Azərbaycanda daha bir PULLU SAHƏ: “Eləsi var ilə 25-30 min QAZANIR…”

Azərbaycanda kənd təsərrüfatının inkişafının prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş  istiqamətlərindən biri də sitrusçuluğun dirçəldilməsi, sitrus meyvələrinin istehsalının və ixracının artırılmasıdır.

Bəllidir ki, cənub bölgəsində  əksər ailələrin dolanışığı  sitrus və subtropik meyvə satışından çıxır. Bu sahəyə dövlət tərəfindən diqqətin artırılmasının nəticəsi olaraq ötən il məhsul bol olub, amma bazar qiymətləri fermer və kəndliləri  narazı salıb. Xarici ölkələrdən gətirilən məhsullar keyfiyyətinə görə  nisbətən ucuzdur, fermerlər də məcburiyyət qarşısında qiymətləri aşağı salırlar.

Amma bu ildən sitrus meyvəçiliklə məşğul olanlara müəyyən güzəştlər nəzərdə tutulub, əsas hədəf yerli istehsalın genişləndirilməsi sayəsində idxalın azaldılmasıdır.

Virtualaz.org saytı xatırladır ki, Azərbaycanda sitrus meyvəçiliyinin inkişafına dair prezidentin bu günlərdə- fevralın 13-də təsdiqlədiyi 2018–2025-ci illər üçün Dövlət Proqramında istehsalının 100  min tona çatdırılması nəzərdə tutulur. Prezident İlham Əliyev ötən il Lənkəranda keçirilən regional müşavirədə  yerli istehsalın artırılması hesabına xaricə valyuta axınının qarşısını almaq üçün icra orqanlarına konkret tapşırıqlar verib. Hədəflərdən biri də  sitrus meyvə bağlarının artırılması, yerli əhali üçün iş yerlərinin yaradılmasıdır.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, ötən il sitrus meyvələrinin istehsalı 2,2 dəfə artıb. Nazirliyin bitkiçilik şöbəsinin rəhbəri İmran Cümşüdov virtualaz.org saytına deyib ki, yola saldığımız ildə 42,8 min ton meyvə istehsal edilib. Sitrus bağlarının ümumi sahəsi isə 2010-cu illə müqayisədə 1,9 dəfə artaraq 3191,2 hektar olub.  

Lənkəran limonu 1 manata , Ordubad limonu 8-15 manata

Hazırda ölkə əhalisinin sitrus meyvələrinə olan təlabatının bir hissəsi  idxal hesabına ödənilir. Ötən il Azərbaycana 19 milyon dollar dəyərində 30,6 min ton sitrus meyvələri gətirilib. Cümşüdov əlavə edib ki,  xaricdən 12, 6 min ton portağal, 11,9 min ton limon, 4,6 min ton naringi, 1,5 min ton qreypfrut və digər sitrus meyvələri alınıb.

Yerli məhsullar idxal məhsullarına nisbətən keyfiyyətli hesab edilir, buna görə də qiymət fərqi böyükdür. Məsələn, hazırda Bakı bazarlarında İrandan gətirilən limonun 1 ədədi 25-40 qəpik olduğu halda  Lənkəran limonunun ədədi 1 manata, Ordubad limonu isə 8-15 manata satılır.

Yerli naringi, portağal və ya kivinin qiyməti isə növünə və keyfiyyətinə görə dəyişir. Şöbə müdiri hesab edir ki, Azərbaycan məhsulları ekoloji baxımından təmiz və keyfiyyətinə görə dəfələrlə üstündür.  Ordubad limonu başqa rayonlarda becərilsə belə həmin dadı, ətri vermir, tərkibini C vitamini, kalsium, maqneziumla zəngindir. “Fermerlər xaricdən müxtəlif meyvə sortları gətirirlər. Amma bəzən həmin sortlar yerli mühitə uyğunlaşmır, xəstəlik və ziyanvericilərə qarşı dözümsüz olur, nəticədə fermer ziyana düşür. Yerli sortlar isə xəstəliklərə dözümlüdür, tərkibindəki vitaminlərə görə tam fərqlidir. Buna görə də keyfiyyətli sortların çoxalması üzərində iş gedir”, -Cümşüdov söyləyib.

“İndi çoxu hallabonq əkir…”

Ötən ildən Lənkəran və Astarada hallabonq meyvəsinə maraq artıb.  Cənubi Koreyadan gətirilən bu meyvənin  dadı, görünüşü və məhsuldarlığı yerli sortlardan fərqlənir.

Kənd Təsərrüfatı Nazirliyindən deyirlər ki, hallabonq digər sitrus meyvələrindən fərqli olaraq ildə bir neçə dəfə çiçək açır, məhsuldarlığı yüksəkdir. Məsələn, 1 hektar bağdan 35-45 ton meyvə yığmaq olar. “Elə fermer var ki, 5 hektar, 10 hektar ərazidə hallabonq əkib, yaxşı da məhsul götürüb”, nazirlikdən əlavə ediblər.

Dərhal 700 hektar bağ salınıb!

İlham Əliyev sitrus meyvə bağlarının artırılması ilə bağlı tapşırıq verəndən dərhal sonra Astarada 700 hektara yaxın meyvə bağı salınıb. Astara rayon kənd təsərrüfatı idarəsinin rəisi Etibar Abbasov virtualaz.org saytına deyib ki, hazırda rayonda 3116 hektar sahədə sitrus meyvələri əkilir. “Bu il şaxtaya dözümlü yeni meyvə sortları alınıb. İndi rayonda əksər ailələr bu sahədən dolanır, qazancları da yaxşıdır”, -Abbasov söyləyib.

İdarə rəisi deyir ki, fermerlər alıcı tapmaqda çətinlik çəkmirlər: Hətta sitrus meyvələrinin  istehsalından ildə 25-30 min manat qazanc əldə edən ailələr var:  “Yerli limonu 40-50 qəpik,  narıngi, portağal 1 manat 50 qəpik, kinkan 5-7 manata təklif edilir. Elə ailələr var, ilboyu limon istehsal edir, yaxşı da qazanc götürür”.

Yalnız meyvədən deyil, ağac tingləri yetişdirənlərin də qazancları yaxşıdır: “Məsələn, ötən il Lənkərandan 10 min limon tingi istədilər.  Bu sahə ilə məşğul olan fermerlər 10-15 min manat qazanc götürdülər”.

“Əziyyətin bəhrəsini görürük, amma…”

Adını söyləmək istəməyən fermer isə deyir ki, yetişdirdikləri meyvələrə alıcı tapmaq çətin deyil, Rusiya bazarında da Azərbaycanın sitrus meyvələrinə həmişə təlabat var. “Bizim məhsulları qapıdan alırlar. Ötən il tək narıngi və portağaldan 15 min manat qazancımız oldu. Amma baxırıq ki, Bakı bazarlarında Türkiyədən gətirilən  limon, narıngi və portağalı yerli məhsul adı ilə satırlar. Şəhərdə yaşayanları aldatmaq asandır, biz meyvənin görünüşündən, qabığından tanıyırıq. Ruslar Azərbaycan məhsulunu dadına, ətrinə görə tanıyır”,-fermer deyir.

Həmsöhbətimiz bildirir ki, yerli istehsal artırılandan sonra bazarlarda təmiz, keyfiyyətli məhsullar satılaacq, həm də xarici bazarlara çıxışla ölkəyə valyuta gələcək. Fermerin fikrincə, əsas məsələ sitrus ağaclarını yetişdirməyin əziyyətinə qatlaşmaqdır, ağacları şaxtadan, quraqlıqdan qorumaq lazımdır.

“Ötən il zərərvericilərlə mübarizədə çətinlik çəkdik. Bu il isə hərtərəfli dəstək verəcəklərini dedilər. Elə olarsa məhsul da bol, qiymət isə ucuz olacaq. Qapısında meyvə əkən kəndli də yaxşı qazanc götürəcək”-fermer əlavə edir.

Hazırda dövlət tərəfindən sitrus meyvələrinin istehsalı ilə məşğul olan fermerlərə hər hektar əraziyə görə yanacaq və motor yağlarına görə 50 manat subsidiya ödənilir. Üstəlik, gübrələr 70 faiz güzəştlə, texnika isə lizinq yolu satılır. Dövlət Proqramında isə sitrusçuluğun inkişafı üçün konkret hədəflər müəyyənləşdirilib. Bu sahəyə investorların cəlb edilməsi, kadr potensialının gücləndirilməsi, ixracın dəstəklənməsi, sitrus meyvəçiliyi sahəsində fəaliyyət göstərən kiçik ailə kəndli və fermer təsərrüfatlarının könüllülük əsasında kooperasiyasının təşviqi nəzərdə tutulub. Sitrusçuluq sahəsində sığorta mexanizminin yaradılması, su təminatının yaxşılaşdırılması da qarşıya qoyulan vəzifələrdən biridir.

Virtualaz.org

 

 






Fikirlər