AMEA-nın ZOOLOGİYA İnstitutunda direktorla İŞÇİLƏR ARASINDA qalmaqal – KİM HAQLIDIR....

Direktor müavini Elşad Əhmədov: “Direktor haqda deyilənlər doğru deyil, onun təyinatına qədər institutda özbaşınalıq idi”

Azərbaycan Milli Elmlər Akademiyasının  Zoologiya İnstitutunun bir qrup işçisi direktor Elman Yusifovun fəaliyyəti ilə bağlı mətbuata açıq məktub yazıb.

Məktubda deyilir: “Fizika-riyaziyyat elmləri namizədi Elman Yusifov instituta rəhbərlik etdiyi 2 il müddətində elmi-tədqiqat işlərinin aparılmasına imkan verməyib, laboratoriya avadanlıqlarını, illərlə toplanmış kolleksiya materiallarını, kitabxana və laboratoriyalarda olan elmi ədəbiyyatları məhv edib. Elmi əməkdaşların əldə etdikləri elmi nəticələri əhəmiyyətsiz hesab edib, İnstitutun əsas fəaliyyətini yalançı biznesə, qanunsuz sahibkarlıq fəaliyyətinə yönəldib. Bundan əlavə, E.Yusifov institutda keçirilən iclaslarda dəfələrlə əməkdaşları nalayiq ifadələrlə (sizi xışa qoşmaq lazımdır, siz hamınız debilsiniz, sizdən adam olmaz, siz mənəvi kaftarlarsınız, siz dişi tökülmüş kaftarlarsınız, elmi şuranın yaşlı üzvləri hamısı xrendir, siz bostan müqəvvalarısınız, sizin aranızda zoofillər, pedofillər, anonistlər var, hələ yoxlamaq lazımdır yəqin ki, nekrofillər də var, sizdəki beyin yox peyindir və s.) təhqir edir. E.Yusifov deyir ki, ”Mən öyrənmişəm ki, institutda namaz qılanlar var. Bu nədir? Namaz qılanlar getsinlər Allahşükürün idarəsinə, orada işləsinlər, bura onların yeri deyil". Halbuki şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə hər hansı maneə törədilə bilməz. Bundan başqa, E.Yusifov direktorun otağında keçirilən dini ədəbiyyatla bağlı iclasdakı çıxışında Azərbaycan xalqının 70 faizini debil adlandırıb. Elmi-tədqiqat işləri üçün ayrılmış vəsaitlərin təyinatını dəyişərək sonradan onların müəyyən hissəsini mənimsəyib. İnstitut əməkdaşlarını yaşlı-cavan, yeni və köhnə işçilərə ayırmaqla onları qarşı-qarşıya qoyub. Direktorun qanunazidd hərəkətləri haqqında institutun bir qrup elmi əməkdaşı (9 elmlər doktoru, 12 fəlsəfə doktoru) AMEA rəhbərliyinə müraciət ediblər. AMEA prezidentinin, Biologiya və Tibb Elmləri Bölməsinin rəhbərliyinin tapşırığına əsasən şikayət xarakterli məlumatların araşdırılması məqsədilə İnstituta nümayəndə göndərilib. Kollektiv və institut rəhbərliyinin iştirakı ilə iclas keçirilib və qərara alınıb ki, bundan sonra bütün konfliktlərə son qoyulacaq, institut əməkdaşlarının fəaliyyəti üçün sağlam mühit yaradılacaq. Lakin AMEA-dan göndərilmiş nümayəndə institutu tərk edən kimi direktor E.Yusifov əməkdaşları bir-bir otağına dəvət edərək onları təhdid edib. Növbəti gün isə direktorun tapşırığı ilə daha bir laboratoriya otağı dağıdılıb, otaqda olan avadanlıqlar, reaktivlər, nümunələr və s. kompüter otağına və dəhlizə yığılıb...

Biz elmi-tədqiqat işi ilə məşğul oluruq, bizdən əvvəlki tədqiqatçıların və bizim illərlə əziyyətlə yığdığımız kolleksiya materiallarının, laboratoriyaların, onlarda olan avadanlıqların dağıdılmasının əlehinəyik. Yusifovun vəzifə səlahiyyətlərini aşmasını, 80 illik şərəfli tarixi olan institutun əməkdaşlarını təhqir və təhdid etməsini, dövlət vəsaitlərini mənimsəməsini, dövlət əmlakını dağıtmasını, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını, bir sözlə, elmə, alim adına yaraşmayan fəaliyyətlərini qəbul etmirik. Ölkə prezidenti, cənab İlham Əliyev dəfələrlə çıxışlarında bildirib ki, mən məmurları vəzifəyə ona görə təyin etməmişəm ki, onlar gedib insanları incitsinlər...  Görünür, Zoologiya İnstitutunun direktoru E.Yusifov ya deyilənləri eşitməyib, ya da eşitmək istəmir..."

direktor müavini Elşad Əhmədov ile ilgili görsel sonucu

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrəndik. Zoologiya İnstitunun elmi işlər üzrə direktor müavini Elşad Əhmədov deyib ki, ittihamlar əsassızdır: “Elman Yusifovun Zoologiya İnstituna təyinatına qədər institutda özbaşınalıq idi, kim nə vaxt istəyirdi gəlirdi, gedirdi. İndi isə iş vaxtı rejimlədir. 9-da iş başlayır, 5-də bitir. Bu isə bəzi işçilərin xoşuna gəlmir. İşçilərdən tələb olunur ki, gördükləri işlərlə bağlı hesabat versinlər, təhiqiqat işləri ilə məşğul olsunlar. Bu adamlar da belə qaydalara görə bu şəkildə əsassız ittihamlarla çıxış edirlər”.

Elşad Əhmədov bildirib ki, institut rəhbərliyi dəyişəndən sonra elmi tədqiqat işləri aparılmağa başlayıb, 80 yaşlı institutda respublika səviyyəsində qəbul edilən tədqiqatlar aparılmaqdadır: “Yazırlar ki, guya hansısa ekspertizalar zamanı istifadə edilən mal-materiallar mənimsənilib. Belə şey yoxdur. Mükafatlarla bağlı ayrı-seçkilik aparıldığını yazırlar. Bəli, institutun işçilərinə mükafatlar fərqli verilir. O kəslər ki, tədqiqatlar aparıblar və nəticələr əldə ediblər, onlara əmək haqqının 10, 12, 20 faizi həcmində mükafat verilir. Əvvəllər isə belə deyildi, mükafat hamıya eyni verilirdi. Bu isə elmi tədqiqat işlərinin aparılmasını stimullaşdıran siyasət deyildi. İndi kimlər ki, əziyyət çəkib elmi tədqiqat işləri aparır, onların mükafatları fərqli verilir, stimul yaradılır. Bunu ayrı-seçkilik kimi təqdim etmək doğru deyil”.

E.Əhmədov deyir ki, institutun təcrübə dayaq məntəqələri dirçəldilib. Fındıqçılığın, pambıqçılığın, baramaçılığın, tingçiliyin, tərəvəzçiliyin problemləri ilə bağlı tədqiqatlar aparılır: “Bunları görməzdən gəlmək, üzərinə kölgə salmaq  ədalətsizlikdir”.






Fikirlər