Tanınmış jurnalist Aydın Canıyev Daxili İşlər naziri general-polkovnik Ramil Usubova və Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasova müraciət edib.
"AzerTaym.az" BakuPost-a istinadən xəbər verir ki, jurnalist müraciətində həyatının təhlükədə olduğunu bildirib.
O, məlumatında qeyd edir ki, özünü polis kimi təqdim edən Ramin adlı şəxs onu və övladlarını ölümlə hədələyir, başına şəxsiyyətini alçaldacaq oyunlar açacağı ilə hədələyir: "Bu adam Azərbaycan əxlaqına, adət-ənənələrinə, kişiliyinə tüpürmüş biri olmaqla bərabər, həm də polis mundirini alçaldan məsuliyyətsiz biridir. Bunlar bir yana, bu adamın düşüncəsində və əxlaqında qanunların varlığına tüpürmək cəsarəti haracan desən var.
11 dekabr 2017-ci ildə gecə saat 03.00-04.00 radələrində həm sosial şəbəkədə mesaj bölümündə, həm də mobil telefonda həyatda heç vaxt görmədiyim, heç bir şəxsi qərəzim olmayan, heç bir halda kəsişmə nöqtəmiz olmayan Rahib adlı polis (həqiqətən də bu adamın adı Rahibdir və internet resurslarda nömrəsi axtarışa verilərkən adı elə də çıxır: "Rahib Polis") məni və ailə üzvümü cinsi zorakılığa məruz qoyacağını bəyan etdikdə ilk olaraq onun mobil telefonuna mesaj yazıb Daxili Təhqiqat İdarəsinin onunla məşğul olacağıyla xəbərdar etdim. Hədələrini, təhqirlərini, aşağılayıcı ifadələrini, zorakılıq bəyanatlarını daha da artırdıqda isə 35 (otuz beş!!!) dəfə ona anlaşmaq üçün zəng etdim və son sözü bu oldu: "dalını dağıdaram".
Gündüz DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovun nömrəsini tapıb ona zəng etdim. Təxminən dörd dəqiqəlik danışığımız zamanı vəziyyəti izah etdim. Mənə 102 xidmətinə zəng vurmağın doğru yol olduğunu bildirdi. 102 xidmətinə zəng vurdum. 10 dəqiqə sonra +994557150349 nömrəli telefondan zəng olunaraq Yasamaldakı 28-ci bölməyə dəvət olundum. Getdim. İzah elədim. Ərizə aldılar. Bir həftə keçdi, xəbər olmadı. Yenə getdim. Bildirdilər ki, 15 günə cavab veriləcək - şifahi və yaxud yazılı. Yenə cavab verilmədi. Dekabrın 27-də, yəni vətəndaşların ərizə və şikayətlərinə 15 iş günü müddətində baxılması təlimatına uyğun olaraq, yenidən növbətçi hissəyə müraciət etdim. Ki... rəis, nə oldu, 15 iş günü də keçdi, alınmır??? Bu dəfə məni kirayə qaldığım sahə üzrə cavabdeh polis kapitanı Ərəstun Qurbanovla calaşdırdılar. O da bir həftə sonra məndən izahat aldı.
Artıq bir aydan artıqdır ki, mənə heç şifahi şəkildə də bildirilməyib ki, kimdir bu Rahib, harada işləyir, soyadı nədir. Mən sadəcə bu adamın kimliyini ona görə bilmək istəyirdim ki, görüm doğrudanmı bu Rahib polis "hacıməmmədovluq" gücündədi ya yox! Və... Rahib polisə telefonda kimliyimi bildirdiyim kimi, Ərəstun Qurbanova da ətraflı məlumat vermişəm, tərcümeyi-halımı danışmışam, Rahiblə yazışmanı oxutmuşam və üstündən yenə də bir həftə keçib. Reaksiya sıfır”.
Jurnalist bildirib ki, hər an şərlənə və böhtana məruz qala bilər. Ona görə də bu işin nəzarətə götürülməsini xahiş edib.