MTN ƏMƏLİYYATINA BƏYLƏR ƏYYUBOV RƏHBƏRLİK EDİB – O, nazirin kabinetində oturur
Ölkə başçısı İlham Əliyevin şəxsi mühafizə xidmətinin rəisi, general-polkovnik Bəylər Əyyubov hazırda MTN-dədir və bu qurum ətrafında baş verənlərə şəxsən nəzarət edir. Bu barədə məlumatı azadlıq.info hakimiyyətdəki mənbəsinə istinadən verir. Məlumata görə, MTN-nin sabiq şefi vəzifəsindən azad olunandan dərhal sonra nazirlikdə aparılan əməliyyata da Bəylər Əyyubov rəhbərlik edib. Qeyd edək ki, əməliyyatı Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) keçirib. Bəylər Əyyubov həm də bu qurumun rəis müavinidir. Mənbənin sözlərinə görə, əməliyyatdan sonra da Bəylər Əyyubov MTN binasını tərk etməyib. O, nazirin kabinetində oturaraq vəziyyətə nəzarət edir. Mənbə Bəylər Əyyubova belə bir səlahiyyətin verilməsini Prezidentin ona inamı ilə bağlayıb.