“Bu kitabları oxu” - “Allaha, insana yaxın olmaq istəyirsinizsə...” - Rafiq Əliyevin təklif etdiyi KİTABLAR
“Allaha yaxın olmaq istəyirsinizsə, Mövlanə Cəlaləddin Rumini oxuyun. İnsana yaxın olmaq istəyirsinizsə, Fyodor Dostoyevskini oxuyun”.
R.Əliyev deyir ki, yazıçının, ümumiyyətlə, bədii ədəbiyyatın böyüklüyü ondadır ki, müəllif zəmanəni ən azı 50-100 il qabaqlaya bilir.
“Bu səbəbdən də mənim ən çox sevdiyim yazıçılardan biri Çingiz Aytmatovdur. Onun “Əsrdən uzun gün” romanını 4 dəfə oxumuşam. Düzdür, romanın adının tərcüməsi bir az başqa cürdür. Amma müxtəlif dövrlərdə gedən prosesləri bir-birinə calamaq, ondan nəticə çıxarmaq o əsərdə çox gözəl həllini tapıb. Məsələn, radio insan və başqa obrazlar çox diqqətçəkicidir. O, Manqurt obrazını da “Manas”dan təsirlənərək yaradıb. Onun “Edam kötüyü” əsərində də belə yeniliklər var. Bu cəhdləri Markesdə də görmək olar.
Aytmatov “Edam köyütü”yündə özündən mif düzəldib: altı və yeddinci. Orada göstərir ki, əgər altı gücrü və yeddinci cinayətkar gürcü şərab içəcəklərsə, onlar mütləq bir yerdə gürcü dilində xor oxuyacaqlar. Bu, əslində çox ciddi mesajdır. İnsanların bir olma bacarığını, öz kökünə qayıda bilmək xüsusiyyətini qeyd edir.
Üzeyir bəyin Azərbaycan musiqinə həsr etdiyi və 1946-cı ildə çap olunan “Azərbaycan musiqi nəzəriyyəsi” kitabında yazılıb ki, Azərbaycan musiqisində çoxsəslilik yoxdur. Yəni kilsə musiqisi yoxdur, xor oxuya bilmirik, birgə oxuya bilmirik. Amma görün Aytmatov nə yazıb: xor oxumaq lazımdır. Xor millətin birliyini göstərir”.
Rafiq Əliyev Bəxtiyar Vahabzadə və Ramiz Rövşəni də oxumağı da məsləhət görür:
“Sizinlə söhbətlərdə və başqa yerdə də Bəxtiyar müəllim haqqında çox danışmışam. Bu yaxınlarda onun haqqında geniş yazım da çıxdı. Həmişə demişəm ki, mənim üçün Bəxtiyar müəllim türk dünyasının böyük şairilərindən biridir. Bunu rəhmətlik Bəxtiyar müəllimlə dost olduğum üçün demirəm, poeziyasından çıxış edərək deyirəm.
Gecə-gündüz oxuduğum və hətta kiçik nəvələrimin də şeirlərini əzbərlədiyi şair Ramiz Rövşəndir. Onun böyüklüyü odur ki, Azərbaycan poeziyasına hələ sovet dönəmimdə ölüm və Allah mövzularını gətirə bildi. Onun təfəkkürü metafizik təfəkkürdür. O, metafizik şairdir. Göylərdə əlləşən, yerlə göy arasında olan şairdir. Onun bir şeiri var:
Nə var allahdan yuxarı?
Nə var qəbirdən aşağı?
Bildiyim sirdən yuxarı
Çəkdiyim ahdan aşağı?
Demə ki, biz qul deyilik
Allaha tanış deyilik
Ruhum dur yığış gedirik
Sən yuxarı mən aşağı
Mən Ramizi şair kimi son dərəcə çox sevirəm və onun “Nəfəs kitabı”nı hər gün mütaliə edirəm. Gənclərə də, oxuculara da məsləhət görərdim ki, “Nəfəs kitabı”nı oxusunlar. O insanın təfəkkürünü çox dəyişər”.