertasiya müdafiə edib. İstedadlı yetirmələrimdən biri olan Asəf Hacıyevin "Dərbənd XIX-XX əsrin əvvəllərində adlı monoqrafiyasını Dərbənd tarixinin araşdırılması sahəsində tarixşünaslığımızın mühüm uğuru hesab edirəm".
AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunan kitabın rəyçiləri tarix elmləri doktoru, professor Kərim Şükürov və tarix üzrə fəlsəfə doktoru, dosent Mehman Abdullayevdir.
Müəllif kitabı atası Adil Ələkbər oğlu Hacıyevin xatirəsinə ithaf edib.
Etibar CƏBRAYILOĞLU.