“Əli İnsanov Qərbi azərbaycanıların adından danışa bilməz!” - Fəzail Ağamalı sabiq nazirə CAVAB VERDİ

Ölkə Prezidentinin 16 mart 2019-cu il tarixli əfv sərəncamı  ilə azadlığa çıxan sabiq səhiyyə naziri Əli İnsanov iddialı bəyanatlar səsləndirib. O, Azərbaycandan çıxıb gedəcəyi barədə deyilənləri təkzib edib və siyasətlə məşğul olacağını vurğulayıb.
Əli İnsanovun uzun həbsxana məhkumluğundan sonra azadlığa çıxması onunla bağlı bir sıra iddiaları da gündəmə gətirib. Məsələn, eks-nazirin partiya yaradacağı, Qərbi azərbaycanlıların lideri olması ilə bağlı iddialar da bu sıradandır. 
"AzerTaym.az" bildirir ki,əslən Qərbi Azərbaycandan olan deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Modern.az-a açıqlamasında bu məsələdn danışıb.
Deputat öncə ölkə Prezidentinin humanizmə, mərhəmətə, və lütfükarlığa söykənən növbəti addımını yüksək qiymətləndirib, əfv sərəncamının yüzlərlə ailəyə sevinc gətirdiyini vurğulayıb:

 “Bu əziz bayram ərəfəsində mən də çox şadam ki, məhkumlar öz ailələrinə qovuşdular, azadlığa çıxdılar. Ölkə başçısının bu addımını yüksək qiymətləndirirəm, əminəm ki, belə sərəncamların ardı gələcək”.

F.Ağamalı bildirib ki, azadlığa çıxan bir çox məhkum əfv olunmalarına görə ölkə başçısına təşəkkür edib və söz veriblər ki, bundan sonra layiqli vətəndaş olacaqlar.  F.Ağamalı Əli İnsanovu təşəkkürü başqa səmtə yönləndirməsini belə şərh edib:

“Özünün də cilovlaya bilmədiyi emosiya ilə fikir bildirən Əli İnsanov - baxmayaraq ki, ölkə prezidentinin lütfkarlığı, mərhəməti və imzası ilə azadlığa çıxıb – təşəkkürü  Amerikaya, Avropaya istiqamətləndirdi. 
Guya onların təzyiqi ilə Prezident belə bir addım atıb, onu əfv edib. Bu kökündən yanlışdır. Hətta dünyanın aparıcı dövlətlərinin liderləri də yaxşı bilirlər və qəbul edirlər ki, ölkə Prezidenti İlham Əliyevə təzyiq formasında hər hansı bir bir fikri çatdırmaq, onun təzyiqlə yerinə yetirməsini tələb etmək, fikrini dəyişmək mümkün deyil. 
Prezidentimiz qətiyyətli, iradəli, öz müstəqil fikri olan və bu müstəqil fikrində kifayət qədər ədalətli mövqe nümayiş etdirən dövlət xadimidir, bunu bütün dünya bilir. 
Əli İnsanov da İlham Əliyevi yaxşı tanıyır və mən xatırlayıram ki, vaxtilə o, Prezidentlə görüşəndə tamamilə başqa görkəm alırdı, az qala onun qarşısında baş əyirdi. 
Əli İnsanov öz əməllərinə görə həbsə düşdü, mən də arzulamazdım ki, o, həbsxanaya düşsün. Ancaq özü əməlləri ilə 2005-ci ildə “hakimiyyəti zorla keçirmək layihəsi” içərisində yer alıbsa, buna görə ona heç kim “sağ ol” deməli deyildi. Cəzasını aldı, indi çıxıb. 
Azərbaycan müstəqil dövlətdir, demokratik ölkədir, burada hər bir vətəndaşın seçim hüququ var. Kimsə siyasi partiya yaratmaq istəyirsə, yarada bilər, kimsə hansısa  siyasi partiyaya getmək istəyirsə, gedə bilər. Əli İnsanov da Azərbaycanın vətəndaşıdır, o seçimində müstəqildir, istədiyi peşə ilə məşğul ola bilər. Azərbaycanın Konstitusiyası da bunun üçün şərait yaradır. Hamı bilməlidir ki, Azərbaycanda hər şey qanunlarla idarə olunur, heç kim hədə-qorxu ilə, hirs-hikkə ilə Azərbaycan iqtidarına, Azərbaycan xalqına öz iradəsini tabe etdirə bilməz. Bu baxımdan da Əli İnsanov da istisnalıq təşkil etmir”.

Qərbi azərbaycanlıların Əli İnsanovu özlərinə lider seçməsi ilə bağlı iddialardan danışan Fəzail Ağamalı deyib ki, o, sadəcə olaraq keçmiş səhiyyə naziri kimi və Yeni Azərbaycan Partiyasının keçmiş funksioneri kimi kimi yaddaşlarda qalıb:

 “Bundan o tərəfə onun adının, soyadının qarşısına nəsə əlavə etməyə ehtiyac yoxdu.  Əli İnsanov Qərbi azərbaycanıları ətrafına yığacaq bir potensialda deyil, ola da bilməz. Əgər o xəyallarla yaşayırsa, o xəyalların həyata keçirilməsi üçün heç bir əsas yoxdu. Ola bilsin ki, o, özünün yaxın qohumlarını, məhdud sayda tanışlarını toplayıb bir partiya yarada bilər. Yaratsın görək, bu partiya hansı gücə malikdir. Ancaq  birmənalı şəkildə heç kimə mandat verilməyib ki, Qərbi azərbaycanlıların adından danışsın. Bu mandat yalnız ölkə başçısına aiddir. Qərbi azərbaycanlıların əksəriyyəti bu gün cənab Prezidentin yandındadır, onu hər zaman dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Buna heç kimin şübhəsi olmasın”.






Fikirlər