Millət üçün QƏNİMƏT ADAM - Qarabağ dərdini bölüşməyə üz tutduğumuz KİŞİ...

Özlərini həmişə böyük şəxsiyyətləri tənqid etməklə gündəmə gəlmək istəyənlər bir neçə il əvvəl yenə “iş başında idilər” və hədəflərdən biri də Rafiq Əliyev idi.
Kobud ifadələr işlətməkdən belə çəkinməyənlərə cavablar verildi, amma Rafiq Əliyev yazılanların heç birinə cavab vermədi və indi də hərdən onu hədəf seçənlərə cavab vermir. O zaman cavab verənlərdən biri də mən idim və yazımda belə bir ifadə işlətmişdim: “Rafiq Əliyev kimi alimlə, şəxsiyyətlə bir dövrdə yaşamağınızdan, hətta şəxsən tanıdığınızdan indi də, gələcəkdə də qürur  duyacaq, fəxr edəcəksiniz. O, bu millət üçün qənimət adamdır”. 
Bu gün qənimət adam-böyük alim və şəxsiyyət Rafiq Əliyevin doğum günüdür. Şükr edirik ki, xalqımızın bu parlaq zəka və dünyaca şöhrət sahibi bu gün də bizimlədir, yaşayır, yaradır. 
Əsrlərdən, nəsildən, kökdən və dogma Qarabağından gələn bir əsilzadəliklə, təvazökarlıqla bir neçə gün əvvəl 76-cı kitabını da adi bir hadisə  kimi təqdim etdi. Ramiz Rövşən demişkən, ”həm də necə kitablar”. Rafiq Əliyev Azərbaycanın dünya elminə bu günədək bəxş etdiyi Nəsirəddin Tusi, Azad Mirzəcanzadə, Xudu Məmmədov kimi böyük alimlərdən biridir.
Rafiq müəllim böyük alimdir, amma onu daha da böyük edən şəxsiyyətidir. Rafiq müəllim bir tərbiyə mücəssəməsidir. Yaşından asılı olmayaraq hamı ilə “Siz”lə danışan, onu tərifləyəndə isə, mövzunu dəyişməyə çalışan, sadədən də sadə görünən böyük alim, böyük şəxsiyyətin 76 yaşını təbrik edir və sevinirik: nə yaxşı ki, millətimizin tarixinin asan olmayan bir dövründə tək-tək sayıla biləcək işıqlı şəxslərin ön cərgəsində duran, Qarabağ dərdini bölüşməyə, çıxış yollarını aramağa üz tutduğumuz bir KİŞİ var. 
 
İlham İsmayıl






Fikirlər